Əli Əliyev və Əvəz Temirxanın Mirmahmud Fəttayev "kartı"
Müxalifət düşərgəsində "yerdəyişmə qanunu" davam etməkdədir. Belə "qanunlardan" biri də təbii ki, "KXCP" sədri Mirmahmud Fəttayevə aiddir. Bir təşkilatdan digərinə, bir qondarma qurumdan başqa geydirmə "birliyə" dadanan partiya sədri bu dəfə ardıcıl olaraq, növbəti tora ilişib. Daha dəqiq desək, müxalifət daxilindəki yaranacaq "koalisiyaya" qəbul olunmağa qərar verib. Məsələ ondadır ki, müxalifət düşərgəsinə məxsus informasiya portallarının birinə açıqlama verən "Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev bildirib ki, ALP, "KXCP" və "VİP"-in yeni koalisiya yaratmaq ehtimalı var. Belə ki, onun sözlərinə görə, hər üç partiyanın sədrləri arasında artıq bir neçə görüş keçirilib: "Üç partiyanın müxalifətin inteqrasiyası məsələsində fikirləri üst-üstə düşür, baxışlarımızda yaxınlıq var. Bundan sonra da çalışacağıq ki, bu yaxınlığı daha da inkişaf etdirək. İstisna deyil ki, hər hansı şərtlər daxilində üç partiyanın əməkdaşlığı mümkün olsun. Hər şey danışıqların nəticələrindən asılıdır. Hər üç partiyanın öz fəaliyyətlərini gələcəkdə blok və ya koalisiya şəklində həyata keçirməsi istisna olunmur".
Məhz bu açıqlamadan sonra, ortada maraqlı suallar peyda olmağa başlayıb. Maraqlısı da odur ki, əgər bu partiya üzvlərinin fikirləri Ə.Əliyevin düşündüyü kimi üst-üstə düşürdüsə, nəyə görə daha öncələr sözügedən "koalisiyanı" yaradıb birləşmirdilər? Eləcə də, bunlar müxalifətin inteqrasiyasındakı "boşluğu" doldurmaq iddiasındadırlarsa, niyə M.Fəttayevi "İctimai Palata"dan qoparıb, öz "koalisiyalarına" yapışdırmaq istəyirlər? Məgər qondarma "palatada" cəmləşənlər də onlar kimi müxalifətçi ünsürlər deyilmi? Hər halda, bu kimi suallar çox olsa da, qarşı tərəfdən birmənalı cavablar verilmir. Yəni cavab verilsə belə, həmin cavablar "nala-mıxa" vurulmaqdan başqa heç nəyə bənzəmir. Qeyd edək ki, adıçəkilən partiyaların sədrlərinin son görüşü mayın 4-də "Klassik Xalq Cəbhəsi Partiyası"nın qərargahında keçirilib.
M.Fəttayev isə Ə.Əliyevin və Ə.Temirxanın mətbuata sızdırdıqları məlumatı göz görə-görə yalanlayır. Belə ki, o, "Yeni Müsavat"a açıqlamasında bildirib ki, hələ hər hansı koalisiya və ya birlik yaratmaq barədə qərar qəbul edilməyib: "Koalisiya qurulub-qurulmadığı kimi məsələləri birgə müəyyənləşdirmək olar. İstənilən şəxs nəyisə ehtimal etmək hüququna malikdir. Amma koalisiyanın qurulması və qurulmaması birgə müəyyənləşdirilir. Hansısa açıqlama və ya sual-cavabla müəyyənləşdirilmir".
Əslində, "KXCP" sədrinin bu tipli yayındırıcı açıqlamaları bir növ şou biznes açıqlamalarına daha çox bənzəyir. Yəni məsəlçün, filan aktyor filan müğənni ilə eşq macəraları yaşayır. Amma mətbuata deyirlər ki, yox, nə danışırsınız, ortada eşq deyil, dostluq münasibətləri mövcuddur. Lakin sonradan bəlli olur ki, hər iki "dostun" bir neçə aydan sonra övladları dünyaya gələcək... M.Fəttayevin dedikləri də bu tipli açıqlamaları qətiyyən geri qalmır. Daha dəqiq desək, bir də görəcəyik ki, "KXCP" "VİP" və ALP ilə "ailə" qurub. "İctimai Palata" isə atılmış yar kimi "DUİ"-nin yanında boynubükük üzüqaralar kimi tək dayanıb....
Əldə olunan məlumatlara əsasən, görüş və koalisiyanın yaranma təşəbbüsü Ə. Əliyevdən gəlib. Adını gizli saxlayan mənbə bildirir ki, Ə.Əliyev "İctimai Palata"da fəallığı ilə seçilən partiyalardan biri olan "KXCP" ilə koalisiya yaratmaqla "AMİP-in ardınca "KXCP" də "İctimai Palata"dan getdi" rəyinin formalaşmasında maraqlıdır. Bu səbəbdən də M. Fəttayev "kartı" ən mükəmməl "tuz" kimi bütün əlləri vura bilmə funksiyasını daşıyır. Sonra baş verəcəklər isə artıq indidən bəllidir...