AXCP (i)-də istefalar davam edir
Siyasət adı altında müəyyən oyunlardan çıxmış AXCP (i) sədri Əli Kərimov üçün artıq son dönəm başlanıb. Dünənə qədər qurumun rayon və şəhər təşkilatlarında olan üzvləri, sıravi cəbhəçilər istefa verirdilərsə, indi məsələ daha da kəskinləşib. Çünki Ə.Kərimovun yarıtmazlığı ucbatından AXCP (i) düşmüş olduğu bataqlıqdan nəinki çıxmaq, sona doğru sürətlə irəliləməkdədir.
Bir qədər özündə təpər tapanlar isə vaxtında ağıllı qərar verib AXCP (i)-dən uzaqlaşmağa çalışırlar. Ona görə də, hazırda Ə.Kərimovun yanında salam verməyə demək olar ki, adam qalmayıb. Başqa vaxtı bacarıq və qabiliyyətindən çox-çox uzaq olan məsələlər barəsində danışıb çənə yoran Ə.Kərimov indi boynu bükük qalıb. Bir vaxtlar onun güdazına azadlığını itirmiş Mirzə Sakitə belə güzəştə getməyi bacarmayan Ə.Kərimov üçün sonun başlanğıcı çox çətin görünür.
Qeyd edək ki, M.Sakit AXCP (i) üzv olmaqla yanaşı, həm də, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşıdır. Eyni zamanda o, bir müddət adı çəkilən qəzetdə şeir yazmaqla məşğul olub.
İndi isə həmin dönəmlər arxada qalıb və M.Sakit azadlıqdadır. Onun yenidən "Azadlıq" qəzetinə qayıdaraq, köhnə işinə başlaması üçün rəhbərliyin razılığı lazım idi. Amma bu, olmadı və M.Sakit son parlament seçkilərindən başlayaraq dünənə qədər haqqın, ədalətin bərpası üçün can atdı. Nəticədə isə Ə.Kərimov daha bir üzvünü itirməklə yanaşı, öz iç üzünü də yenidən cəmiyyətə göstərmiş oldu. M.Sakit nümayişkaranə şəkildə AXCP (i)-dən istefa verdiyini və bunun da konkret səbəblərlə bağlı olduğunu açıqladı. O, həmçinin, öz qardaşını və AXCP (i) sədrini də bir sıra məsələlərdə ittiham edərək, istefasına müəyyən çalarlar qatmalı oldu. M.Sakitin iddiasına görə hazırda AXCP (i)-də böyük bir klan var və onlar Ə.Kərimova yol göstərirlər. Keçmiş cəbhəçi, həmçinin, Ə.Kərimovun özünün dediyi kimi demokratik bir partiya sədri olmadığını da dilə gətirdi.
M.Sakitin AXCP (i)-dən istefa verməsinə münasibət bildirən partiyanın sədr müavini Fuad Qəhrəmanlı qeyd edib ki, onun partiyada olması ilə olmaması arasında heç bir fərq yox idi. F.Qəhrəmanlı, həmçinin, M.Sakitin "Azadlıq" qəzeti ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirərək, qeyd edib ki, AXCP (i)-nin "Azadlıq" qəzetinə heç bir aidiyyatı yoxdur.
Keçmiş cəbhəçi isə F.Qəhrəmanlının dediklərini ağılsızlıq kimi qələmə verib. O, heç kəsin "Azadlıq" qəzetinin AXCP (i)-yə aidiyyatının olmaması ilə bağlı məsələyə inanmadığını dilə gətirib. Bildirib ki, əgər adıçəkilən qəzət müstəqil idisə mən də müstəqil yazar idim, niyə orada işləməyimə razılıq vermədilər?
M.Sakitin nümayişkaranə şəkildə Ə.Kərimova od püskürərək istefa verməsi AXCP (i)-nin yenidən zərbə altında qalması ilə nəticələnib. Ona görə də, yaxın bir zamanda, bu qurumun da siyasi səhnədən silinməsi artıq real görünür.