Əhməd Orucov niyə siyasətdən getmir?
Müxalifət partiyalarının ard-arda uğradığı acı məğlubiyyətlər seriyası istər siyasi təşkilatların daxilində, istərsə də, həmin partiyaların cəmləşdikləri qurumlarda qarşılıqlı ittihamların səsləndirilməsinə səbəb olmaqdadır. O da bəllidir ki, ölgün düşərgədə yaranmış vəziyyətdən yetərincə istifadə etməyə cəhd göstərən müxtəlif irili-xırdalı partiya rəhbərləri irəli sürdükləri ittihamlar vasitəsi ilə, əslində, öz reputativliklərini önə çəkməyə cəh edirlər.
Lakin bütün bu çabalara baxmayaraq, sözləri bir-birinin boğazlarından keçməyən partiya rəhbərləri geriyə yuvarlanırlar ki, irəliləyə bilmirlər. Daha dəqiq desək, həm sıravi müxalifətçilər, həm də daxili siyasət aləmində baş verən maraqlanan cəmiyyət tərəfindən gülüş-istehza obrazına çevrilirlər. Bu cür vəziyyətə düçar olanlardan biri də düşərgədaşlarını siyasət arenasını tərk etməyə səsləyən, lakin özünü bu siyahıya daxil etməyi unudan "Azadlıq" partiyasının və "Demokratiya Uğrunda İttifaq"ın sədri Əhməd Orucovdur.
Xatırladaq ki, "müxalifət partiyalarının son 20 ildə yaratmış olduğu birlik və blokların məqsədlərinə çatmadan dağılması bir sıra səbəblərlə bağlıdır" deyən "DUİ" sədri Əhməd Orucov mətbuata açıqlama verərkən, əlavə edib ki, yaxın keçmişdə təsis edilən birlik və blokların əksəriyyəti eyni adamlar tərəfindən yaradıldığına görə, onların prosesləri düzgün qiymətləndirmək imkanları yoxdur. Eyni zamanda, o, siyasi partiya rəhbərlərini qocalmış və əldən düşmüş obrazında gördüyünü, ağıl-dərrakə cəhətindən də yetərli olmadıqlarını dolayısıyla ifadə edib: "Onlar artıq yaşlanmış adamlardır. Elə liderlər var ki, 60 yaşını keçib. Həmin şəxslərin intelekti isə çoxdan tükənib."
Əslində, "DUİ" sədri öz ifadələri ilə sözlərində həqiqəti əks etdirir. Ancaq başqalarının gözündə çöp axtarmaqla, öz gözündəki tiri görə bilmir. Düzdür, istər qondarma "İctimai Palata"da, istər "Qarabağ Uğrunda Respublika Hərəkatı"nda, istərsə də, "ANİF" adlanan qurumda cəmləşənlər quruca adlarından başqa heç nəyə yaramırlar, amma "DUİ" adlanan siyasi qurum da həmin təşkilatlar sırasında öncül yerlərdən birini tutmaqdadır. Yəni heç nəyə yaramayan siyasi qurumdur.
Ə.Orucov bu gün dad-imdad edir ki, "əgər həmin liderlərin qabiliyyətləri olsaydı, Azərbaycanda milli hakimiyyətin qorunub saxlanmasında lazımi tədbirlər görərdilər." Fəqət, "milli hakimiyyət" dediyi zaman, böyük yanlışlığa, mən deyərdim, "başından böyük səhfə" yol verir. Çünki onun istinad etdiyi "milli hakimiyyət" AXC-Müsavat cütlüyünün dövrünə aid olunur və o zaman heç bir milli hakimiyyət-filan mövcud deyildi. Çünki məhz həmin iqtidar milləti - xalqı qırğına verib və ermənilərlə işbirliyinə gedib, hazırda işğal altında olan torpaqlarımızı dəyər-dəyməzinə satırdılar. Ölkədə, qan su yerinə axırdı və hər bir vətəndaşın həyatı ciddi təhlükə altında idi. Ona görə də, belə bir hakimiyyəti "milli hakimiyyət" adlandırmağın özü də, həmin xəyanətkarlardan biri olmaq deməkdir. Bunu Orucovun özü də öz sözləri ilə təsdiq etmiş olur.
Aprel ayında "DUİ"-nin qondarma toplantı keçirməsi ilə Ə.Orucovun "bəh-bəhlə" bu quruma yenidən bir illiyinə sədr seçilməsi də ciddi hadisə kimi dəyərləndirilə bilinməz . Ən azından, ona görə ki, həmin qurumun sədri "Azadlıq" partiyasının sədri Ə. Orucovdur...