Bir qrup gənc Müsavat Partiyasının qərargahı qarşısında piket-aksiyası keçirib
Dünən saat 12:00-da Müsavat Partiyasının qərargahı qarşısında bir qrup gənc piket-aksiya keçirməyə başlayıb. SİA-nın aksiya keçirilən yerdə olan müxbirinin verdiyi məlumata görə, bir qrup gənc Müsavat Partiyasının binası qarşısında keçirdikləri etiraz aksiyasında müxtəlif şüarlar səsləndiriblər. Onlar "Novbəti xaos planını ingilisdən aldınızmı?", "İndi 1992-ci il yox, 2011-ci ildir", "AXCP və Müsavat sizin hərəkətləriniz düşmənlərə xidmət edir" sözləri yazılmış plakatlar qaldırıblar. Piket-aksiyanın keçirildiyi ərazidə polislər olmayıb. Aksiya keçirilən zaman Müsavat Partiyasının başqanı İsa Qəmbər qərargahın önündə avtomobilindən düşüb. Gərginlik bir az da artıb. Aksiya iştirakçıları onu satqınçılıqda, Azərbaycanın əlehinə fəaliyyətdə suçlayıblar.