Müxalifətin “gənclər siyasəti"
Bu gün Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatındakı rolu, ölkə quruculuğunda, eləcə də, dövlətçiliyin inkişafı istiqamətində aktiv fəaliyyəti cəmiyyət, sağlam düşüncəli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməkdədir.
Minlərlə gənc nəslin nümayəndələri ölkənin ictimai həyatında fəallıq göstərir, dövlətimizin inkişaf edərək, daha da çiçəklənməsinə dəstək verir, bir sözlə, dövlətimizin yaratdığı bütün imkanlardan maksimum istifadə edirlər. Azərbaycan gəncliyi bu gün dünyanın ən fəal gəncidir desək, qətiyyən yanılmadığımızın şahidi olarıq.
Qeyd etməliyik ki, radikal müxalifətin sağlam fikirli gənclərdən istifadə edərək, onları öz mənfur niyyətlərinə cəlb etmək cəhdləri də özləri kimi iflasa uğradı. Müəyyən qüvvələrin təsir altına düşərək icazəsiz aksiyalarda iştirak edən 5-10 gənci Azərbaycan gəncinin adı ilə bağlamaq, təbii ki, qeyri-mümkündür. Və başqa nüansa da diqqət yetirsək, görərik ki, radikal müxalifət deyilən düşərgədə təmsil olunan zəhərlənmiş gənclər Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən siyasi təşkilatların təsiri altına düşmüş insanlardırlar. Lakin zaman-zaman, həmin gənclər də hansı bəlaya düçar olduqlarını anlayaraq, necə deyərlər, ziyanın yarısından geri dönəcəklər. Necə ki, bu cür faktlar dəfələrlə öz təsdiqini tapmışdır.
Bu gün Azərbaycan gəncləri 1990-cı illərin gəncləri deyillər. Gənclər dünyada gedən iqtisadi-siyasi proseslərdə yaxından iştirak etdiklərinə görə, Əli Kərimov, İsa Qəmbərov istəyirlər ki, fəal gəncləri ələ alsınlar, onları şəxsi maraqlarına, ambisiyalarına qurban versinlər. Lakin bu, onlarda alınmadı. Çünki özlərinin yardıma ehtiyacları var, çünki onların yürütdükləri "gənclər siyasəti" bütövlükdə süqut etdi və çünki Azərbaycanda gənclik böyük bir qüvvədir. Sağlam ruhlu azərbaycanlı gənc bir daha imkan verməz ki, müxalifət partiyaları çirkin və xəyanətkar niyyətlərinə çatsınlar.
Eyni zamanda, müxalifət düşərgəsinin zəhərinə mübtəla olmuş beş-on gənc radikallarla əməkdaşlıq edən erməni gəncləri tərəfindən də təsir altına düşənlərdəndirlər. Həmçinin, özlərini "lider" hesab edən kərimovlara, qəmbərovlara sual ünvanlamaq lazımdır ki, 90-91-ci illərdəki çağırışlarınız ucbatından şəhid olan gənclərin ailələrindən xəbəriniz varmı? Heç olmasa, şəhid ailələrin qapısını döyüblərmi? Əlbəttə ki, yox!