PDF Oxu

Müxalifət

  • 17

"SƏNİN KİM OLDUĞUNU AZƏRBAYCAN XALQI YAXŞI BİLİR"

"SƏNİN KİM OLDUĞUNU AZƏRBAYCAN XALQI YAXŞI BİLİR"

Aprelin 13-də AXCP (i) sədri Əli Kərimovun evi qarşısında fəal gənclərin növbəti etiraz aksiyası keçirildi. "Əli Kərimova ar olsun!", "Azərbaycan gənclərini parçalayanlara ar olsun!", "Sənin kim olduğunu Azərbaycan gənci yaxşı bilir!", "Ermənilərə satılmış Əli Kərimova ar olsun!", "Ay pipiyi qan xoruz, sən nə tez qudurursan?!", "Cəsarətsiz Əli Kərimova ar olsun!" və digər buna bənzər plakatlarla yanaşı, üzərində qırmızı xoruz şəkli olan "Mavi, mavi, mavi" kimi şüarlar səsləndirən gənclər, son zamanlar bir sıra ərəb ölkələrində baş verənlərin Azərbaycana süni və lüzumsuz şəkildə "gətirilməsinə" cəhd göstərilməsinin, 2 aprel olaylarında törədilən dağıdıcılıq və qaragüruhçuluq əməllərinin qəti əleyhinə olduqlarını bildiriblər.
Sonra səsgücləndirici rupor vasitəsi ilə növbəli şəkildə çıxış edən fəal gənclər Ə.Kərimovu səsləyərək, ona veriləcək sualları olduğunu bildirdilər. Lakin bu çağırışlar qarşısında acizlik göstərməyə alışmış "mavi" partiya sədrindən nə səs çıxdı, nə də soraq. Bəlli oldu ki, AXCP (i) sədri gənclərin hiddəti qarşısında başını belə, yaşadığı mənzilin pəncərəsindən çıxarmağa ürək etmədi, onun qorxaqlığı fit və əlçalmalar protesti ilə müşahidə olundu.

Bu dəfə yumurta atmağa belə cürətləri çatmadı

Xatırladaq ki, Ə.Kərimovun evi qarşısında keçirilən etiraz aksiyalarının birində "cəbhəçi" sədrin yaşadığı bina qarşısında toplaşmış aksiyaçı gənclərin üzərinə onun mənzilindən yumurtalar atılmış və əslində, bu olay haqlı sözün qarşısında acizliyin nümayişi kimi dəyərləndirilmişdi. Hətta Azərbaycan mentalitetinə uyğun olmayan, heç bir mədəniyyət çərçivəsinə sığışmayan "dirsək göstərmə" olayı da, oraya toplaşmış insanlara bunların ailəlikcə kim olduqlarını, hansı "məzhəbə" xidmət etdiklərini üzə çıxarmış oldu. Yəni AXCP (i) sədrinin mənzilindən bir millətibilinməz "xanım"ın nümayiş etdirdiyi qeyri-etik davranış hər kəsdə təəccüb doğururdu. Daha dəqiq desək, Nərmin Həsənlinin aksiyaya toplaşanlara "dirsək" və "barmaq" göstərməsi artıq bu gün Azərbaycan xalqında onlara qarşı olan hiddət və nifrəti daha da artırıb. Məhz bu olaydan sonra, sonuncu aksiyada həmin hal təkrarlanmadı. Bu isə nəinki Ə.Kərimovun, eləcə də, onun yaxın qohumlarının hansı tipajlara aid olmasını bir daha təsdiq etmiş olur.
Aksiyada iştirak edən gənclər və digər ictimaiyyət nümayəndələri ölkəmizin gün-gündən inkişaf etdiyini bildirərək növbəti şüarlarında Azərbaycan gəncinin hər zaman Prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşdiyini, bundan sonra da belə olacağını bir səslə vurğulayıblar. Onlar bir məqama da inandıqlarını qeyd ediblər ki, Ə.Kərimovun təxribatçılıqla atdığı xəyanətkar addımlarının qarşısı qətiyyətlə alınacaq və o, Azərbaycan xalqı qarşısında, qanun qarşısında öz layiqli cəzasını alacaq.

Azərbaycan gəncliyi sabitliyin və tərəqqinin tərəfdarıdır

AXCP (i) sədrinin evi qarşısında etiraz aksiyası keçirən gənclər Azərbaycan gəncliyinin ictimai-siyasi sabitliyin tərəfdarı olduğunu qeyd etməklə yanaşı, hər zaman təxribatlara və anti-dövlətçiliyə yönəlmiş xəyanətkar addımlara qarşı qətiyyətlə mübarizə aparacaqlarını söylədilər. Söhbət etdiyimiz aksiya iştirakçıları Azərbaycan gəncliyinin Ə.Kərimov kimi xarici qüvvələrin əlaltısı olan şəxslərin pozuculuq aktları keçirmələrinə əsla imkan verməyəcəklərini bildirdilər.
Babək Mehdiyev, fəal gənc: "Bizlərin bu gün buraya, etiraz aksiyasına toplaşmağımızın əsas məqsədi, Ə.Kərimova və onun kimi digər radikal müxalifət "liderlərinə" öz yerlərini göstərməkdir. Onların müxtəlif vasitə və üslublarla ölkədə təxribat xarakterli addımlarının qarşısını ilk olaraq biz gənclər alacağıq. Çünki gənc nəsil ölkənin gələcəyidir. Ölkənin gələcəyi isə onların əlində deyil, Azərbaycanın gənclərində olacaq. Biz, hər zaman Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasəti dəstəkləyir və ölkədəki inkişafın, tərəqqinin daha uğurlu müvəffəqiyyətlərə, yeni-yeni nailiyyətlərlə davam etdiriləcəyinə inanırıq. Ə.Kərimov kimi ermənipərəst satqınlara qarşı isə daim mübarizə aparacağıq".
Ruslan Səlimov, tələbə gənc: "Artıq bütün xalq şahiddir ki, Ə.Kərimov hansı xislətə malik olan adamdır. Onun mənzilində toplaşan insanların mentalitetimizə sığışmayan hərəkətləri də hər şeyi aşkar etdi. Bu adam xəyanətkar yollarla hakimiyyətə gəlməyi düşünür. Ancaq Ə.Kərimov unudur ki, öz ayağısürüşkənliyi ilə ad çıxaran birinin ailəsi onun özü tərəfindən idarə olunmursa, o vaxt qoy gedib ailəsinə tərbiyə öyrətsin. Xalq, ən başlıcası isə gənc nəsil onun cəzalandırılmasını tələb edir. Çünki Ə.Kərimov ən azından vətənini, xalqını çirkli valyutalara satmış mənəviyyatı, vicdan və ləyaqəti olmayan xəyanətkar ünsürdür."
Onu da qeyd edək ki, bu, artıq gənclərin AXCP (i) sədrinin evi qarşısında təşkil etdiyi sayca dördüncü aksiyadır. Aksiya icazəsiz keçirildiyinə görə, tədbirin sonuna yaxın oraya hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə etdi. Etiraz edən gənclərdən bir neçəsi post-patrul avtomobillərinə əyləşdirilərək, sorğuları alındıqdan sonra sərbəst buraxılıblar. Ümumiyyətlə, aksiya insidentsiz ötüşüb.

Digər xəbərlər