PDF Oxu

Müxalifət

  • 10

Müxalifətin özünütəcrid “taktika”sı da iflas oldu

Müxalifətin özünütəcrid “taktika”sı da iflas oldu

Son zamanlar müxalifətin düşdüyü çıxılmaz böhrandan qurtulması üçün edilən cəhdlər də bir nəticə vermir. Olduqca kritik və gərgin bir vəziyyətin olması isə burada daha dözülməz abı-hava yaradır. Partiyaların tamamilə iflic olması, onlara rəhbərlik edən şəxslərin isə bacarıqsızlığı bu cür durumun yaranmasına zəmin yaratdı. 20 ilə yaxındır ki, müxalifətçilik anlamına ancaq öz şəxsi maraqları kontekstindən baxan şəxslər üçün sonun başlanğıcı çox faciəli görünür.
Belə  şəraitdə isə düşərgə təmsilçilərinin bir-birlərini xəyanətkarlıqda, satqınçılıqda, ikiüzlülükdə ittiham etməsi ənənəvi hal alıb. Çünki radikal düşərgədə boğaza qədər çirkaba batmış şəxslər bu gün öz günahlarını başqalarının adına çıxmağa çalışırlar. Ona görə də, indiki halda düşərgə təmsilçilərinin qarşılıqlı şəkildə ittihamlarla çıxış etməsi heç də təəccüblü qarşılanmamalıdır. Çünki onlar üçün bu cür hallar adi bir hal alıb. Hər dəfə çətin durumla üzləşdikdə belə bir mənzərəni müşahidə etmək də çətin deyil. Bu baxımdan da, müxalifət üçün ənənəvi metodologiyalar müstəvisində sonuncu etapın yaxınlaşması qaçılmaz olub. Elə bu yaxınlarda təsis edilmiş və sonradan bu ad ətrafında müəyyən şoular düzəldilmiş "İctimai Palata"nın da eyni aqibətlə üzləşdiyini hər kəs gördü. Əvvəlkilərdən fərqlənməyən bu qurumu yenə də radikal "liderlə" öz maraq və prinsiplərinə uyğun idarə etmək istədilər. Nəticəsi nə oldu? Yenə də özlərini "ana müxalifət" adlandıran AXCP (i) və Müsavat "liderləri" "İctimai Palata"da da ikitirəliyin və qarşıdurmanın yeni formasının əsasını qoydular. Bu hər iki "lider" üçün maraqlı olub. Elə buna görə də, Əli Kərimovla İsa Qəmbərov illərboyu şəxsi ambisiyalarını, nəyin bahasına olursa-olsun, həyata keçirmək üçün "yeni taktikaya" əl atmalı olublar. Bu isə, müxalifət düşərgəsində ziddiyyətin yaranmasına səbəb olub. Bu faktı təsdiqləyən AXCP (i)-nin sədr müavini Razi Nurullayev açıqlamasında bildirir ki, hazırda ümumi müxalifət düşərgəsində olduqca anormal proseslər baş qaldırıb. O, bu gün müxalifət partiyalarının bir-birinə qarşı çıxmasının da adi bir hal olduğunu söyləyib: "Müxalifət mövcud olduğu andan qarşılıqlı ittihamlar, şəxsi maraqların önə çəkilməsi halları olub və bu gün də var. Elə buna görədir ki, adından asılı olmayaraq, yaranan hər yeni qurum və yaxud blok uğursuzluğa düçar olur. Bu baxımdan da, "İctimai Palata"nı bu aqibət gözləyir. Çünki bu qurumda da cəmləşən şəxslər satqınçılıq  və xəyanətkarlardır".
AXCP (i)-nin sədr müavini bu qurum daxilində hazırkı vəziyyətin son dönəmdə olduğunu da etiraf edib. Onun sözlərinə görə, bu təşkilatın fəaliyyətinin üzdə qeyd olunan tərəfləri ilə daxili durumu eynilik təşkil etmir. "Reallıqda "İctimai Palata"nın quruca bir adı var" deyən R.Nurullayev bu qurumun məhz xəyanətin və müəyyən şəxslərin maraqları müstəvisində fəaliyyət göstərməsini "İctimai Palata"nın  da əvvəlki qurumlar kimi, uçuruma yuvarlandığını söyləyib.

Rəfiqə Hüseynova
Əli Kərimov kimlərə yarınmaq istəyir?
AXCP (i)-nin bugünündən sabahına güman yoxdur,
başbilənləri isə qondarma müşavirədən danışır
Siyasi arenadan birdəflik silinmək təhlükəsi ilə üz-üzə qalmış AXCP (i)-dəki durumu Əli Kərimov hər vəchlə gizlətməyə çalışır. O, bütün riyakar əməllərdən istifadə etməklə diqqəti başqa səmtə yönəltməkdə maraqlıdır. Elə bu səbəbdən də, AXCP (i)-nin ağır və böhranlı durumunu heç kəsə bəlli etməmək üçün Ə.Kərimov qurum adından ardıcıl olaraq yalan bəyanatlar səsləndirməklə məşğuldur. AXCP (i) sədri düşünür ki, bu cür addım atmaqla qurumun fəaliyyətdə olduğunu göstərə biləcək.
Amma onun nə etməsində və hansı riyakar addımı atmasından asılı olmayaraq AXCP (i) sonun bir addımlığındadır. Sonuncu cəbhəçi, yəni Mirzə Sakitin Ə.Kərimova və "doğma" qardaşı Qənimət Zahidə od püskürərək, AXCP (i)-dən nümayişkaranə şəkildə istefa verməsi də bunu təsdiqləyir. İndi isə Ə.Kərimov illərdir adından istifadə edərək xarici donorlardan pul qopardığı qurum iflasın bir addımlığındadır. Çünki AXCP (i)-yə Ə.Kərimov kimi birisinin sədrlik etməsi məhz bu cür olayın baş verəcəyini də yəqin edirdi. Ona görə də, müxalifət təmsilçilərinin özləri də çox gözəl bilirlər ki, Ə.Kərimov hara əl atırsa oranı mütləq acı sonluğa çatdırmalıdır. Onun niyyət və xislətinin nəticəsinin bu cür olduğunu hər kəs çox gözəl bilir. Bu baxımdan da, Ə.Kərimovla birlikdə olmağı və onun eyni "ideologiya"nı paylaşmaq məcburiyyətində olanlar belə sonrakı peşmançılıqda əziyyət çəkirlər. Sadəcə olaraq, maraqlı bir məqam isə odur ki, Ə.Kərimov indi utanmadan və xəcalət çəkmədən müasir ictimaiyyətin gözlərinin içinə baxa-baxa yalan danışır və onu aldatmağa çalışır. Elə ötən həftə AXCP (i) rəhbərliyinin üç dəfə toplantı keçirməsi, dörd dəfə müşavirə təşkil etməsi ilə bağlı qondarma məlumatlar yayan Ə.Kərimov birmənalı şəkildə yaranmış durumu başqa adlarla diqqətdən kənarda saxlamağa çalışır.

Əli Kərimovun "İctimai Palata"nın adını saxlamaqda marağı nədir?

Tamamilə iflic olmuş fəaliyyətlərində heç bir dönüş etməyi belə bacarmayan radikal müxalifət partiya sədrləri son zamanlar ortalıqda görünmürlər. Bir müddətə qədər bacarıqlarından böyük iddialarla çıxış edərək, özlərini göstərməyə çalışanlar indi gözə dəymir. Müəyyən bir müddət boş şouya yalan və iftarçılığın hay-küyünə gedən müxalifət "İctimai Palata"nın timsalında görüntü yaratmağa çalışdı. Amma həmişə olduğu kimi, bu addım da bir müddətlik oldu. Çünki bu cür mənzərənin yaranmasında maraqlı olanlar öz niyyətləri baş tusun deyə müəyyən oyunlara əl atmalı oldular. Həmişə olduğu kimi, bu dəfə də, reallıq onların iflasını qaçılmaz etdi. Belə ki, "İctimai Palata"nı təsis edib buna müxalifətin ümumi birliyi kimi qondarma ad verənlər maraqlarını təmin edənə qədər dirəniş göstərdilər. AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov "Soros" fondundan "İctimai Palata" üçün 10 milyon dolları aldıqdan sonra isə mənzərə tamamilə dəyişəsi oldu. Dünənə qədər başqalarının buraya girmələrinə belə səd qoyan Ə.Kərimov və İ.Qəmbərov cütlüyü ortalıqda çəkilməklə niyyətlərini realaşdırdıqlarını sübut etdilər. Amma sonradan rəhbərlik etdiyi qurumun bütünlüklə iflic olması Ə.Kərimovun "İctimai Palata"nın adından yararlanmasına imkan verdi. Elə bu səbəbdən də, AXCP (i)-ni tarixin acı arxivinə yönələn yoldan xilas etməyi bacarmayan Ə.Kərimov təsəlli kimi "İctimai Palata"dan bərk-bərk yapışıb.

Digər xəbərlər