“İctimai Palata"nın iflası...
AXCP(i) və Müsavatı sözdə "birləşdirən" "İctimai Palata" adlı qondarma qurum çıxılmaz durumdadır. Misir iğtişaşları başlanandan bu tərəfə hələ radikal müxalifət bu cür ümidsiz vəziyyətlə qarşılaşmamışdı. Məsələnin əsas mahiyyəti isə ondan ibarətdir ki, dağıdıcı müxalifətin bütün ümidləri puça çıxdı. 17 aprel mitinqinə qədər orada cəmləşənlərin bir çoxları elə zənn edirdilər ki, "inqilabi" proseslər davam edəcək. Lakin eyforiya dövrü arxada qaldı. Bəs müxalifətin arzuları nə üçün özünü doğrultmadı? Düşərgənin səhvi harada özünü göstərdi? Çünki müxalifət az-çox təcrübəli olsaydı, ən azından bu prosesi uzada, özünə siyasi dividend qazanmaq imkanı əldə edə bilərdi.
Lakin bunu bacarmadı. Eləcə də, "İctimai Palata"nı məğlubiyyətə uğradan "liderlərin" bir-birinə inanmaması, iki daşın arasında bir-birilə düşmənçilik etməsi, bir-birini sıradan çıxarmağa çalışması oldu. "İctimai Palata" yaranan gündən AXCP (i) ilə Müsavat arasında düşmənçilik davam edib. Gah Müsavatın adamları "İP"-də AXCP (i)-nin adamlarını sıxışdırıb, gah da "cəbhəçilər" Müsavat nümayəndələrinin irəli çıxmasını əngəlləyiblər. Xaliq Bahadırla Rauf Arifoğlu, Şahvələd Çobanoğlu ilə Arif Hacıyev arasında yaşananlar, yəqin ki, hələ unudulmayıb. Birincilərin "cəbhəni", ikincilərin isə Müsavatı təmsil etmələri aydın məsələdir. Amma görünür, AXCP (i) ilə Müsavat arasındakı ziddiyyətlər ölən, unudulan deyil. Müsavatla "Yurd" əbədi və əzəli düşməndilər və onların rəqabəti hansı blokda, qurumda təmsil olunmalarından asılı olmayaraq davam edəcək.
Müxalifətin azsaylı elektoratının ümidlərini divara çırpan məqamlardan biri də müxalifətin vaxtından qabaq tələsməsi oldu. Təcrübəsiz müxalifət "liderləri" hazırlıqsız aksiya keçirməklə, bütün işi bərbad etdilər. Söz yox ki, Azərbaycan cəmiyyətində hər hansı inqilabi situasiya yox idi. Azərbaycan cəmiyyəti Afrikanın ərəb dövlətləri kimi deyildi. SSRİ dağılmış, müttəfiq respublikalar azadlığa çıxmış, sosializm quruluşundan bazar iqtisadiyyatına keçmişdi. Amma Misir, Liviya kimi dövlətlərdə ötən əsrin 70-ci illərində mövcud olan siyasi və iqtisadi sistem hələ də qüvvədə idi. Azərbaycanın fərqli inkişaf modeli var və bizdə "ərəb dalğası"nın təsiri sıfıra bərabər idi. Ən əsası isə ənənəvi müxalifətin 2005-ci ildə itirdiyi mövqeləri geri qaytara, reablitasiya oluna bilərdi. Mümkün olmadı, müxalifət "liderlər"inin buna siyasi iradəsi, təcrübəsi imkan vermədi. Nəticədə "inqilab" eyforiyası aradan qalxdı, inqilab ümidləri çilik-çilik oldu...