Müsavatın qurultayı problemə çevrildi
Son günlər Müsavat partiyası daxilində baş verən olaylar daha çox diqqət çəkir. Qurumun bu il qurultayının keçirilməsi və başqanlıq postuna başqa şəxsin gətirilməsi məsələsi gündəmdə olduğu üçün partiyada sular demək olar ki, durulmur. Partiya rəhbərliyi daxili gərginliyi üzdə ört-basdır etməyə çalışsa da, mahiyyəti gizlətmək o qədər də asan olmur. Ona görə də, bu gün həm müxalifət düşərgəsinin daxilində, həm də onun kənarında hər kəs Müsavatın son anlarını yaşadığı qənaətindədir.
Çünki partiya daxilində olanlar və olacaqlar bunu deməyə əsas verir. Eyni zamanda, Müsavatın fəaliyyətinin sonu olduğunu artıq partiya rəhbərliyində olanlar da etiraf etməyə başlayıblar. Bir neçə gün öncə Müsavat partiyasının qurultayının keçirilməsi ilə bağlı qrupun yaradıldığını və buraya İsa Qəmbərovun nəzarət etməsi ilə bağlı səslənən fikirlər öz təsdiqini tapsa da, qurumun böhranlı vəziyyətdən çıxarılması məsələsi hələ problem olaraq qalır. Bəziləri bu məsələni qulaqardına vurmağa çalışsalar da, mahiyyət başqa mətləblərdən xəbər verir. Reallıq isə odur ki, qurumun parçalanmadan qurtarılması bundan sonra mümkünsüz görünür. Nə Müsavata hazırda başqanlıq edən İ.Qəmbərovun, nə də ki, digərlərinin bu partiya daxilindəki vəziyyətə nəzarət etmək imkanları mövcud deyil. Birincisi, uzun müddətdir ki, Müsavat partiyasında təmsil olunan bir sıra şəxslər rəhbərliyin qərarından narazılıqlarını artıq açıq şəkildə ifadə etməyə başlayıblar. Onların iddiasına görə Müsavata rəhbərlik edən şəxslər öz şəxsi maraqlarından başqa heç bir real addım atmayıblar. Elə ona görə də, partiya belə bir ağır böhranla üz-üzə qalıb. İkinci amil isə İ.Qəmbərovun başqanlıqdan getməmək üçün xarici havadarlarından belə qurumdaxili əleyhdarlarına qarşı istifadə etməsidir. Burada əsas məsələ Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla İ.Qəmbərovun dostluq əlaqələri və ondan öz imtiyazlarını təmin etmək üçün bilavasitə istifadə etməsidir. Bu da, təbii ki, Müsavat daxilində böyük əksəriyyətin İ.Qəmbərovdan imtinaya imza atmasına şərait yaradıb. Digər bir prinsip isə, müsavatçılıq ideyalarının bir əldə cəmləşməsi məsələsidir ki, burada da, İ.Qəmbərov əsas "qüvvə" kimi çıxış edir. Onun sərsəm iddiasına görə, "müsvatçılıq" anlayışı, guya ona məxsusdur və bu anlayışın ona dədəsindən qalma olmadığını hər kəs bildiyindən, belə bir mənzərə, doğrudan da, gülüş obyektinə çevrilib.
Bütün bu sadalananların fonunda isə, Müsavatdaxili gərginliyin bir qədər də güclənməsi qurumun uçuruma doğru yaxınlaşmasına birbaşa təsir göstərir.