Bildiyimiz kimi, radikal müxalifətin cəmləşdiyi qondarma qurum olan "İctimai Palata"nın qeyri-qanuni aksiyaları nəticəsində ölkənin siyasi sabitliyinin pozulmasına cəhdlər olunmuş, nəticədə paytaxtın müxtəlif səmtlərində fəaliyyət göstərən ofis və idarələrin, iaşə obyektlərinin, bankların şüşə və qapıları sındırılmış, dağıdılmış, vətəndaşların həyatlarına ciddi təhlükələr yaranmışdır. Məhz bu hadisələrdən sonra ölkənin müxtəlif bölgələrində istər sadə vətəndaşlar, bitərəf ictimaiyyət tərəfindən, istərsə də radikal düşərgədə fəaliyyət göstərən müxalifət partiyaları tərkibindən kütləvi istefalara start verilmişdir. Eyni zamanda, həmin partiyaların rayon təşkilatları buraxılmış, istefa verən müxalifətçilərin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasına daxil olmaq üçün bu partiyanın müvafiq rayon təşkilatlarına ərizə ilə müraciət etmişlər. Artıq davamlı şəkil alan bəyanat istefaları uzun müddətdir ki, ictimailəşərək, kütləvi informasiya vasitələrinə təqdim edilir. "Səs" qəzeti olaraq biz də kütləvi istefaların yazıldığı bəyanatları oxuculara çatdırmaqla baş verən reallıqları hörmətli oxucularımıza çatdırırıq.
SAATLI
AXCP (i) Saatlı rayon təşkilatının növbəti bir qrup üzvü qəzetimizə istefa bəyanatlarını göndərməklə, bildirirlər ki, onlar yalan vədlər və boş xülyalarla yaşamaqdan beziblər: "Biz - AXCP (i) Saatlı rayon təşkilatının bir qrup üzvü 2 aprel tarixdə müxalifətin Bakı şəhərində keçirdiyi mitinqin tam əleyhinə çıxaraq, bəyan edirik ki, bu mitinq dövlətçiliyimizə və xalqımızın dinc yaşayışına qarşı yönəlmişdir. Yalan vədlər və boş xülyalarla insanları aldadaraq, öz sıralarına cəlb etmiş bu partiya xarici düşmənlərdən qaynaqlandığını bir daha öz çirkin əməlləri ilə sübut etdi. Bir daha bizə aydın oldu ki, sosial-bazası olmayan radikal müxalifətin əlləri xaricdəki düşmən qüvvələrə, ermənipərəst dairələrə uzanmışdır. Belələrinin xuliqanlığına, dövlətçiliyimizə qəsdlərinə dözmək yolverilməzdir".
İstefa bəyanatını imzalayan Səmədov Nicat Saməddin oğlu, Kərimov Rafail Qulamhüseyn oğlu, İbadov Mübariz Fərzulla oğlu, Kərimov Sadiq Mürvət oğlu, Kərimov Sabir Gülhüseyn oğlu, Kərimov Əlizadə Xanhüseyn oğlu, Ağayev Nail Damət oğlu bəyanatın sonrasında vurğulayırlar ki, demokrat pərdəsinə bürünmüş əli kərimovlar və isa qəmbərovlar, eyni zamanda, onların ətrafındakı simasız ünsürlərlə onlar bir yerdə ola bilməzlər: "Əli Kərimov anlamalıdır ki, bu gün ərəb ölkələrində baş verən hadisələr Azərbaycanda 1990-1993-cü illərdə baş vermişdir. Xalq ayağa qalxaraq, o zamankı rəhbərlərə, AXC-Müsavat cütlüyünün xalqa zidd rejiminə "yox" dedi, azad, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna başladı. Bu yol dönməzdir, bu hakimiyyət xalqın sarsılmaz iradəsinə əsaslanır, yenilməz dəstəyinə arxalanır.
Ona görə də, biz öz xalqımızı, doğma vətənimizi, onun ərazi bütövlüyünü, şərəf və ləyaqətimizi üstün tutaraq, bu üzdəniraq ünsürlərdən uzaqlaşaraq, partiya üzvlüyündən çıxdığımızı bəyan edirik. Belə dağıdıcı müxalifətin hamı üçün aşkar olan aqressiv və dağıdıcı əməllərinin, pis niyyətlərinin tezliklə qarşısının alınması, onların cəzalandırılması üçün tədbirlər görülməsini hüquq-mühafizə orqanlarından tələb edirik. Biz bəyanatımızı şəxsi imzalarımızla təsdiq edirik".
GƏDƏBƏY
Digər rayonlarla yanaşı, Gədəbəy rayonunda da müxalifətçilərin istefa dalğası səngimək bilmir. Rayonun İnəkboğan, Kiçik Qaramurad, Çalburun, Arabaçı kənd sakinləri, eyni zamanda, rayon mərkəzinin sakinləri tərəfindən qəzetimizə istefa bəyanatları göndərilmişdir.
İnəkboğan kənd sakini, Müsavat partiyasının üzvü Vəliyev Natiq Nazim oğlu tərəfindən ünvanlanmış müraciətdə bildirilir ki, radikal müxalifətin məramı, məqsədi yalnız qarşıdurma yaratmaq və nəticə etibarilə beynəlxalq ictimaiyyətdə ölkəmizin imicinə ləkə gətirməyə nail olmaqdır: "Bir daha 2 aprel 2011-ci il tarixdə Bakı şəhərində müxalifət partiyasının keçirdikləri qanunsuz aksiyalarda əhaliyə vurduqları maddi və mənəvi ziyanlara görə, əhalini vətəndaş qarşıdurmasına sürükləyən hərəkətlərinə nifrət edərək, bu gündən Müsavat partiyası sıralarında qalmaq istəmirəm və partiya yoldaşlarımı da bu arzuda olmağa çağırıram".
Gədəbəy rayon Kiçik Qaramurad kənd sakini, AXCP (i) üzvü Qasımov Etibar Zeynalabdı oğlu tərəfindən ünvanlanmış müraciət-bəyanatda qeyd olunur: "Mən AXCP (i)-nin üzvüyəm. 2 aprel 2011-ci il tarixdə Bakı şəhərində keçirilən qanunsuz aksiyada vətəndaşlara vurulan ziyana, törətdikləri iğtişaşa görə partiyamıza qarşı məndə nifrət hissi oyandı. Anladım ki, mən düzgün yolda deyiləm və bu partiya sıralarında qala bilmərəm. Bu gündən təmsil olunduğum partiyanın sıralarından çıxıram, Yeni Azərbaycan Partiyası sıralarına keçmək arzusundayam".
Rayonun Çalburun kənd sakini, Müsavat partiyasının üzvü Quliyev Bağman Məcid oğlu da təmsil olunduğu siyasi təşkilatdan çıxdığını, partiya rəhbərliyini törətməyə cəhd etdikləri iğtişaşlara görə nifrət hissi bildirdiyini bəyan edib: "Mən Müsavat partiyasının üzvüyəm. 2 aprel 2011-ci il tarixdə paytaxt Bakıda "İctimai Palata"nın və bu palatada təmsil olunan digər müxalifət partiyalarının keçirdikləri icazəsiz aksiyada iştirakını qəbul etmir, onlara hədsiz nifrətimi bildirirəm. Mən bu gündən etibarən Müsavat sıralarında qalmaqdan imtina edirəm. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının sıralarına cəlb olunmaq üçün bu partiyanın və onun təşkilatına ərizə ilə müraciət etdiyimi öz imzamla təsdiq edirəm".
Arabaçı kənd sakini, AXCP (i) üzvü Əliyev Səfər Şəmşəd oğlunun bəyanatında deyilir: "Azərbaycan xalqına məlumdur ki, radikal müxalifət daim ölkə daxilində sabitliyin pozulmasını, vətəndaşlar arasında qarşıdurmalar yaranmasını arzulayıblar. Bu vasitə ilə ölkənin nüfuzuna xələl gətirmək istəyən radikal ünsürlər məlum 2 aprel olaylarında keçirdikləri icazəsiz aksiyada bunu bir daha törətməyə cəhd etdilər. Lakin onların bu arzuları da ürəklərində qaldı. Mən uzun müddət "cəbhəçi" olmağıma rəğmən, radikalların, xüsusilə də, Əli Kərimovun və İsa Qəmbərovun törətdikləri əməllərinə görə qanun qarşısında cavab vermələrini tələb edirəm, həmçinin, AXCP (i) sıralarından istefa verdiyimi, YAP sıralarına keçdiyimi öz imzamla təsdiq edirəm".
DAŞKƏSƏN
Baş verən məlum olaylarla bağlı Daşkəsən rayonunda da kütləvi istefa bəyanatları verilməkdədir. Radikal müxalifətin 11-12 mart və 2 aprel 2011-ci il tarixində Bakı şəhərində keçirmək istədikləri aksiyalara etiraz əlaməti olaraq, müxalifət partiyalarından istefa verənlərin bəyanatlarında qeyd olunur ki, Əli Kərimovun, İsa Qəmbərovun və digər radikal müxalifət ünsürlərinin törətdikləri əməllər heç bir məntiqə və mənəviyyata sığışmayan faktorlardandır. 20 nəfərdən artıq müxalifətçinin Müsavat, AXCP (i) və AMİP sıralarından istefa vermələri isə reallığı əks etdirən amillərdəndir. Həmin bəyanatlardan bir neçəsini təqdim edirik.
Daşkəsən rayon sakini, keçmiş AMİP-çi Bəşirov Əmirhüseyn Əmirxan oğlu tərəfindən ictimailəşən bəyanatda deyilir: "Yazıb sizə bildirirəm ki, mən Bəşirov Əmrihüseyn Əmirxan oğlu, uzun illərdir ki, müxalifətmeyilli olmuşam və siyasi fəaliyyətim həmişə müxalifəti dəstəkləmək olub. Lakin son vaxtlar Əli Kərimovun respublikamızda haqsız olaraq apardığı iğtişaşlar və həmin iğtişaşlara gənclərin cəlb olunması məni və digərlərini çox narahat edir. Çox düşündükdən sonra mən bu bəyanatı verməyi özümə borc bilirəm. Bəyanatı verməklə, bildirirəm ki, bu gün respublika Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasəti bütövlükdə dəstəkləyirəm və üzvü olduğum AMİP-dən imtina edirəm".
Rayonun digər sakini, AXCP (i)-çi Cavadov Namiq Həbib oğlu isə imzaladığı istefa bəyanatında vurğulayır ki, o, uzun müddətdir ki, adıçəkilən partyianın üzvüdür: "Mən uzun illərdir ki, AXCP (i)-nin üzvüyəm və əvvəllər bütün tədbirlərdə müxalifəti təmsil etmişəm. Lakin son günlərdə, xüsusilə, 11-12 mart və 2 aprel tarixlərində bir qrup müxalifət partiyalarının rəhbərlərinin gəncləri aldadaraq, dövlət əleyhinə çevrilişə səsləməsini qətiyyətlə pisləyirəm. Ölkəmizdəki əmin-amanlığı, Prezidentimizin siyasətini bəyənib, dəstəkləyirəm. Müxalifət liderlərinin qanunsuz, şəxsi mənafelər uğrundakı, qeyri-qanuni hərəkətlərinə etiraz olaraq, AXCP (i) sıralarını tərk etdiyimi bildirirəm".
XAÇMAZ
Xaçmaz rayonunda da kütləvi istefa bəyanatları səsləndirməkdədir. Radikal müxalifətin "İctimai Palata" ilə birlikdə keçirdiyi aksiyalarda kütləvi iğtişaşların törədilməsinə zəmin yaradan "liderlərin" əməllərinə kəskin münasibətlərini bildirən müsavatçılar və "cəbhəçilər" həmin partiyaların daxilindən istefa verdiklərini bəyan edirlər: "İctimai Palata"nın 2 aprel 2011-ci il tarixində Bakı şəhərində keçirdiyi, zorakılıqla müşayiət olunan, heç bir insanlığa sığmayan, respublikamızda mövcud olan sabitliyin pozulmasına yönəldilmiş, xaricdən idarə olunan və maliyyələşən havadarların köməklikləri ilə erməni dəyirmanına su tökən, vətəndaşların şəxsi əmlakına ziyan vurmaqla müşayiət olunan mitinqə etiraz əlaməti olaraq, bu gündən "cəbhə" sıralarını tərk edirik. Bəyanata imzalayanlar: R.Yazahmədov, N.Çobanov, R.Quliyev, R.Süleymanov, Q.Bəşirov və digərləri".
ŞAMAXI
Şamaxı rayonunda yaşayan AXCP (i) üzvü Qulamov Ağarza Məmməd oğlunun istefa bəyanatında bildirilir ki, o, 1992-ci ildən etibarən həmin siyasi təşkilatın üzvüdür: "Son vaxtlar, xüsusilə, aprel ayının 2-də üzvü olduğum partiyanın keçirməyə cəhd etdiyi mitinqə baxarkən, çox təəssüf hissi keçirdim. Biz hamımız azərbaycanlıyıq. Bizim dərdimiz Qarabağ dərdidir. Hamı bu amal uğrunda birləşməlidir. Bizim bir düşmənimiz var, o da ermənilərdir. 2011-ci ilin aprel ayının 2-də mitinqə çıxmağa cəhd edənlər, əgər etdiklərini sərhəddə ermənilərə qarşı etsəydilər, mən də onlardan biri olardım. İndi respublikamızda əmin-amanlıqdır, problemlərimiz həll olunur. Ölkəmizdə, eləcə də, rayonlarımızda inkişaf və abadlıq işləri görülür. Bu cür vəziyyətdə ölkəmizdə yenidən xaos yaratmaq istəyənlər tapılır. Mən belə adamlara vətəni satanlar, ermənipərəst qüvvələr deyirəm. Dağıdıcı müxalifətin başında duran Ə.Kərimovun İ.Qəmbərovun və başqalarının bu hərəkətlərini pisləyir, onlara ar olsun deyirəm. Həmçinin, məlum 2 aprelə etiraz əlaməti olaraq, üzvü olduğum AXCP (i) üzvlüyündən istefa verirəm".
Digər müxalifətçi, Şamaxı rayon sakini, Müsavat partiyasının üzvü Məmmədov Knyaz Vəzir oğlu da "İctimai Palata"da cəmləşən radikal müxalifət "liderləri"nin radikal və xəyanətkar hərəkətlərinə qarşı etiraz əlaməti olaraq təmsil olunduğu partiya sıralarından istefa verdiyini bəyanat şəklində təqdim edib. O, xarici qüvvələrin əlində alət olan "liderləri"ni satqınlıqda suçlayıb və onlara nifrət etdiyini bildirib: "Məlum edirəm ki, 1992-ci ildən Müsavat partiyasının üzvüyəm. Demokratiyanın inkişafı yolunda bir sıra xidmətlərim olub. Lakin üzvü olduğum partiyanın, eləcə də, "İctimai Palata"nın 2 aprel icazəsiz mitinqlərində dağıdıcılıq fəaliyyətlərini gördükdən sonra istefa vermək qərarına gəldim. İsa Qəmbərovun, Əli Kərimovun və başqalarının dağıdıcı müxalifətə rəhbərlik etmələrini pisləyir, törətdikləri əməllərə görə onlara nifrət etdiyimi bəyan edirəm."
ŞİRVAN
Müsavat partiyası Şirvan şəhər təşkilatının üzvü Gülnaz Hüseynova gəncləri təxribata sürükləyən və onların beyinlərini zəhərləyən İ.Qəmbərovla Ə.Kərimovun cinayətlərinə son qoyulmasını tələb etdi. Onu da vurğuladı ki, gənclərimiz hər an düşünməlidir ki, kimlərin çağırışlarına görə sabitliyi pozmağa və özlərinin həyatlarını məhv etməyə gedirlər: "Həmin Ə.Kərimovla İ.Qəmbərovdan soruşmaq istərdim: Keçirilən qeyri-qanuni bu aksiyalarda öz övladları iştirak edirmi? Şüşələri sındırmaqla, obyektlərə zərər vurmaqla hansı istəklərinə nail olacaqlar? Azərbaycanın sürətli inkişafına bu çirkin əməllərlə ləkələmək mümkünsüzdür. Əksinə, bu hərəkətləri ilə xalqın nifrətini birə-beş qat artırırlar".