PDF Oxu

Müxalifət

  • 18

Radikalların iflası konstruktivlərə yeni imkanlar açır

Radikalların iflası konstruktivlərə yeni imkanlar açır

Hər bir siyasi prosesin cərəyanı siyasət sferasında müxtəlif təmayüllü qüvvələrə yeni imkanlar yaradır. Bu məqam, xüsusilə, müxalifət düşərgəsində təmsil olunan siyasi təşkilatlara aiddir. Bəllidir ki, özlərini "həqiqi müxalifət partiyası" hesab edənlərin böyük hissəsi seçkilərdə və digər proseslərdə düçar olduqları uğursuzluq nəticəsində tədricən mövqelərini itirməyə başlayırlar. Bundan yararlanan və müxalifət mövqeyində olan digər qüvvələr isə həmin boşluqdan istifadə edərək, aparıcı opponent rolunu ələ almağa çalışırlar.

Dəyişən qüvvələr nisbəti

Adətən, hər bir siyasi olay müxalifətçilər daxilindəki qüvvələr nisbətini birinin xeyirinə, digərinin isə ziyanına dəyişir. Bu yerdəyişmələr zaman-zaman təkrarlanır və demək olar ki, bütün təşkilatları əhatə edir. Uzun müddət müxalifətin "aparıcı siması", yaxud da "liderləri" rolunda çıxış edən radikal qüvvələr artıq bu mövqeyi, tamamilə itirib. Əslində, ictimaiyyət bu reallığı son seçkilərdən sonra hiss edib və onların nüfuzunun tam şəkildə aşağı düşdüyü qənaətindədir. Daha dəqiq desək, mövcud reallıq bu qüvvələrin iflasını zəruri və labüd edir. Əvəzində isə konstruktiv müxalifət kimi tanınan təşkilatlar parlamentdə yerlərə sahib çıxa bilib. Bu isə, başqa məqamlardan da xəbər verir ki, yaxın dövr ərzində ümummüxalifət daxilində daha ciddi yerdəyişmələrin baş verməsi tezləşə bilər.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı müəyyən məsələlərdə konstruktiv müxalifətin imkanlarının genişləndiyini düşünür: "Son seçkilər və başqa proseslər göstərdi ki, Azərbaycanda siyasi müstəvidə yeni mərhələ başlayır. Artıq radikallıq dövrünün bitdiyini hamı dərk edir".
Siyasi hadisələr göstərdi ki, konstruktiv müxalifət düşərgəsində olan insanlar üçün daha yaxşı imkanlar açılıb. Onlar öz bilik və bacarığından istifadə etməklə müxalifətçi kimi dövlətçiliyin inkişafına dəstək vermək baxımından böyük şanslar əldə edib. Amma kəskin radikallıq, düşmənçilik mövqeyi tutanlar üçün artıq heç bir perspektiv gözlənilmir. Müxalifətin yalnız hakimiyyətə gəlmək üçün mövcud olmamasını da düşünən assosiasiya rəhbəri siyasi qüvvələrin sabitliyin də qorunması ətrafında iqtidarla əməkdaşlıq etməyini vacib amil kimi dəyərləndirir: "Cəmiyyət də ölkədə stabilliyin qorunub saxlanmasını, sakit, düşmənçilikdən uzaq siyasi mühitin formalaşmasını istəyir ki, Azərbaycan iqtisadi cəhətdən daha artıq inkişaf etsin".
"Milli Dirçəliş Hərəkatı"nın rəhbəri, millət vəkili Fərəc Quliyev isə bu fikirdədir ki, indiki halda müxalifətin normal fəaliyyəti üçün imkanlar artıb: "Azərbaycanda "Elçibəy-Rəsulzadə yolu" adı altında imitasiya edən, əslində, xaricilərin əlində olan qrup müxalifəti məhv edilib. İndiki radikal müxalifətin isə heç bir şansı yoxdur. Biri İrana işləyir, digəri Qərbin əlində gündə bir rəngdə köynək geyir".

Digər xəbərlər