PDF Oxu

Müxalifət

  • 17

Radikal müxalifət öz yoxluğunu sübut etdi

Radikal müxalifət öz yoxluğunu sübut etdi
Aprelin 17-də dağıdıcı müxalifətin qanunsuz, məqsədi, iştirakçısı, şüarı bilinməyən aksiya keçirmək cəhdi birdəfəlik iflasa uğradı və isbat olundu ki, onun heç bir sosial bazası, elektoratı yox həddindədir. Bu, bir daha təsdiq etmiş oldu ki, Azərbaycanda radikalizmə, dağıdıcılığa, xaosa və anarxiyaya yer yoxdur.
"Sahil" bağında müxtəlif kütləvi-informasiya vasitələrinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin olmasına rəğmən, bir gün öncəyə qədər radikal müxalifət mətbuatında "bar-bar bağırılan" kütləvilikdən əsər-əlamət belə yox idi. Nə on minlərlə aksiya iştirakçıları, nə də ki, onların yersiz-lüzumsuz şüarları səsləndi, nə də ki, konkret məqsəd ortaya qoyuldu. Ümumiyyətlə, müxalifətin bu günə qədər yalnız bir məqsədləri mövcud olub və bu mövcudluq bütün çirkinliklərə hesab edilmiş hakimiyyətə gəlmək hərisliyidir. Bu barədə xalqın, ictimaiyyətin kifayət qədər məlumatı var. Lakin məlum 11 mart, 2 və 17 aprel aksiyaları onu göstərdi ki, onların nəinki "hakimiyyətə gəlməyə", eləcə də, adicə "ətraf" toplamağa gücləri yoxdur ki, heç olmasa "mən də varam" deyə bilsinlər. Yəqin ki, bu səbəbdən, üzlərini avropalı "qardaşlarına" tutub, ilim-ilim inləyir, yalvarıb-dilənirlər.
Aprelin 17-də "Sahil" bağı ətrafında cəmləşəcəklərini, öz "yekun" sözlərini də məhz burada deyəcəklərini iddia edən "liderlər" sanki havaya buxarlanmışdılar. Bunların öncəki aksiyalarda da gözə dəyməmələri arxasında cürətlərinin olmaması təbiidir. "On minləri" demirik, heç olmasa, 10-15 nəfəri "dallarınca" aparmaq gücü olmayan həmin "liderlərin" sonradan mətbuat səhifələrinə çıxıb, filan şey belə gəldi, behməkan şey də belə getdi demələri, sözün həqiqi mənasında, ictimaiyyətin onlara qarşı olan nifrət və hiddətini artırır. Xatırladaq ki, "Sahil" bağında cəmi-cümlətanı 10-15 nəfərdən ibarət bir neçə lokal qrup toplaşmışdı, onların da çığırıb-bağırmalarını özlərindən başqa, heç kim eşitmədi. Sonda ictimai asayişi pozmaq cəhdlərinin qarşısı qanunamüvafiq olaraq, hüquq-mühafizə orqanları tərəfindən alındı. "Aksiyadan" sonra, polisə qarşı təhqiramiz ifadələr işlədən radikal müxalifət ünsürlərinin anlamaq qrafaları sıfır həddindədir. Çünki hələ bir neçə gün öncədən, onlara ciddi xəbərdarlıqlar olunmuşdu. Bu xəbərdarlığa məhəl qoymayan qanun pozucuları isə, bütün tələblərə cavab verən şəraitdə saxlanıldılar. Məhz bu faktordan yararlanmağa cəhd edənlər, sonradan həyasızcasına, 65 nəfərin saxlanılmasını az qala "Kərbəla faciəsi" qismində təqdim edirlər. Halbu ki, onlar sadəcə qanuni çağırışlara məhəl qoymayıb, özbaşınalıq ediblər.
Bununla da mitinq cəhdi radikal "liderlərin" pafoslu bəyanatlarının ictimai rəyi çaşdırmaq, öz azsaylı tərəfdarlarını ürəkləndirmək məqsədi daşıdığını bir daha təsdiq etdi.

Digər xəbərlər