Müsavatçılar öz məğlubiyyətlərini AXCP (i)-də axtarırlar
Radikal müxalifət düşərgəsində təmsil olunan partiyaların yaşadıqları uğursuzluqlar sindromu nəticə etibarı ilə təşkilatlararası qarşıdurmalara səbəb olmaqdadır. Yəni özlərində formalaşmış müvəffəqiyyətsizlikləri digərlərinin üzərinə yıxmaqla, işlərini bitmiş hesab edirlər. Hərə bir günah axtarır, hərə bir səbəb göstərir. Təbii ki, belə proseslər ümumi olaraq, müxalifət düşərgəsinə sirayət edir və acınacaqlı sonluqla bitir.
Eyni zamanda, qəbul olunan fikirlərdə səsləndirilir ki, artıq "ənənəvi müxalifət" siyasi cəhətdən bitib, müxalifətin yerinə başqa qüvvələr gəlməlidir. Əslində, bu fikir müxtəlif zamanlarda səsləndirilib və təzə fikir deyil. Lakin doğru versiya, doğru qənaətdir. Həqiqətən də, "ənənəvi müxalifət liderləri" tükəniblər və onları siyasi meydanda mütləq başqaları əvəzləməlidir. Düşərgədə səpələnmiş halda fəaliyyət göstərən azsaylı elektorat daxilində hesab olunur ki, müxalifət partiyaları zaman-zaman çox didişiblər, qarşıdurmaların, ziddiyyətlərin ardı-arası heç vaxt kəsilməyib. Ona görə də indi onlara, ümumiyyətlə, inanan yoxdur. Həmçinin, zamanında deputatlıq kreslosu uğrunda mandat alveri aparmış bu qüvvələrin səmimiliyi yaranan şübhələrin əbəs olmadığını sübuta yetirir.
Belə bir versiyada isə, hər kimsə bezərək, düşərgəni tərk edən kimi, onunla bir vaxtlar "silahdaş" olmuşlar satqınlıq edir, ya da gedənin qarasınca danışırlar. Artıq bu da "ənənəvi müxalifətdə" ənənə xarakteri almış həqiqətdir. Həqiqətən də, hər dəfə bir tanınmış fiqur düşərgəni tərk edəndə ümidsizlik yaranır, insanların müxalifətə inamları itir. Fəqət, bütün bunlar əsaslı səbəb ola bilməz. Gəlin yada salaq ki, hələ 2003-cü ildə müxalifət düşərgəsindən nə qədər adam getmişdi, üz döndərənlər olmuşdu, partiyalar bir-birini didib-parçalayırdı, işlər polis-məhkəmə orqanlarına qədər gedib çıxırdı. Baxmayaraq ki, Müsavat Partiyası "KXCP", ADP və digər bir neçə partiyaları ətrafında cəmləyib "Bizim Azərbaycan" adlı siyasi blok yarada bilmişdi. Düzdür, "Bizim Azərbaycan" bloku da öncələrki kimi heç nəyə yaramadı. Lakin həmin vaxtdan bu yana radikal müxalifət heç bir ciddi birlik yarada, siyasi proseslərə təsir göstərə bilmir.
Müxalifətə meyilli siyasi təhlilçilər daim belə bir səbəb göstərirlər ki, AXCP (i) ilə Müsavat bir araya gələ bilmir deyə, müxalifət güclü blok yarada bilmir. Bu versiyanı son illərin hadisələri təkzib elədi. 2005-ci ildə Müsavatla AXCP (i) "Azadlıq" adlanan blokda təmsil olunurdular. Martda blok yaradıldı, noyabrda seçkiyə gedildi. Amma nəticə hasil olmadı. Seçkidən sonra tərəflər bir-birini "didməyə" başladı. "Azadlıq" bloku parçalandı və Müsavat faktiki olaraq blokdan qovuldu. Nəticədə iki il söz atışması, partiyalararası savaş qismində davam etdi. O zamana qədər ki, tərəflər arasında növbəti qeyri-səmim "anlaşma" yarandı. Qüvvələrin tamam tükəndiyini görən partiyalar son parlament seçkilərində yenidən blok yaradası oldular. Ancaq Müsavat əlində olan-qalan bütün resurslarını ortaya qoysa da, ciddi nəticə hasil edə bilmədi. Bir sıra müsavatçılar Müsavat-AXCP (i) ittifaqının uğursuzluğa düçar olmasını AXCP (i)-nin keçmişi ilə əlaqələndirirlər. Daha dəqiq desək, Müsavat daxilində belə bir fikir formalaşıb. Məsələn, uzun illərdən bəri adıçəkilən partiyada rayon təşkilatının sədri qismində fəaliyyət göstərmiş, sonradan siyasi fəaliyyətinə xitam vermiş bir müsavatçı funksioner bu cür düşünür: "Hər seçkidə böyük ümidlərlə yaşayırıq. Amma seçki bitəndən sonra görürük ki, heç bir nəticə yoxdur. Artıq Müsavatda əksəriyyət bu fikirdədir ki, partiyanın uğursuzluğu AXCP (i) ilə müttəfiq olduğumuzdandır. Diqqət edin, hər seçkidə müxalifət hansısa "cəbhə" üzvünün biabırçı piarı ortaya çıxandan sonra vurulur. Hər dəfə bizi "Yurd"çular rəzil edir. Açığı, rayonlarda Müsavatın AXCP (i) ilə müttəfiq olması qəbul olunmur. Açıq-aşkar bizə söz atırdılar ki, bəs 2000-ci ildə "Yurd" düşmən idi, necə oldu ki, müttəfiq oldunuz? Əslində, haqlı sualdır. O gündən bu günə nə dəyişib ki? AXCP (i) həmin AXCP (i)-dir, Əli Kərimov da həmin adamdır. Bu adamlar hətta müxalifətin, bütün düşərgənin lideri Əbülfəz Elçibəyə qarşı qara piar ararmış adamlardır. Cəmiyyətdə hələ də AXCP (i)-yə inam yoxdur. Müxalifət düşərgəsində "cəbhəyə" münasibət yaxşıya doğru dəyişməyib. Hələ də elə bilirlər ki, AXCP (i) müxalifəti arxadan vurub aradan çıxacaq". Gördüyümüz kimi, bu, təkcə bir müsavatçının rəyi deyil. Müxalifətdə əksər çoxluq bu barədə düşünür. Sözün qısası, "Yurd"un keçmişi Əli Kərimovun "siyasi karyerasına" hələ yetərincə kölgə salır.