Əli Kərimov İsa Qəmbərovdan son qisasını alır
Son günlər Müsavat partiyası daxilində süni sakitliyin hökm sürməsi müşahidə edilməkdədir. Sanki bu siyasi təşkilatın "qurbağa gölünə" daş atılıb və hər kəsin səsi batıb. Lakin siyasi müşahidəçilər, önə sürülən proqnozlar bu sakitliyin müvəqqəti xarakter daşıdığını hesab edirlər. Eyni zamanda, adıçəkilən partiya ilə onun düşərgə daxilində əzəli və qatı rəqibi olan AXCP (i) arasında da müəyyən hadisələrin baş verməsi qaçılmaz hal alıb. Qeyd edək ki, bu partiyalar "İctimai Palata" adlı qondarma qurum daxilində müttəfiq olsalar da, aralarında daimi düşmənçilik mövcud olub. Daha dəqiq desək, AXCP (i) hazırda tam qətiyyətlə 2000-ci ilin qisasını almaq, Müsavatı dağıtmaq, ən azından isə həmin siyasi təşkilatı ikiyə bölmək niyyətindədir. "Cəbhəçilər" bu məsələ ətrafında bir sıra qalibiyyətlər də əldə ediblər. Belə ki, hələ 2005-ci ildə baş tutmuş parlament seçkilərindən sonra Müsavat partiyasından istefa verənlərin böyük əksəriyyəti planlı şəkildə AXCP (i)-nin, yəni Əli Kərimovun "qırmağına" ilişdi. AXCP (i) bilavasitə Müsavat qarşısında oyun oynadı, bu təşkilat qarşısında müəyyən xidmətləri olan bir neçə tanınmış insan vahid namizədlər siyahısında qeydə alınmadı. Başqan İsa Qəmbərov isə onların qarşılaşdığı problemləri həll etməkdən məhrum oldu və bu şəxslər Müsavatdan istefaya getdilər. İ.Qəmbərovu dalana dirəmə kampaniyası 2006 və 2007-ci illərdə də öz ardıcıllığı ilə davam etdi. Müsavatın yerdə qalan başbilənləri Qəmbərova Müsavatı hər vəhclə qorumaq üçün dağıdıcı "Yurdçu"lardan uzaq olmağı məsləhət gördülər və nəticədə deformasiyaya uğramış təşkilat bir müddət AXCP (i)-dən uzaq durub özünü qorumağa imkan tapdı.
Lakin son parlament seçkilərindən əvvəl İ.Qəmbərovu yenidən Ə. Kərimovla müttəfiqlik etməyə razı sala bildilər. Müsavat AXCP (i) ilə təzədən "müttəfiq" oldu. Onu da xatırladaq ki, 2006-cı ildən sonra, gözdən salınmış Müsavat Partiyasının özü AXCP (i) ilə müttəfiq olmağa səy göstərirdi. Məsələnin digər mahiyyəti isə ondan ibarətdir ki, adıçəkilən partiya vəziyyətdən başqa variantla da çıxa bilərdi. Ancaq partiyadaxili qanad hesab edilən Sülhədddin Əkbərov və İbrahim İbrahimli cütlüyü "Yurdçu"lar ilə müttəfiq olmağı məqbul saydılar və beləliklə də yenidən AXCP (i)-Müsavat "birliyi" əmələ gəldi. Qondarma "birlik" yaranarkən, belə qənaətə gəlinmişdi ki, parlament seçkilərindən dərhal sonra Müsavatla AXCP (i) birləşəcək. Məlum seçkilər "müttəfiqlər" üçün növbəti dəfə uğursuzluqla nəticələnəndən sonra, Müsavat fırlatdığı "valı" dəyişdi. Belə ki, ilk öncə başqanın "ruporu" Arif Hacıyev bəyanat verərək deyib ki, planlaşdırılan birləşmə baş tutmayacaq. Daha sonra isə, ardıcıllıqla funksionerlər danışmağa başladılar. Ən sonda isə nöqtəni İ.Qəmbərov qoydu və dedi ki, birləşmə məsələsi təbliğat məqsədi ilə ortaya atılıbmış. Yəni birləşmə "ideyası" oyun olaraq, seçki dönəmi üçün lazım imiş, seçkidən sonra əhəmiyyətini itirmiş sayılır. Bununla da yerdə qalan üç-beş müsavatçı da onlarla oyun oynayan partiya rəhbərliyini topa tutdu, aldanmaqlarının cavabını istefalarla verdi.
Həmçinin, bu hadisələrdən sonra, AXCP (i) funksionerlərinə, Müsavat daxilindəki tərəfdarlarına birləşmə əleyhdarlarını "vurun" təlimatını verdi. Beləliklə də A. Hacıyev və onun qardaşı Mustafa Hacıbəyli birləşmə əleyhdarı kimi düşərgədə "qara piar" hədəfinə çevrildi. S.Əkbərov, İ.İbrahimli və Q.Hüseynli Müsavatdan istefa verdi. Amma S.Əkbərovun tərəfdaşları Müsavat tərkibində qaldılar. Əslində, onlar qurultayı gözləyirlər. Müsavatın qurultayı isə payıza qədər baş tutacaq. Ona qədər AXCP (i) tərəfdarları fəallaşmalı, Müsavat daxilində diversiya, araqızışdırıcılıq, ziddiyyətlər yaratmaqla məşğul olmalıdır. AXCP (i)-nin daha çox iş görə biləcəyi rayon təşkilatı isə Nərimanov rayon və Sumqayıt şəhər təşkilatlarıdır. S.Əkbərovun bu təşkilatlarda adamları mövcuddur. AXCP (i) sədri Ə.Kərimov da məhz onların əli ilə Müsavatı sıradan çıxarmaq istəyir. AXCP (i)-nin planına əsasən, qurultaya qədər A.Hacıyev içəridən çıxmamalıdır. Qeyd edək ki, A.Hacıyev 2 aprel aksiyası zamanı həbs edilib və törətdiyi əmələ görə cəza çəkir. Müsavat daxilindəki mənbə AXCP (i)-nin başqan müavini ilə bağlı xüsusi plana malik olduğunu bildirir: "AXCP sədri A.Hacıyevin türmədə qalmasını istəyir. Başqanın siyasətdən getməsini arzu edən Ə.Kərimova görə, Müsavata loyal, yumşaq, o qədər də güclü olmayan birisi rəhbərlik etməlidir. A.Hacıyev isə Ə. Kərimov üçün "persona non qranta"dır. Həm də bu şəxs hələ Elçibəy iqtidarı zamanlarından Ə.Kərimova rəqibdir. Əgər A.Hacıyev başqan seçilərsə, AXCP (i)-nin Müsavat daxilində rıçaqları işləməyəcək. Ona görə də Ə.Kərimov A.Hacıyevin həbsdən azad edilməsini qətiyyən arzulamır". Digər maraqlı məsələ də gündəmə çıxıb ki, A. Hacıyevin adı qondarma "siyasi məhbuslar" siyahısına məhz AXCP (i) adamları tərəfindən salınmayıb. Xatırladaq ki, bir neçə gün öncə A.Hacıyev içəridən məktub göndərmiş, kimlərinsə onu "siyahıya" salmaq istəmədiyini bildirmişdi. Bütün bu baş verənlər isə, təkcə bir adama qarşı yönəldilmiş qərəz deyil. Müsavatın qurultayı ərəfəsində Müsavatla AXCP (i) arasındakı əzəli düşmənçiliyin sırf əlamətləridir. Eləcə də digər məlumatlara görə, son günlər S.Əkbərov da bir xeyli fəallaşıb. Onun AXCP (i)-nin dəstəyi ilə Müsavat daxilində plan hazırladığına dair məlumatlar yayılmaqdadır. S.Əkbərovun adamları sona qədər A.Hacıyevin başqan olmasına mane olacaq, Məclis sədri Arzu Səmədbəylinin başqan seçilməsi üçün əllərinə düşən imkanlardan maksimum yararlanacaqlar. Əgər Müsavat başqanı da A.Səmədbəyliyə dəstək versə, o zaman A.Hacıyev və dəstəsi məğlub olub, Müsavatı tərk edəcək. Baş verən bütün hallarda və cərəyan edən hadisələrdən də görünür ki, kifayət qədər iddialı A.Hacıyevin A.Səmədbəylinin başqanlığına razı olacağı real görünmür və A.Hacıyev Müsavatdan çıxıb gedərsə, faktiki olaraq, bu partiyanın çökmə zamanında aktivlik yaranacaq, yəni bu proses tezləşəcək. Ən azından ona görə ki, A.Hacıyevin Müsavatın bütün rayon təşkilatları ilə əlaqələri var və gedəcəyi təqdirdə, özü ilə xeyli müsavatçı apara bilər. Bu isə həm də son istefalardan sonra yerdə qalan beş-on müsavatçıların da getmələri səbəbindən adıçəkilən təşkilatın çökməsi anlamını daşıyır.