AXCP (i)- nin "İctimai Palata"dakı mövqeyi sıfıra düşdü
"İctimai Palata"da yaranmış ziddiyyətlər davam etməkdədir. Belə ki, qondarma qurumun Koordonasiya Şurasının son toplantısındakı qarşıdurmadan sonra, aksiyaların keçirilməsi fonunda yaranmış ziddiyyətlər daha da kəskin hal alıb. Məsələ ondadır ki, AXCP (i) funksionerləri sözügedən aksiyaların payıza qədər təxirə salınması qərarını müdafiə etməklə məşğuldurlar. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli ayrı-ayrılıqda mətbuata ötürdükləri açıqlamalarında bildirirlər ki, verilmiş qərar düzgündür və onlara yaxın mətbuat vasitələri bir müddət mitinqlərə çağırış etməyə ara verməlidir. Müsavatın yetkililəri isə AXCP (i)-ni dolayısı ilə "mübarizədən qaçmaqda" günahlandırırlar.
Digər tərəfdən, Müsavata aid sayta verdiyi açıqlamasında partiya funksioneri Mustafa Hacıbəyli deyib ki, "İctimai Palata"nın aksiyaların əleyhinə səs verməsi yanlışdır. Onun fikrincə, qərar AXCP (i)-nin qərarının "ruhuna" uyğun çıxarılıb. Yəni o, bu məsələdə düşərgədaşlarını qorxaqlıqda ittiham edib. Lakin unudub ki, bu ittihamı ilə başqanı İsa Qəmbərov tərəfə də daş tolazlayıb. Çünki jurnalistin "qərarın qəbul olunmasına İsa Qəmbərov da səs verib" fikrinə münasibət bildirən M.Hacıbəyli sonradan "düzəliş" edərək, deyib ki, İsa Qəmbərov "konsensus" naminə qərara müsbət rəy bildirib. Eyni zamanda, belə çıxır ki, Müsavatın radikal qanadı AXCP (i)-nin qərarını dəstəkləmir. Xatırladaq ki, Müsavat daxilində yaranmış ikitirəliklərdən biri də sözügedən aksiyalarla bağlı fikir ayrılığıdır.
Maraqlı nüanslardan biri də odur ki, bu arada Pənah Hüseynov kuluarda fəallığını nümayiş etdirməyə cəhd göstərir. AXP-nin təkbaşına "lideri", faktiki olaraq, "İctimai Palata"nın "ruporuna" çevrilib. Mətbuata açıqlamasında P.Hüseynov bildirib ki, "palata"nın mitinqləri ertələmək barədə qərarı müvəqqətidir. O, yenidən sərsəmləyərək bildirib ki, "hər an mitinqlər başlaya bilər". Lakin aksiyaların başlamayacağını hamıdan çox bilən də məhz Pənah Hüseynovdur. Çünki AXCP (i) qərarı boşuna çıxarmayıb. Radikal müxalifət kütləvi aksiyalar keçirə bilmədi. AXCP (i) də uğradıqları biabırçılığa, müvafiq olaraq, mitinqlərin ertələnməsinə qərar verdi. Maraqlı məqam isə partiyalar arasında münasibətlərin bu həddə çatmasıdır.
Bildiyimiz kimi, ardıcıl məğlubiyyətlər daim parçalanma doğurur. Aksiyaların zəif alınması, çoxunun istefalara getməsi müxalifətin bu qanadında ümidsizlik yaradıb. Partiyalar arasında davam edən ziddiyyətlərin səngiməməsi də bu səbəbdəndir. Amma ortada başqa "görüntülər" də var. Həmin görüntülərdən də bəlli olur ki, AXCP (i) "palata" daxili mübarizəni Müsavata uduzub. Çıxarılan son qərarlar belə deməyə əsas verir ki, artıq Müsavat "mehriban düşmən" statusunda olan opponentindən təşəbbüsü ələ ala bilib. AXCP (i) sədrinin müavini İbrahim Vəliyevin istefasından sonra siyasi təşkilat rəhbərlərinin depressiyaya düşdüyü faktdır. AXCP (i)-nin hazırkı dövrdə aksiyalardan imtinası növbəti biabırçılığa düçar olmaması üçün oyundan çıxmağına daha çox bənəzyir. Görünür, AXCP(i) qondarma qurum daxilində mövqelərini itirərək geri çəkilməyi üstün tutub.
Göründüyü kimi, radikal müxalifət daxilində ciddi qarşıdurmalar davam edir və yaxın günlərdə AXCP(i)-nin "İctimai Palata"dan çıxması reallaşa bilər. Eyni zamanda, Müsavatın anidən tərs addım atması da həmin partiyanın daxilində yeni problemlərin ortaya çıxmasına şərait yaradıb. Bir sözlə, istər "palata" daxilində, istərsə də orada cəmləşən siyasi təşkilatlar daxilində ziddiyyətlərin baş verməsi arxasında yenidən Müsavat amilinin dayanması şübhə doğurmur. Görünür, bu partiya maliyyələşməkdən ötrü bütün siyasi çirkinliklərdən istifadə etməyi qarşısına "məqsəd" qoyub. Hərgah, bu, inandırıcı görünmür...