Qondarma "İctimai Palata" adlı qurumun aprelin 2-də keçirməyə cəhd göstərdiyi qaragüruhçu aksiya bir daha sübut etdi ki, radikal müxalifətin heç bir sosial bazası, elektoratı mövcud deyil. Əslində, cəmiyyət bu amilin hər zaman şahidi olub və bu gün də belədir. Məsələ ondadır ki, müxalifətdə olduqları dövrlərdən başlayaraq, bu günə qədər törətməyə cəhd etdikləri iğtişaşlar zamanı radikal müxalifətdə təmsil olunan bir çox insanlar oradan istefa verərək, qarşıdurmalara etirazlarını bildiriblər. Məhz bu səbəbdən də "İctimai Palata"nın tərkibində cəmləşən radikal təxəyyüllü siyasi təşkilatların daxilində elə də çox sosial baza mövcud deyil. Eyni zamanda, mütəmadi olaraq, baş verən istefaların nəticəsində Müsavat, AXCP (i), AMİP, "KXCP", "Ümid", ADP, AXP kimi partiyaların elektoratları, demək olar ki, sıfır həddindədir.
Bakıda və bölgələrdə aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, yuxarıda adları çəkilən radikal müxalifət partiyalarının tərkibindən kütləvi istefalar verilib. Protokollar tərtib edib, bəyanatlar yayaraq, təmsil olunduqları partiyaların sıralarını tərk edənlər vaxtilə təmsil olunduqları siyasi təşkilat "liderlərinin" onların adından sui-istifadə edərək, ölkədə xaos, anarxiya yaratmaq, böyük səylər, zəhmət, vətəndaşlarımızın həyatı bahasına əldə olunmuş müstəqilliyə xələl gətirmək cəhdlərini pisləyərək, bundan sonra fəaliyyətlərini bu partiyaların sıralarında davam etdirə bilməyəcəklərini açıqlayırlar.
AMİP
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Laçın rayon təşkilatının iclasında protokol tərtib edilmişdir. 11 aprel 2011-ci ildə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində keçirilən iclasda gündəlik məsələ kimi AMİP-in Laçın rayon təşkilatının fəaliyyətinə xitam verilməsi haqqında məsələ qaldırılmışdır. İclasda sədr Asif İsayev, katib Fuad Qasımov və 22 nəfər üzvdən hamısı iştirak edib. Dinləmədə Laçın rayon təşkilatının fəaliyyətinə xitam verilməsi barədə partiya rayon təşkilatının sədri İsayev Asif Qulu oğlu məlumat verərək, qeyd etdi ki, məlum son hadisələrlə bağlı partiyanın mərkəzi təşkilatının AXCP (i) və Müsavat partiyaları ilə birgə radikal mövqe nümayiş etdirməsi, bununla da, öz nüfuzunu itirməsi ölkəmizdə iqtisadi yüksəliş getdiyi bir vaxtda təxribat xarakterli hərəkətlərə rəvac verilməsi partiya üzvlərinin hər birini vətəndaş kimi ciddi narahat edir: "Ona görə məramı ilə əməli düz gəlməyən belə bir təşkilatın fəaliyyət göstərməsi normal qəbul edilməməlidir. Eyni zamanda, 2 aprel 2011-ci il tarixdə bir qrup gənclərimizin müəyyən vasitələrlə Bakı şəhərində küçələrə çıxarılması, demokratiya qaydalarına zidd olaraq radikal və dağıdıcı mövqe tutaraq, əhalinin kütləvi iğtişaşlara təhrik edilməsi bizdə bu partiyaya dərin nifrət hissi yaratmış və ona görə də, bu səbəbdən partiyanın rayon təşkilatının buraxılması məsələsi meydana çıxmışdır. Ona görə də, xahiş edirəm, bu məsələyə öz münasibətinizi bildirəsiniz".
Protokol çıxışında söz alan partiya üzvü Qasımov Fuad Kamal oğlu qeyd etdi ki, son dövrlər AXCP (i) və Müsavat partiyalarının diqtəsi ilə heç bir lüzum və səbəb olmadığı halda ölkə vətəndaşlarını itaətsizliyə sürükləməklə kütləvi iğtişaşlara təhrik edilməsi ölkəmizdə bərqərar olunmuş davamlı sosial-iqtisadi inkişafın təmin olunduğu bir dövrdə əhali arasında qarşıdurma yaradılmasına cəhd göstərilməsi sıravi bir partiya üzvü kimi onu da ciddi narahat edir: "Odur ki, mən də üzv olduğum bu partiyanın rayon təşkilatı sədrinin təklifinə razıyam və bu gündən partiya sıralarından istefa verərək, rayon təşkilatının fəaliyyətinin dayandırılmasını məqsədəuyğun hesab edirəm".
Daha sonra çıxış edənlər Balakişiyev Novruz Məhəmməd oğlu, Əliyev Əfqan Yaqub oğlu, Alışanov Vaqif Şükür oğlu da bəyanatlarında qeyd etdilər ki, onlar da öz partiya liderlərinin dünyada mövcud olan radikal xarakterli cərəyanları dəstəkləməsini və bu istiqamətə doğru yuvarlanmasını qəbul etmirlər. Partiyanın düşünülməmiş siyasəti nəticəsində əhali arasında həmin siyasi təşkilatın nüfuzu kəskin surətdə aşağı düşmüşdür. Eyni zamanda, məlum aprel olaylarında AMİP-çilərdən olan bir qrupun küçələrə çıxması, sabitliyə xələl gətirmək cəhdləri bəyanat verənlərin mövqelərinin dəyişilməsinə yetərincə səbəb oldu. Onların hər biri partiyanın Laçın rayon təşkilatının buraxılması təklifini məqsədəuyğun hesab etdi.
Sonda Azərbaycan Milli İstiqlal Partiyasının Laçın rayon təşkilatının fəaliyyətinə xitam verilməsi haqqında protokolda iştirak edən siyasi təşkilat üzvlərinin təklifləri nəzərə alındı, partiyanın fəaliyyətinə xitam verildi. Qəbul edilən qərarın surəti mərkəzi qərargahına və kütləvi informasiya vasitələrinə təqdim olundu.
AXCP (i)
AXCP (i) Laçın rayon təşkilatının da adıçəkilən təşkilatın həmin rayon ərazisindəki fəaliyyətinin işinə xitam verilməsi barədə protokol yığıncağı keçirilmişdir. İclasın sədri Mübariz Vəliyev dinlənilmədə qeyd etmişdir ki, yığıncaqda partiyanın rayon təşkilatının 24 nəfər üzvündən hər biri buraya toplaşıb: "AXCP (i) Laçın rayon təşkilatının fəaliyyətinə xitam verilməsi barədə partiyanın rayon təşkilatının uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq, son illər partiyanın mərkəzi təşkilatının radikal mövqe tutmasını, əhali arasında partiyaya olan inamın itməsini, ildən-ilə partiyanın nüfuzunun azalaraq, boy sırasının həddindən artıq aşağı düşməsini xalqla aramızda böyük uçurumun yaranmasını nəzərə alaraq, bundan sonra AXCP (i) Laçın rayon təşkilatının fəaliyyət göstərməsinə lüzum görmürük. Bununla yanaşı, 2 aprel 2011-ci il tarixdə bir qrup gənclərimizi aldadaraq, Bakı şəhərində küçələrə çıxarılması demokratik və sivil yolla deyil, radikal və dağıdıcı mövqe tutaraq, əhalinin kütləvi iğtişaşlara təhrik edilməsi bizdə də bu partiyaya nifrət hissi yaratmış və ona görə bu səbəbdən partiyanın rayon şöbəsinin buraxılması zərurəti yaranmışdır. Xahiş edirəm, bu məsələyə öz münasibətinizi bildirəsiniz".
Gündəlik məsələ ətrafında çıxış edən AXCP (i)-çi Muradov Cəmaləddin Asif oğlu öz çıxışında qeyd edib ki, vaxtilə bu partiyanın sıralarına daxil olarkən, həmin təşkilatın ölkənin demokratik yolla inkişafındakı proseslərdə o da yaxından iştirak edəcək və dövlət müstəqilliyinin möhkəmləndirilməsində xidmətlər göstərəcək: "Lakin son dövrlər partiyanın mövcud olan potensial imkanlarının partiya liderinin şəxsi məqsədləri naminə yönəldilməsi, ölkədə heç bir səbəb olmadığı halda insanların iğtişaşlara təhrik edilməsi, qarşıdurma və xaos yaradılmasına cəhd göstərilməsi sıravi bir partiya üzvü kimi məndə də dərin ikrah hissi yaratmışdır. Mən də partiyanın rayon təşkilatı sədrinin təklifi ilə razıyam və bu gündən partiya sıralarından istefa verərək, rayon təşkilatının fəaliyyətinin dayandırılmasını dəstəklədiyimi bildirirəm".
Digər AXCP (i)-çi İbişov Ülfət Süleyman oğlu protokol çıxışında qeyd etdi ki, ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində düşünməli olduğumuz halda, partiyanın bir qrup üzvlərinin 2 aprel 2011-ci il tarixdə Kəlbəcərin işğalı günü küçələrə çıxarılmasını heç cür qəbul edə bilmir: "Bunu erməni işğalçıları ilə eyni mövqedə olmanın bir təzahürü kimi başa düşürəm. Ona görə də, partiyanın məqsəd və məramının demokratik qaydalara uyğun hesab etmir və mən də bu siyasi təşkilatın sıralarını tərk etməklə, rayon ərazisində partiya fəaliyyətinin dayandırılması barədə təkliflə razılaşıram".
Digər çıxış edənlər - Cavadov Emin Əlövsət oğlu və Allahverdiyev Hümbət Vəli oğlu da öncə çıxış edənlərin təklifləri ilə razı olduqlarını, partiyanın rayon təşkilatının buraxılması təklifini dəstəklədiklərini vurğuladılar.
Protokol yığıncağının sonunda qərara alındı ki, AXCP (i)-nin radikal və dağıdıcı fəaliyyəti partiya üzvlərinin mənafeyinə zidd olduğu üçün həmin partiyanın rayon təşkilatı buraxılsın və 11 aprel 2011-ci il tarixdən fəaliyyətinə xitam verilsin. Eyni zamanda, bu barədə qərarın surəti partiyanın mərkəzi qərargahına və KİV-ə təqdim olunması təmin edilsin.
MÜSAVAT
Müsavat partiyasının Laçın rayon təşkilatının 12 aprel 2011-ci il tarixli iclasının protokolu qəzetimizə göndərilən faks vasitəsilə oxucularımıza təqdim edilir. Qeyd edək ki, Laçın rayonundakı Müsavat partiyasının yerli təşkilatı artıq heç bir siyasi fəaliyyət göstərmir. Partiyanın bu müstəvidə keçirildiyi protokol xarakterli iclası da buna sübutdur. Yığıncaqda gündəlik məsələ kimi Müsavat partiyasının Laçın rayon təşkilatının fəaliyyətinə xitam verilməsi məsələsi qaldırılaraq, qeyd edilib ki, son illər partiyanın mərkəzi təşkilatının dağıdıcı, radikal mövqe tutması Müsavat partiyası rayon təşkilatının nüfuzuna böyük təsir etmiş, tərəfdarlar və əhali arasında adıçəkilən siyasi təşkilata qarşı inam tamamilə itmişdir. Partiyanın rayon təşkilatının sədri Quliyev Əli Vəli oğlu məsələ ətrafında fikirlərini açıqlayarkən, qeyd edib ki, bundan sonra Müsavat partiyası Laçın rayon təşkilatının fəaliyyət göstərməsinə lüzum görmür: "Açıq etiraf edək ki, 2 aprel 2011-ci il tarixdə keçirilən mitinqdə dağıdıcı xarakterli əməllərin törədilməsinə, bir qrup gənclərimizi demokratik və sivil yolla deyil, radikal və dağıdıcı mövqedə kütləvi iğtişaşlara təhrik edilməsi bizdə bu partiyaya nifrət hissi yaratmış və ona görə də, bu səbəbdən partiyanın rayon şöbəsinin buraxılmasını məsləhət bilirik. Xahiş edirəm, bu məsələ ilə bağlı öz münasibətinizi bildirəsiniz".
İclas sədrinin ardınca çıxış edənlər - Nəsirov Mobil Əfqan oğlu, Xələfov Alyoşa Əli oğlu, Pənalıyev Ələddin Kamil oğlu və Süleymanov Zülfü Müzəffər oğlu irəli sürülən fikirlərin və təkliflərin tamamilə arqumentə uyğun olduğunu bildirdilər və vurğuladılar ki, partiyanın çirkin, yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında nüfuzunun aşağı düşməsi ilə heç cür razılaşa bilmirlər. Eləcə də ermənipərəst siyasətlə 2 aprel 2011-ci il tarixdə partiyanın bir qrup üzvünün küçələrə çıxarılması yolu ilə ölkədə yaradılmış sabitliyə xələl gətirməsini bir partiya üzvü kimi bu cür radikal mövqe onların hər birini qane etmədiyindən, partiya sıralarını tərk edir, eyni zamanda, rayon təşkilatının buraxılması təklifini dəstəkləyirlər.
Yığıncaq məlumat və çıxışları dinləyərək qərara aldı:
1. Müsavat partiyasının Laçın rayon təşkilatının fəaliyyətinə xitam verilməsi haqqında partiya üzvlərinin təklifləri nəzərə alınsın.
2. Müsavat partiyasının radikal və dağıdıcı fəaliyyəti partiya üzvlərinin mənafeyinə zidd olduğu üçün həmin partiyanın rayon təşkilatı buraxılsın və fəaliyyətinə xitam verilsin.
3. Müsavat partiyasının rayon təşkilatının fəaliyyətinin dayandırılması barədə qərarın surəti partiyanın mərkəzi qərargahına və kütləvi informasiya vasitələrinə təqdim olunması təmin olunsun.
P.S. Qeyd edək ki, adıçəkilən siyasi təşkilatların birgə bəyanatları dərc olunmuş və bu bəyanatda keçmiş müxalifətçilərin Yeni Azərbaycan Partiyasına keçmək üçün ərizələri təqdim olunmuşdur. Növbəti sayımızda birgə bəyanatı və digər bölgələrdə qəbul edilmiş protokolları hörmətli oxucularımıza təqdim edəcəyik.