PDF Oxu

Müxalifət

  • 17

Mirmahmud Fəttayev də "İctimai Palata"nı boykot etdi

Mirmahmud Fəttayev də "İctimai Palata"nı boykot etdi

"Demokratiya Uğrunda İttifaq"dan bir sıra dairə və güclərin diqtəsi ilə imtina edərək, "İctimai Palata"ya qoşulan "KAXCP" sədri Mirmahmud Fəttayev oradan da küskün düşüb. Hələ "İP"-yə yaradıldığı dönəmdə belə, bura böyük tərəddüdlərlə və müəyyən şərtlərlə gələn M.Fəttayev maraqları nöqteyi-nəzərindən az vaxt orada ayaq saxlamalı da olub.
Çünki bir sıra xarici donor təşkilatların diqtəsi və birbaşa maliyyə yardımı ilə yaradılmış "İP"-nin nə kimi məqsəd və funksiyaları yerinə yetirəcəyini heç orada təmsilçiliyə razılıq verənlər də anlamırdılar. Sonradan isə 10 milyon dolların "İctimai Palata"ya ayrılması tamamilə ağır durumda olan müxalifət partiyaları üçün sanki göydəndüşmə bir təsadüf oldu. Eyni zamanda, bu ayrılan vəsaitlərin davamlı olacağı ilə bağlı da vəd alan müxalifət təmsilçiləri buranı özləri üçün bir "qida" mənbəyi kimi qiymətləndirirdilər. Lakin onların əllərini qulaqlarının dibinə qoyaraq, hazır-havayı pul əldə etmək niyyətləri bu dəfə də daşa toxundu. Çünki pulu verən ünvan, yəni hələ də, özünü qaranlıq saxlayan, ara-sıra isə "Soros" fondunun adı hallanan yerdə, təbii ki, göstərişin olması da labüddür. Ona görə də, bir-birinə verilən göstərişlərin yerinə yetirilməsi müxalifət partiyaları üçün əlavə problemlər yaradıb. Digər bir yandan onların verilən bu tapşırıqları yerinə yetirmək üçün tələb olunan sosial dəstəyinin olmaması da vəziyyəti tamamilə ağırlaşdırır. Başqa bir tərəfdən isə, məhz müxalifət partiyalarının iflasının real olduğu bir məqamda onların hansısa bacara bilmədikləri bir tapşırığın verilməsi də durumun daha kritik nöqtəyə çatmasını diqtə edir. Amma yeganə bir istək, müxalifət partiyalarının asan yolla pul qazanmaq arzuları onların bacarıqlarından artıq işlər görməyə bunun da çirkinliklərinin açıq şəkildə cəmiyyətə çıxmasına səbəb olur.

"İctimai Palata" niyə bu qədər şişirdilir?

20 ilə yaxındır ki, müxalifətin vahid idarəetmə mərkəzinin olmaması bir sıra uyğunsuzluqların, partiyalararası münaqişlərin açıq şəkildə üzə çıxmasını təmin etmiş olub. Müəyyən dövrlərdə düşərgə təmsilçilərinin müxalifətin ümumi birliyinin yaradılması ilə bağlı səslənən fikirlər, irəli sürülən təkliflər isə sonda daha böyük parçalanmalara, daxili nifaqların şiddətlənməsinə imkan verib. Ona görə də, sonluğa doğru yüksək sürətlə istiqamət götürmüş müxalifət partiyalarını bu yoldan qurtarmaq və hansısa gözəgörünməz bir qüvvənin onları xilas etmək bacarıqları da sıfır səviyyəsində hesablanır. Sadəcə olaraq, müxalifətin son nəfəsində onun bacara bildiyi "iş"lərdən, yəni uyğunsuzluq, yalançılıq, çirkinlik, uydurmalılıq, ikiüzlülük və s. kimi xüsusiyyətləri müəyyən qüvvələrin maraq obyektinə çevrilib. Məhz onlardan bundan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Elə müxalifətin sonuncu anında "İctimai Palata" yaradılması ilə bağlı təklifin haradan və necə gəlməsi geniş ictimaiyyət üçün sirr olaraq qalmayıb. Çünki bu sifarişi verib sonradan da, onu ictimailəşdirməyə çalışan qüvvələr məhz "İctimai Palata" adı altında gündəmin nəbzini tutmağa çalışırlar. İndiki real mənzərə isə deyiləni tam təsdiqləyir ki, sanki bu günə qədər müxalifət yoxmuş və yaxud "İctima Palata" ümumi müxalifət deməkdir kimi qondarma fikir formalaşdırılmağa çalışılır. Səhər-axşam müxalifət düşərgəsində diqtə edilərək, cəmiyyətə ötürülməyə hesablanmış yalan və uydurma bəyanatlarda da, süni şəkildə "İctimai Palata"nın şişirdilməsi üzərində "iş" gedir.

Nəhayət, "İctimai Palata"nın təsisçilərindən olan Mirmahmud Fəttayev ondan imtina etdi

Bir neçə gün öncə Müsavat partiyasının qərargahında "İctimai Palata"nın növbəti qondarma toplantısı keçirildi. Toplantıda adı çəkilən təşkilata birbaşa vəsait və göstəriş ünvanlayan təşkilatlarla sırf bağlılığı olan xarici ölkələrin səfirləri də iştirak edirdi. Tədbirə bir sıra müxalifət partiyalarından, qeyri-hökumət təşkilatlarından, ictimaiyyət nümayəndələrindən bir sıra şəxslərin gəlməsi planlaşdırılsa da, növbəti dəfə bu, baş tutmadı. Xarici qonaqları ilə baş-başa qalan Müsavat başqanı İsa Qəmbərov toplantıya heç kəsin gəlməməsindən bərk məyus oldu. Eyni zamanda, dəvətlilər arasında məhz "İctimai Palata"nın təsisçilərinin də, sayca çoxluq təşkil etməsi, amma onların sonradan burada iştirakadan imtina etməsi ortaya müəyyən sualların çıxmasına şərait yaradıb. Çünki bu tədbirə gəlməyənlər sırasında "İctimai Palata"da iştirakına görə, "dost-tanış"ını da itirən "KAXCP" sədri Mirmahmud Fəttayev hərəkətinə "haqq" qazandırmağa çalışıb. Onun iddiasına görə, bir sıra vacib işləri olduğu üçün bu toplantıda iştirak edə bilməyib. Amma nəzərə almaq lazımdır ki, əlimizdə M.Fəttayevin həmin toplantının başlamasına bir neçə dəqiqə qalmışa qədər İ.Qəmbərova mobil telefonda "gəlirəm" deməsinə dair dəqiq bilgilər var. Eyni zamanda, onun "artıq qərargahın qarşısındayam" deyərək, İ.Qəmbərovu aldatması qaranlıq detallara aydınlıq gətirilməsinin vacibliyini üzə çıxarır. Çünki ilk növbədə onu aydınlaşdırmaq lazımdır ki, "İctimai Palata"da nə baş verir? İkinci bir amil isə özünün təşkilatını başsız buraxıb, "İP"-nin həmtəsisçiləri sırasına qoşulan M.Fəttayevi buradan narazı salan amil nəylə bağlıdır? Digər bir məsələ isə ortada böyük bir səbəbin olması ilə izah oluna bilər ki, bu da, M.Fəttayevin açıq şəkildə mobil telefonda İ.Qəmbərova yalan deməsidir. Ona görə də, "İP" daxilində və ondan kənarda baş verənlərə ilkin diqqət yetirərək, burada gərgin bir situasiyanın olduğunu söyləmək olar.

Digər xəbərlər