ALP “ana müxalifətçilik" uğrunda düşərgədaxili mübarizəyə start verdi
Bildiyimiz kimi, müxalifət düşərgəsində uzun müddətdir ki, hansı partiyanın "ana müxalifət" kimi qəbul olunması istiqamətində söz-söhbətlər gəzməkdədir. O da bəllidir ki, "baş müxalifət" obrazının canlandırılması istiqamətində yalnız Müsavat və AXCP (i)-nin adı hallandırılırdı. Lakin son dövrlər, əsasən də, parlament seçkilərindən sonra, belə bir "posta" sahib olmaq üçün digər siyasi təşkilatlar da öz ambisiyalarını ortaya qoymağa başlayıblar. Onlardan biri də Azərbaycan Liberal Partiyasıdır. İddia ilə mətbuat səhifələrində "kükrəyən" sədr Əvəz Temirxan inandırmağa cəhd göstərir ki, hazırda əməkdaşlıq etdiyi "VİP" ilə "səmimi" münasibətdədir və yaradacaqları blok da uzunömürlü olacaqdır.
Lakin bütün bunlara baxmayaraq, düşərgənin qarşı tərəfində mövqe tutan Müsavat və AXCP (i) ALP-ni sıxışdırmaq üçün müxtəlif variantlardan istifadə etməyə başlayıblar. Məsələ ondadır ki, ALP-nin "ana müxalifət" partiyası olacağından ehtiyatlanan müsavatçılar və "cəbhəçilər" öz mətbuat səhifələrində liberalları "sifariş götürməkdə" günahlandırırlar. Bəs bu məsələ nə qədər doğrudur? Məsələn, bu barədə Milli.Az saytına açıqlama verən ALP sədri inandırmağa çalışır ki, qarşı tərəf, yəni Müsavat və AXCP (i) onlara qarşı böhtan kampaniyasına başlayıb və onları qarşılıqlı olaraq sifarişlə işləməkdə suçlayıb: "Yaratmağa çalışdığımız yeni birlikdə deyilən "bu qurum sifarişlə yaradılır" kimi iddialar boş, mənasız və əsassız söhbətlərdir. Müəyyən qüvvələr həmişə sifarişlə işlədikləri üçün kimsə yeni təşkilat yaratmağa çalışanda və ya belə addım atanda, elə bilirlər ki, bu da sifarişlə olan məsələdir".
Eyni zamanda, həmin qüvvələri dağıdıcılıqda və xəyanətdə günahlandıran ALP sədri hər vəchlə, bütün qərəzlərə baxmayaraq, yollarına davam edəcəklərini də açıqlayıb: "Bütün bunlar aşkar qərəzdir. Bəzi qüvvələrin müxalifət tarixindəki dağıdıcılıq missiyası hamıya aksioma şəklində bəllidir. Ona görə də kimin nə deməsindən asılı olmayaraq yolumuza davam edəcəyik. "Qarabağ və Respublika Uğrunda Hərəkat" vardı, 6 partiya da orada birləşmişdi. Bəs yaxşı, o hərəkat niyə, kimin sifarişi ilə dağıldı? "Azadlıq" seçki bloku vardı - bəs o, niyə dağıldı? "Azadlıq" siyasi bloku da vardı - onun taleyi nə oldu? 2009-cu ildə ölkə müxalifətinin aparıcı qüvvələri bələdiyyə, 2010-cu ildə isə parlament seçkilərinə gedə bilərdi. Niyə getmədi?! Partiyamızın lideri, professor Lalə Hacıyeva bütün müxalifətə çağırış edərək dedi ki, gəlin, bir strukturda, bir blokda birləşək. O çağırışın reallaşmasının qarşısını kim aldı?! Bilirsinizmi, bu suallara cavab vermək gərəkdir".
Ə.Temirxanın sözlərinə görə, yeni birlik yaratmaqla bağlı müzakirələrdən sonra, Azərbaycan Liberal Partiyası ilə "Vətəndaş və İnkişaf Partiyası" bütün müxalifət qüvvələrini bir araya gətirmək çağırışı ilə AXCP (i) və Müsavat partiyalarına müraciətlər ünvanlayıb. Belədirsə, ALP və "VİP"-in AXCP (i) ilə Müsavatsız birlik yaratmağa çalışmaları barədə iddialar mənasız təsir bağışlayır: "Bəlkə bunu da sifarişlə etmişik? İndiyədək Müsavat və AXCP (i)-dən cavab almamışıq. Azərbaycan müxalifətində bəzi adamlar var ki, onların mövqeyi "Ya hamı bizə tabe olmalıdır, ya da onları şərləyəcəüik" anlamından ibarətdir. ALP sədri ADP sədri Sərdar Cəlaloğlunu da topa tutub. Belə ki, sözügedən "yeni birlikdə" təmsil olunmasını arzulayan ADP sədri sonradan "İctimai Palata"ya gedərək, onların paxırlarının üstünü açıb. Daha dəqiq desək, Lalə Hacıyevanın təklifi əsasında mətbuata açıqlama verən Ə.Temirxan bildirib ki, əslində, onlar müxalifətin "böhran masasını" yaratmaq istəyindədirlər. Bu tipli "masanın" yaradılması isə, konkret olaraq, düşərgənin böhranlı vəziyyətdə olmasını təsdiq etməkdir.
ALP sədrinin sözlərinə görə, həmin təklif hələ də qüvvədədir: "Lakin S.Cəlaloğlu AXCP və Müsavat ilə məsləhətləşmələrdən sonra bildirdi ki, böhran masası əhəmiyyətsiz məsələdir. Bizə qarşı aparılan kampaniyanın böhtan olduğunu deyirəm. "İcitmai Palata"nın koordinasiya şurasında da belə adamlar olduğuna görə, həmin quruma qatılmırıq. Axı niyə böhtançı ilə bir arada oturmalıyam və ondan xahiş etməliyəm ki, bizi müxalifətçi hesab etsin?! Xeyir ola?! Ona görə də deyirik ki, gəlin, böhran masası yaradaq, bundan sonra isə daha geniş formatda müxalifət birliyi məsələsini müzakirə edək. Onlar özləri birlikdən qaçır, sonra da bizi günahlandırırlar".
Göründüyü kimi, düşərgə daxilində "lider təşkilat"a çevrilmək amacıyla onlarla bloklar, birliklər yaradan partiyalar nəticə etibarı ilə heç nəyə yaramayan dərnəklərə daha çox bənzəyirlər, nəinki "ana müxalifət" qurumlarına...