Mənsub olduqları düşərgədə normal davranışları tənzimləməyi belə bacarmayan müxalifət sözçüləri növbəti dəfə layiq olmadıqları iddialara düşüblər. Həmişə olduğu kimi, bu dəfə də düşərgədə ikitirəliyin və qarşıdurmanın yeni prinsip və qaydaları AXCP (i)-dən qaynaqlanmalı oldu. Ağır və böhranlı durumdan xilas olmaq üçün AXCP (i) sədri Əli Kərimov köhnə ədavətlərə yeni rəng qataraq meydana atılıb.
O, dünənə qədər dostluq münasibətində olduğu müxalifət təmsilçilərinin ünvanına belə hədə dolu bəyanatlar səsləndirib. AXCP (i)-də son istefalardan və Mirzə Sakitin açıq ittihamlarından sonra ayaqda qalmaq üçün var-gəl edən Ə.Kərimov məhz bu taktikası ilə hədəfdən yayınmaqla gündəmin mövzusunu başqa bir məsələ ilə əvəzləməyə çalışır.
AXC-nin yeni törəmələrinin yaranması da gözlənilir
AXCP (i) sədri Ə.Kərimov məhz radikal müxalifət düşərgəsindəki yaranmış süstlükdən istifadə edərək, meydan sulamaq niyyətinə düşüb. Ancaq konkret olaraq düşərgədə kimi hədəfə alması ilə bağlı fikiri hələ də qətiləşdirməkdə çətinlik çəkir. Lakin müxalifətin ayrı-ayrı nümayəndələrinin ünvanına sərt ittihamlar söyləyən Ə.Kərimovun ittihamlarına həmişə sərt cavablar verilir. "KAXCP" sədri M.Fəttayev "Yurd" şefini ağılsız adlandırmışdır: "Ə.Kərimov nə vaxt ağıllı olub? O özü-özünə "ağıllı" deyə bilər, ancaq müxalifət liderləri və funksionerlər yaxşı bilir ki, baş verən bütün biabırçılıqların səbəbkarı Ə.Kərimov kimilərdir. "Yurd" şefi layiq olmadığı iddialara görə olan-qalan ağılı da başından uçur. Buna görə belə adamları müxalifət düşərgəsindən vaxt itirmədən qovmaq lazımdır".
Köhnə ədavətlərin yeni formulu
Müxalifət düşərgəsində köhnə ədavətlərə yeni rəng qatmaq niyyətində olanlar yaddan çıxmaqdan, gündəmdən tamamilə düşməkdən qorxduqları üçün böhtanlı çıxış etməkdən əl çəkmirlər. Ancaq AXCP (i) sədri Ə.Kərimovun düşərgədə hər kəsin bostanını daşa tutması isə bir qədər fərqli görünür. Səbəb isə onun partiyasının artıq iflasa uğramasıdır. Elə iflasa uğradığını anlayan Ə.Kərimov müxalifət düşərgəsində islahatların aparılmasının vacibliyini dilə gətirir. Bu isə birmənalı şəkildə düşərgədə Ə.Kərimovu düşmən gözündə görənlərin hiddətinə səbəb olur. Həmişə olduğu kimi, islahatçıların adı eşidiləndə daha qəzəbli olan M.Fəttayev öz tərəfdaşlarına ağılsız "liderin" bu cür mənasız çıxışlarına birdəfəlik son qoymağı tapşırıb: "Görünür, Ə.Kərimovun ağzının şapalaqlanması vaxtdır. Yaxın günlərdə bu şapalağın dadını görər".