Növbəti istefa xəbərləri AXCP, Müsavat, AMİP və KXCP-nin Goranboy rayon təşkilatından gəldi
İctimai Palataya daxil olan partiyalarda istefalar davam edir. SİA-nın məlumatına görə, növbəti istefalar AXCP, Müsavat, AMİP və KXCP-nin Goranboy təşkilatında reallaşıb. Müsavat Partiyasının Goranboy təşkilatının 10 üzvü partiya başqanı İsa Qəmbərova ünvanlanan bəyanat verib. Bəyanatda qeyd edilib ki, zor tətbiq etmək, qarşıdurmalar yaratmaq, iğtişaşlar törətmək kimi qeyri-sivil əməllər siyasi mübarizə hesab edilə bilməz. Partiya üzvləri qeyd ediblər ki, Azərbaycanın uğurlarına qara yaxan bir partiyanın üzvü olmağından peşmançılıq və xəcalət hissi keçirir, buna görə də Müsavat sıralarından çıxmaqlarını bəyan edirlər. AMİP-in Goranboy rayon təşkilatının 12 üzvü də partiya sədri Yusif Bağırzadəyə ünvanlanan eyni məzmunlu bəyanat imzalayıb. Bəyanatda vurğulanıb ki, respublikada sivil yolla mübarizə aparmaq üçün hər cür şərait yaradıldığı halda Əli Kərimli və İsa Qəmbərov qanunsuz əməllərə yol verir: "Biz bu hadisələri Azərbaycanın müstəqilliyinə qarşı xəyanət kimi qiymətləndiririk və partiya sıralarını tərk edirik".
AXCP və KXCP-nin rayon təşkilatlarının üzvlərinin partiya sədrləri Əli Kərimli və Mirmahmud Fəttayevə ünvanladığı bəyanatlar da eyni məzmun daşıyır.