PDF Oxu

Müxalifət

  • 11

Parlament müxalifətinin "birlik" modeli

Parlament müxalifətinin "birlik" modeli
Parlamentdə konstruktiv müxalifət kimi təqdim olunan bir sıra müxalifət partiyaları hələ seçkilərdən öncə, iddia edirdilər ki, Milli Məclisə seçildikləri təqdirdə, öz fəaliyyət sistemlərində köklü dəyişikliklər edəcək, fraksiya halında cəmləşərək, ümumi fikir ətrafında təkliflərlə çıxış edəcəklər. Lakin seçkilər başa çatdıqdan və millət vəkili mandatını kimlərin qazandığı məlum olduqdan sonra Milli Məclisdə fraksiyaların yaradılması məsələsi gündəmə gəlsə də, ümumi razılaşma prinsipi növbəti dəfə fiaskoya uğradı.
Əgər nəzərə alsaq ki, bir zamanlar bu siyasi təşkilatların rəhbərləri, demək olar ki, "bir şineldən" çıxıb, onda hər hansı razılaşmama tendensiyası ortaya çıxanda, onların öz maraqları istiqamətində xidmət etmələri istəyi aşkar şəkildə sərgilənir. Belə ki, əgər xatırlasanız, hələ seçkilərdən əvvəl, təbliğat-təşviqat zamanı "İslahat" seçki bloku adı altında prosesə qatılan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və Ədalət Partiyasının rəhbəri İlyas İsmayılov Milli Məclisdə də bir araya gələrək, parlament müxalifətinin "birlik" modelini ortaya qoydular. Lakin gözlənilən digər "birləşmənin" tam əksinə olaraq, başqa müxalif parlament partiyaların, Vətəndaş Həmrəyliyi Partiyası və Demokratik İslahatlar Partiyasının mandat qazanmış nümayəndələri bu "birlikdə" təmsil olunmadılar. Daha dəqiq desək, ayrı-ayrılıqda fəaliyyət göstərəcəklərini bəyan edib, bundan sonra müstəqil çəkildə iclaslarda iştirak edəcəklərini bildirdilər. Halbuki seçkilər başa çatdıqdan sonra, bütün adları çəkilən təşkilatların deputatlarının bir araya gələrək parlamentdə fraksiya yaradacaqları söylənilirdi. Belə ki, DİP sədri Asim Mollazadə bunu xarici ezamiyyətləri ilə sığortalasa da, onun bu tip yayınmaları ictimaiyyətin gözündən qaçmadı. Ümimi olaraq, sözügedən məsələyə münasibət bildirən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı isə iddia edib ki, parlamentdə konstruktiv müxalifətin ümumi birliyi və birgə fəaliyyəti perspektivi hələ ki itirilməyib: "Parlament seçkilərindən sonra, hələ Milli Məclisin sessiyası başlamamışdan qabaq belə bir fikir vardı ki, ali qanunverici orqanda təmsil olunan azsaylı müxalifət qüvvələri bir araya gəlib, birgə fəaliyyət göstərsinlər. Söhbət "Demokratik" seçki blokunun deputat seçilmiş nümayəndələri ilə "İslahat" seçki blokunun nümayəndələrindən gedir. Və bununla bağlı görüşlər planlaşdırılmışdı ki, iki dəfə görüş keçirildi. Amma həmin görüşlərdə elə də dərindən müzakirələr aparılmadı."
Deputatın açıqlamasından da bəlli olur ki, öncələr qarşıya qoyulmuş məqsədlərə və təkilflərə dərindən deyil, səthi yanaşılır. Bu isə ümumi rəyə gəlinməməsi istiqamətində şlaqbaum rolu oynayan amillərdəndir. Eyni zamanda, Asim Mollazadə kimi, Sabir Rüstəmxanlı da parlamentdənkənar fəaliyyətini önə çəkərək, guya başının qarışıq olduğunu açıqlayır:" Sonra isə başım bir az qarışdı. Dünya Azərbaycanlıları Konqresinin (DAK) işləri ilə əlaqədar olaraq "İslahat" seçki blokunun nümayəndələri ilə görüşə bilmədik. Ona görə də parlamentdə fraksiya şəklində fəaliyyət göstərmək məsələsi bir qədər arxa planda qaldı".
Ancaq maraqdoğurucu nüanslardan biri də odur ki, konstruktivlər yenidən müzakirələrin keçiriləcəyinə və müxalifətin parlamentdə ümumi əməkdaşlığının yaranacağına inanırlar. Məsələn, BAXCP sədri Qüdrət Həsənquliyevin fikrincə, onların sayı az olduğu üçün fəaliyyət sistemində bəzi zəifliklər müşahidə olunur: "Çünki müxalifət Milli Məclisdə elə də böyük qüvvə ilə təmsil olunmur. "İslahat" blokunun deputatları ilə "Demokratiya" blokunun millət vəkillərinin birgə fəaliyyəti daha faydalı olar. Ona görə də, düşünürəm ki, yenidən görüşlərimiz keçiriləcək".
Fazil Mustafa isə bu barədə mətbuata açıqlama verərkən deyib ki, ola bilsin ki, bəzi şəxslərin açıqlamaları fərqlidir:" Amma inanmıram ki, müxalifətin parlamentdə birgə fəaliyyət imkanları tam şəkildə tükənib".
Bu cür açıqlamalardan da bəlli olur ki, konstruktiv müxalifətdə də hər hansı ümumi fikir, rəy formalaşmayıb. Onların bu vəya digər baxımdan yenidən bir araya gəlmələri isə problem olaraq qalmaqdadır. Həmin problemlərin həlli isə hər halda öz əllərindədir.

Digər xəbərlər