Avropanın “altına" yıxılmışlar...
Məqaləyə başlamazdan əvvəl, hörmətli oxucularımıza bir xatırlatma etmək istərdim. Bu xatırlatma elə də uzaqlara gedib çıxmır. Yəni uzaq tarixə aid deyil, əksinə, 21-ci əsrin ilk illərinə təsadüf edir-2003-cü ilin 15-16 oktyabrına. Həmin dövrlərdə bu gün də dəyişilməyən və simasızlar dərnəyi hesab edilən, radikal müxalifət partiyaları, onların qaragüruhçu "lider bəyləri" mübtəla olduqları uğursuzluq zolağından çıxa bilmədikləri vaxt üzlərini Avropanın ayaqları altına döşəyib, qərbli "qardaşlarından" pənah umurdular. Düzdür, o zamanlar bir sıra beynəlxalq təşkilatlar, səfirliklər və diplomatik korpus nümayəndələri ölkənin daxili işlərinə qarışmasalar da, istisna hallarda bir-iki təşkilat və səfirlik imitasiya xarakterli funksiya rolunu oynadı. Təbii ki, ölkə ictimaiyyətinin ciddi etirazından sonra, həmin diplomatik korpuslar buraxdıqları səhvlərinin ciddiliyini anladılar və xalqdan, xalqın iqtidarından üzr istədilər. Bu gün isə...
"Qərb koalisiyası" mövcuddurmu?
Görünür, bu gün, məlum mart- aprel olaylarından sonra, radikal müxalifət düşərgəsində görünməyə başlayan qərblilər bunun nə ilə nəticələnəcəyinin fərqinə varmaq istəmirlər. Əgər istəsəydilər, bu boyda xalqın radikalizmə və dağıdıcılığa "yox" deməsini əhəmiyyətli dərəcədə anlayıb, radikalizmə və dağıdıcılığa meyillənərək, qeyri-qanuni şəkildə hakimiyyətə yiyələnmək istəyən antidemokratik "demokratların" "tülkü yuvalarına" getməzdilər. Amma getdilər. Getdilər və bu gedişləri ilə "iplərinin üzərinə odun yığılmaz" adamlar olduqlarını 2003-cü ildəki kimi sübuta yetirdilər (hərgah sonradan, Azərbaycan hökumətindən qəni-qəni üzr istəyib, ölkədə həqiqi demokratiya varlığının olduğunu bəyan etdilər-R.R.). Belə olmasa idi, radikalların yazılı mətbu orqanları yenidən öz pafoslu yazılarında "Qərb koalisiyası" deyilən görünməz "qurumun" ətəyindən yapışıb, "dad-imdad" etməzdilər.
İndi isə, radikalların SİYASİ FAHİŞƏLİYƏ uyğun atdıqları sürüşkən addımları barədə...Bunlar öz mətbu orqanlarında, xüsusilə, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində necə "fahişə" olduqlarını belə isbat edirlər:"Şərti olaraq "Qərb koalisiyası" adlandırılan Bakıdakı məlum diplomatlar qrupunun Azərbaycanda demokratiya uğrunda mübarizəsi davam edir. Demokratiya paytaxtlarını təmsil edən diplomatlara tapşırılıb ki, (bu cümləyə diqqətlə fikir verin-R.R.) Azərbaycan müxalifətinin əzilməsinə və zorakı metodlarla, repressiyalarla sıradan çıxarılmasına imkan verməsinlər. Eyni zamanda, bütün mümkün vasitələrlə rəsmi Bakını sərbəst toplaşma və ifadə azadlıqlarına riayət etməyə vadar etsinlər, bu istiqamətdə müəyyən təzyiq imkanlarını nəzərdən keçirsinlər"(??!!)
Bir daha xatırladım ki, bu xəyanətkarlıq timsalı olan ifadələr "Yeni Müsavat" qəzetində və internet saytında yerləşdirilmiş "məqalədən" çıxarışdır. Bunların çörəyini yedikləri, suyunu içdikləri ölkənin hansısa "misterlər", "senyorlar", "müsyölər", "donlar" və daha kimlər tərəfindən nəyəsə "vadar" ediləcəyini, "təzyiqlərin" olacağını tələb edirlər. Bunlardan hansı vətəndaşlığı, hansı qeyrət və namusu, hansı vicdan və ləyaqəti gözləmək olar?!
Daha bir nüansa da diqqət yetirsək, görərik ki, məlumatın dərc edilməsi heç bir mənbəyə aid edilmir. Daha dəqiq desək, mənbənin guya "Qərb koalisiyası" adlandırılan və əslində, olmayan bir təşkilatın "diplomatlarına" yaxın şəxs (?) olduğu bildirilir. Buradan da aydın olur ki, belə bir "şəxs" mövcud olsaydı, onun ən azından quruca adı ictimaiyyətə təqdim olunardı, eləcə də, məlumatın səhihliyində ciddi və haqlı şübhələr yaranmazdı.
Cılız, iztehzadoğurucu və yalansırıma əməliyyatında pərgar olan radikal müxalifət mətbuatı digər bir məsələyə-səfirlərin və Avropa qurumlarının Müsavat qərargahındakı görüşünə də don geydirərək yazır ki, bu görüşün sən demə "analoqu" yox imiş. Özü də "kifayət qədər ciddi ekspertlər" bu "görüşü" Azərbaycanda "ilk", dünya tarixində də "nadir" hadisə adlandırıblar (?!) Bunların hər cümləsində dırnaq işarəsi və mötərizə içində sual-nida cütlüyü qoymağım hörmətli oxucularımızı yormasın. Çünki mənim də qələmim bunu etməkdən bezib. Ancaq nə edəsən? Reallığa söykənməyən hər hansı bir fikrin, ifadənin arxasında bunları etmək zorundayıq. Çünki oxucu kimin düz, kimin əyri olduğunu bir daha görməlidir. "Qərb koalisiyası" adlanan qondarma Avropa qurumunun isə mövcud olması, qətiyyən, inandırıcı görünmür, lap müxalifətin "varlığı" kimi.