MÜXALİFƏTÇİLƏR VƏ YA ZƏRGƏR ŞAGİRDLƏRİ...
Hələ qədim zamanlardan usta zərgərlər arasında qəribə bir adət vardı. Müştərilər tərəfindən onlara verilmiş böyük karatlı almazı və ya brilyantı heç vaxt özləri parçalamazdılar. Bu işi öz şagirdlərinə həvalə edərdilər. Çünki qoca zərgər zər qədrini yaxşı bilirdi, onu parçalayıb, xırdalamağa əvvəl ürəyi sonra isə əli gəlmirdi...
İndi də bizim bu müxalifətçilər, dönüb olublar zərgər şagirdləri... Belə ki, xaricdəki havadarlarından aldıqları qrantlarla lüks həyat keçirirlər, "inomarka" avtomobillərdə gəzirlər, bir neçə cangüdən saxlayırlar, ermənilərlə konyak içib, sazişlər imzalayırlar, daha nələr, nələr... Hərdənbir də alınan qrantların məbləğini ört-basdır etmək üçün bir-iki "mitinq" düzənləyirlər.
Özləri demokratiya sözünü əllərində bayraq edib, gəzirlər. Lakin küçələrində dinc aksiya keçirən gənclərə, xanıma yaraşmayan tərzdə üç barmaq işarəsi göstərirlər. Axı nə etsinlər, 92-ci ilin dadı damaqlarında yaman yaxşı iz buraxıb. Universitetlə vidalaşan kimi, heç bir təcrübə toplamadan prezident sarayında şöbə müdirləri olan Əli Kərimov və həyat yoldaşı həmin illərdə bu dirsəkdən və barmaqdan çox sallayıblar. Lakin yalnız gənclərə yox, bütün Azərbaycan xalqına... O dövrdə gecədən-səhərə qədər növbələrdə dayanmalı idin ki, evinə bir qismət çörək nəsib olacaq, ya yox. Hələ çörəyin tərkibini demirəm, jmıx idi, nə idi deyə bilmərəm. Onu eks-baş nazir Pənah Hüseynov yaxşı bilirdi, üzü ağ olsun...
Birini qoyub, o birinə keçirəm. 1992-ci il idi, evlərdə atəş səsindən yata bilmirdik, həm də müharibə bölgəsində yox, paytaxt Bakıda... Bir qonşumuz var idi, özü də nevroloji xəstə idi, elə indi də var. (Lazımı orqanlar maraqlanarsa, şəxsin kimliyi barədə məlumat verə bilərik). Gecələr saat 2-də, 3-də küçəyə çıxıb, avtomatla göyə güllələr yağdırardı, səsi qulağımızı partladırdı. Belə adamları əsəbləşdirmək bilirsiniz ki, olmaz, avtomatın ağzını düz üstünə çevirərdi. Qardaşı birinci Qarabağ müharibəsi veteranı olan, bir bacı olaraq, bir səhər ona asta, incə səslə səsləndim, dedim: - İsmayıl, gecə niyə qoymursan yataq? Mənim qardaşlarım Qarabağdadı, sən niyə silahını götürüb ora, düşmənlə döyüşə getmirsən?
- Bacı, sizə hörmətim böyükdür, amma bu mənə partiya tapşırığıdır. Aramızda qalsın, AXCP-dən bu silahı mənə veriblər ki, gecələr atım, camaatı qorxudum, gözlərinin odunu alım. Hökumətdən qorxmayan Allahdan qorxmaz deyirlər, mən nə edim.
Bərəkallah, bu da AXC-Müsavat cütlüyünün qurduğu hökumət. Xəstə təfəkkürlü insanlar toplusu və sarsaq yürüdülən siyasət... Öz xalqını aclıq içində saxlayan, çörək əvəzinə adını çəkmək istəmədiyim quş yemləri yedizdirən, Qarabağı qorumaq əvəzinə paytaxt əhalisini lərzəyə gətirən, sözün əsl mənasında görməmiş bir komanda yenə öz əməlləri üçün yadırğayıb. Mitinqlərlə yenə xaos - anarxiya yaratmaq eşqinə düşüb.
Heç vaxt yadımdan çıxmaz, evdə oturub ailəvi canlı yayımla o zamankı müdafiə naziri Rəhim Qazıyevin çıxışına baxırdıq. İki-üç cümlədən bir cibindən "kosmos" siqaretini çıxarıb çəkən, Şuşa getsə başıma bir güllə vurub ölərəm deyən, eks-nazirə sözün əsl mənasında hücum oldu. O vaxtkı daxili işlər naziri İskəndər Həmidov canlı efiri basdı. Bu hərəkəti etməkdə məqsədinin o olduğunu bildirdi ki, hirsləndi, evdə otura bilmədi. Efirə gəldi desin ki, adam kişi olar, "Malbro"nu "Malbro" qutusundan çəkər, daha Rəhim kimi "Kosmos" qutusuna yığmaz. Xalqın gününə bax! Xalqın naziri hirslənməli idi ona görə ki, Laçın, Kəlbəcər, Şuşa, Xocalı əldən gedir, erməni daşnaqları ana-bacının namusuna toxunur, dədə-babaların məzarları söyüş obyektinə çevrilir... Lakin bu zərrə qədər də olsun güc nazirlərini maraqlandırmırdı, əsas prioritet məsələ o idi ki, niyə Rəhim Qazıyev siqaretləri dəyişib?
R.Qazıyev yaxşı dərk edirdi ki, xalq aclıq, səfalət içindədi, bahalı siqaret çəkmək, açıq-aydın olmaz, dəyişib çəkməksə olar. Buna vicdan yol verər. Deməli, torpaqlar da belə verilməli idi. Açıq-aydın yox, Şuşada yalançı bir basqın düzənlənər, bir-iki nəfər əsgər ölər, R.Qazıyev də yalandan yaralanar, olar, bitər, əlvida...
O ki, qaldı komandanın öz təbirlərincə desək, ən təmkinli üzvü İsa Qəmbərov bəyə, vəziyyət burda bir az başqa cürdür. Atalar yaxşı deyiblər ki, "küllükdən saman olmaz, gədadan bəy". Spiker seçilən günü canına yel dəyməmiş həyat yoldaşına və özünə ən bahalı marka eynək çərçivələri sifariş verən İ.Qəmbərov "xoruzun quyruğunu" düzənlədiyi parlamentdə elə itirdi ki, o vaxtdan bu vaxta axtarıb tapa bilməyib. Bu istiqamətdə son koalisiyanı Ə.Kərimovla qurması nələrdənsə xəbər verir, amma o da nə isə...
Partiyasının adını Müsavat qoyub, özünü Stalinə bənzədərək əlinə tənbəki alan, bu oxşarlıqdan fəxr duyan İ.Qəmbərov, yəni eks-spiker elə "buz heykələ" dönmüş təmkini ilə torpaqların gedişini soyuqqanlı şəkildə seyr elədi. Təki evdəkilərə bahalı hədiyyələr alıb, özünü bir kişi kimi və ailə başçısı kimi təsdiq etsin. İ.Qəmbərov, Ə.Kərimov, R.Qazıyev kimilər üçün xalq olsa da olar, olmasa da, təki öz canları sağ olsun.
Bunların vətən təəssüblərini, milli hisslərini itirdiklərini hələ uşaq yaşlarımdan yaxşı dərk edirdim. Həyatda elə anlar olur ki, həqiqətən şərəflə ölmək, şərəfi itirib yaşamaqdan qat-qat üstün olur.
Yazının əvvəlində əbəs yerə bu müxalifləri zərgər şagirdlərinə bənzətməmişdim. 1992-ci ildə Azərbaycanı parçalayıb, darmadağın etmişdilər. Bugünki iqtidar, başda ümummilli liderimiz Heydər Əliyev olmaqla, hansı çətinliklərlə Azərbaycanın ikinci dəfə qazanılmış müstəqilliyini qorudu və saxladı, o bu xalqa bəllidi. Param-parça olmuş dövləti toplamaq, vahid strukturdan idarə etmək, bu idarəetməçilikdə yüksək mədəniyyət nümayiş etdirmək, yalnız dühaya məxsus hərəkət idi.
Parlamenti, nazirlikləri, digər başqa dövlət əhəmiyyətli obyektləri siqaret dumanında gəmi fitinə bənzədənlər, indi yenidən Azərbaycana rəhbərlik, ağsaqqallıq etmək istəyirlər, çünki bunun dadını bilirlər. Lakin dadını bildiyin hər bir şeyin əvvəlcə qiymətini bilməlisən. Qiymətini bilmədiyin şeyə yiyələnmək arzusu və istəyi artıq sağlam düşüncənin məhsulu deyil. Nə qədər acı olsa da fakt, fakt olaraq qalır.