Uzun müddətdir ki, mənsub olduğu düşərgədəki proseslərdən kənar saxlanılan Azərbaycan Liberal Partiyasının "lideri" Lalə Hacıyeva yenidən aktivlik göstərməyə çalışır. O, növbəti dəfə siyasi proseslərdə fəallıq göstərmək üçün yeni təkliflərlə oyunlara qatılmaq niyyətindədir.
Elə bu məqsədlə də, L.Hacıyeva "Müxalifətin Müşahidə Mərkəzi" və yaxud "Böhran Masası" formatında birliyinin yaradılması təklifi ilə çıxış edib. ALP "lideri", birdəfəlik siyasətdən getdiyini bəyan etməsinə baxmayaraq, budəfəki dönüşünə heç bir ad qoymadan köhnə müttəfiqləri ilə belə razılığa gəlməkdə maraqlıdır. Nisbətən normal münasibətlərdə olduğu müxalifət partiyaları tərəfindən onun təklifinə müsbət cavab gəlsə də, keçmiş müttəfiqləri onun müraciətinə rədd cavabı veriblər. Bir müddət müəyyən çətir altında birlikdə fəaliyyət göstərdiyi AXCP (i) sədri Əli Kərimov tərəfindən L.Hacıyevanın təklifinin sərt qarşılanması onu bərk məyus edib. Eyni zamanda, hazırda Ə.Kərimovla "yaxın" münasibətlərdə olan Müsavat başqanı İsa Qəmbərov da, L.Hacıyevanın qeyd olunan təklifinə rədd cavabı verib. Etibarlı mənbədən əldə etdiyimiz xəbərdə bildirilir ki, L.Hacıyevanın təklifi barəsində məktubu gətirən şəxsə İ.Qəmbərov "utanmır hələ, üstəlik, əməkdaşlıq etmək istəyir" deyə jestlə cavab verib.
Müxalifətin düşərgəsində "səkkizlik"lərin yaranması arzusu da baş tutmadı
Özlərini bir qədər aktiv və fəal göstərməkdə israrlı olan Ə.Kərimov və İ.Qəmbərov cütlüyü müxalifət düşərgəsində öz çevrələri kənarında birliyin, hər hansı bir toplumun yaranmasında maraqlı deyillər. Adıçəkilən hər iki şəxs, ümumiyyətlə, müxalifətçilikdən öz qazanclarını tam təmin etdiklərindən, digər məsələlərə dırnaqarası yanaşırlar. Ona görə də, müxalifət düşərgəsində yaranması ehtimal belə olunan birliklərin, qurumların ilk zərbə aldığı ünvan məhz onlardan başlayır. Bu baxımdan da, ALP sədri Əvəz Temirxanın müxalifət düşərgəsində "səkkizlərin" birliyinin yaradılması ilə bağlı səsləndirdiyi təklif elə yerindəcə iflas edildi. Çünki AXCP (i) və Müsavat faktoru müxalifət düşərgəsinə kənardan gələn bütün imtiyazları ancaq bir ünvanda qəbul etməkdə israrlıdırlar. Ona görə də, onlar bu tip məsələlərdə heç bir halda güzəştə getməyin tərəfdarı deyillər.