PDF Oxu

Müxalifət

  • 13

Bir uşağın manifesti

Bir uşağın manifesti
Məlum olduğu kimi, aprelin 17-də bəzi müxalifət partiyaları Bakı şəhərində yenidən qanunsuz aksiya keçirməyə cəhd göstərdilər. Aksiyanın icazəsiz olması və baş tutmaması müxalifətin bu hərəkətlərinin heç bir hüquqi və sosial əsası olmamasını göstərdi. Lakin bundan ibrət dərsi çıxarmayan radikal müxalifət liderləri hər dəfə gəncləri, xüsusən də, tələbələri qabağa verərək ölkədə qarışıqlıq yaratmağa cəhd edirdilər. Növbəti aksiyada isə, onların taktikanı dəyişdikləri ortaya çıxdı. Əhalinin bütün kateqoriyalarından əli üzülən radikallar bu dəfə azyaşlı məktəblilərdən yararlanmağa çalışdılar.
Hər bir vətəndaşa bəllidir ki, radikal müxalifət və onların idarə olunduğu xarici anti-Azərbaycan dairələr hər bir xoşagəlməz hadisəni hakimiyyətə qarşı kampaniyaya çevirməyə və iqtidarın nüfuzuna xələl gətirməyə çalışırlar.
Təsadüfi deyil ki, aprelin 17-də "Sahil" bağında radikal müxalifətin qanunsuz aksiyası zamanı ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin edən polisin azyaşlı uşağı və onun anasını gərginlik müşahidə olunan ərazidən uzaqlaşdırması ətrafında şou təşkil edilir.
Hər şeydən əli üzülən radikallar indi də, anormal valideyni tərəfindən aksiyaya gətirilmiş və polis tərəfindən oradan uzaqlaşdırılan azyaşlı qızcığaz ətrafında süni hay-küy yaratmaqla məşğuldurlar.
Neçə gündür ki, "Facebook" sosial şəbəkəsində, müxalifət qəzetlərində və internet resurslarında "xalqın kiçik qəhrəmanı" adlandırılan bu qızcığazın ətrafında ucuz şou yaratmaqla məşğul olanlar bundan yararlanmağa çalışırlar. Lakin həmin azyaşlının psixoloji durumu və gələcəyi haqda narahatlıq duyan yoxdur.
Dəfələrlə polis kordonunu yarıb keçmək istəyən, qanuni tələblərə məhəl qoymayan, xüsusi aqressivlik nümayiş etdirən qadının hakimiyyət əleyhinə siyasi monoloqu və hələ təfəkkürü formalaşmamış uşağın siyasi şüar səsləndirməsi bu hadisənin xüsusi təşkil edildiyini göstərir.
Tutaq ki, bu adamlar həmin uşaqdan öz məqsədləri üçün yararlanmağa cəhd edirlər. Bəs uşağın valideynləri nə işlə məşğuldur, öz uşaqlarının siyasi mübarizədə alət kimin istifadə edilməsinə nədən mane olmurlar?
Videogörüntülərdən də göründüyü kimi, həmin məktəblini aksiyaya anası özü gətirir. Bunda onun maddi maraqlarının olduğunu düşünmək olar. Bu hal isə "ana" statusu ilə bir araya sığmır. Bəs öz azyaşlı uşağını antimilli qüvvələrin öz məqsədləri üçün istifadə etdiyi varlığa çevirən bu "ana" kimdir?
Əldə etdiyimiz məlumata görə, bu qadın 1977-ci il təvəllüdlü, Bayıl qəsəbəsində qeydiyyatda olan Gülnarə Quluzadədir. Onun müxtəlif adamlara borclu olduğu, borc sahiblərindən gizlənmək üçün öz evini kirayəyə verdiyi və hazırda Yasamal rayonu ərazisində kirayədə yaşadığı bildirilir.
G.Quluzadə heç bir yerdə işləmir, "Həyat" ləqəbi ilə "Korel" barının daimi müştərisi kimi tanınır. Onun həyat yoldaşı və qardaşı cinayət məsuliyyətinə cəlb ediliblər və məhkum olunublar. G.Quluzadə aksiya zamanı şou yaratmaq üçün radikal müxalifət tərəfindən təlimatlandırılıb və bu işə görə ona pul verilib.
Hər bir ana təhlükə yarandıqda, ilk növbədə, övladını qoruyur, onu həmin yerdən maksimum uzaqlaşdırmağa çalışır. Pula görə övladını təhlükəyə atmaq həmin qadının anormallığını və onu maliyyələşdirənlərin mənəviyyatsızlığını göstərir.
Sivil ölkələrdə belə hala görə ana məsuliyyətə cəlb oluna və analıq hüququndan məhrum edilə bilər. Həmin ölkələrdə ictimai qurumlar, mətbuat dərhal uşaq hüquqları, təhlükəsizliyi məsələlərini gündəliyə gətirir, valideynin cəzalandırılmasını tələb edirlər. Bizdə isə, jurnalistlər ucuz sensasiya yaratmaq naminə bir uşağın həyatı ilə oynayırlar.
Bəzi xarici dairələrin, KİV-lərin bu məsələni başqa prizmadan təqdim etməsi onların obyektiv olmadığından, qərəzliliyindən xəbər verir. Heç kim radikal müxalifətin icazəsiz aksiyasına nədən heç kimin qatılmadığını müzakirə etmir. Hamısı diqqəti bundan yayındırmaq üçün bu uşaq ətrafında hay-küy salmaqla durumdan çıxmağa çalışır.
Bu qızcığazın indi dərs oxumaq, yoldaşları ilə birlikdə oynamaq vaxtıdır. Əgər biriləri dövlətçiliyə qarşı çıxmağa adam tapa bilmirlərsə, bu, o demək deyil ki, siyasi proseslərdən heç nə anlamayan azyaşlılardan istifadə etməlidirlər.
Bunlar öncə nisbətən yaşlı gəncləri qızışdırıb hakimiyyətə qarşı çıxarmaq istədilər alınmadı. Sonra bir az aşağı yaş qrupuna- tələbələrə təsir etməyə çalışdılar, yenə də alınmadı. İndi də məktəbliləri oyunlarına alət etməyə çalışırlar. Bu məntiqlə bir azdan uşaq bağçalarından "elektrorat" toplamağa çalışacaqlar.
Ümumiyyətlə, hər kəsə aydındır ki, müxalifət mətbuatının bu mövzu ətrafında şou düzəltmək, guya Azərbaycanda artıq azyaşlı uşaqların da "azadlıq", "demokratiya" istəməsi görüntüsü yaratmaq cəhdi ifrat qərəzin, insan haqları anlayışına, azyaşlı cəmiyyət üzvlərinə hörmətsizliyin bariz nümunəsidir.
Əgər müxalif düşərgədə heç kim qalmayıbsa, o zaman bunun səbəbləri haqda düşünmək lazımdır. Nəinki özləri kənarda dayanıb, azyaşlı qızın öncədən öyrədilərək qışqırmasını lentə almaqla məşğul olmaq.
Beləliklə, qondarma "İctimai Palata" adlı qurumun aprelin 17-də keçirməyə cəhd göstərdiyi aksiya bir daha göstərdi ki, radikal müxalifətin heç bir sosial bazası, elektoratı yoxdur.
Göründüyü kimi, xarici dairələr xidmət edən, xalqı və dövləti düşünməyən radikalların əsas məqsədi ölkədə iğtişaş yaratmaq və düşmən dəyirmanına su tökməkdir.
Əslində, bu hərəkəti ilə müxaliflər bir daha öz simasını göstərdi. Bu da Azərbaycan xalqına qarşı çıxmaq, milli maraqlarımız, dövlətçilik əleyhinə çıxmaqdan ibarətdir. Bu xalq öz taleyini belə adamlara etibar etmək fikrində deyil və görünən odur ki, heç vaxt da olmayacaq.
İndi də, ötən aksiyaların rüsvayçılıqla sona çatmasından ibrət götürməyərək, yeni mitinq keçirməyə çalışırlar. Amma şübhə yoxdur ki, xalq bu dəfə də onları boykot edəcək və Azərbaycanın ərəb ölkəsi olmadığını bir daha göstərəcək.

Digər xəbərlər