Son günlərdə Azərbaycanda siyasi və ictimai sabitliyi pozmağa çalışan qüvvələrin fəallaşdığı hiss olunur. Əvvəlki cəhdlərdən bir nəticə əldə edə bilməyən xarici qüvvələr indi də dini məsələləri ortaya atıblar və cəmiyyətdə qarşıdurmağa yaratmaq üçün ölkədəki əlaltılarına yeni sifariş veriblər. Lakin demokratik bir ölkədə sosial sifariş olmadan, xarici sifarişlərlə heç nə etmək mümkün deyil.
Rusiya analitiki: "Azərbaycan müxalifətinin ABŞ-la əlaqəsinin olmasına şübhə ola bilməz"
Rusiya İslam Komitəsinin sədri, siyasi analitik Heydər Camalın "islamnews"a müsahibəsində bildirib ki, Azərbaycan müxalifətini, əslində, müxalifət adlandırmaq olmaz, xüsusilə də, siyasi müxalifəti. "Böyük ehtimal ki, bu yem təknəsinin içinə düşmüş insanlar qrupudur. Azərbaycan müxalifəti siyasi motivlər üzərində deyil, daha çox maddi və sosial motivlər üzərində qurulub ki, bu mənada da onu Liviya müxalifəti ilə müqayisə etmək olar. Azərbaycan müxalifətinin ABŞ-la əlaqəsinin olmasına şübhə ola bilməz. Mənfi cəhət odur ki, bu qüvvələr asanlıqla xarici təsir altına düşə bilirlər"- deyə rusiyalı analitik deyib.
H.Camal vurğulayıb ki, Azərbaycan dindarlarının əsas hissəsinin islamın şiə məzhəbinə etiqad etməsinə baxmayaraq, hazırkı dövrdə dini amil narahatlıqların əsas səbəbi deyil, olmayacaq da. Çünki Azərbaycanda dini təsir o qədər güclü deyil.
"Burada məsələ başqadır. Bəzi qüvvələr müxalifətin aktivliyini Yaxın Şərq hadisələri ilə bağlayır. Digər Cənubi Qafqaz ölkələrində olduğu kimi, Azərbaycanda da ABŞ-dan olan emmisarlar işləyir. Məqsəd isə bu ölkələrdə qeyri-sabitlik üçün şərait yaratmaqdır. Artıq Azərbaycanda da, Gürcüstanda da, Ermənistanda da ABŞ-ın "adamları" işləyir. Məqsəd isə bu ölkənin prezidentlərini Amerikaya yönəldilmiş tərzdə dəyişməkdir və ardınca həmin ölkələrdə hərbi baza qurmaqdır"- deyə analitik bildirib.
H.Camal müsahibəsində, Qərbin bölgədə həyata keçirdiyi siyasətə də toxunub: "Azərbaycanda nə edilirsə, şübhəsiz ki, İranla bağlanır- bu hardasa "siqnal", hardasa da açıq işarədir. ABŞ-ın ikinci məqsədi Qafqazda müharibəni qızışdırmaqdır ki, buna təbii ki, Rusiya da cəlb olunacaq. Hazırda amerikalılar Yaxın Şərqdən Hindistana kimi böyük bir ərazidə müharibələri alovlandırmaqla məşğuldurlar. Oradan isə Rusiya sərhədinə çox deyil.
Analitik bildirib ki, Azərbaycan müxalifətinin zəifliyi siyasiləşməməsindədir: "Onlar artıq köhnəlmiş fikirlərdən istifadə edirlər - vətəndaş hüquqlarının və azadlığın qorunması. Bunu müxtəlif bəhanəyə bağlamaq və müxtəlif cür yozmaq olar. Azərbaycandakı hadisələrin Yaxın Şərq hadisələri ilə real əlaqəsi yoxdur. Ancaq mən haqqında danışdığım qüvvələr ümumi tendensiyanı tuturlar və onu lazımi ölkələrə tətbiq edirlər".
"Tolerantlıqda dünyaya nümunə olan ölkəni dağıtmağa çalışırlar"
Politoloq Cümşüd Nuriyev hesab edir ki, Azərbaycan artıq bir sıra ölkələrin kəşfiyyat orqanlarının siyasi müstəviyə keçirdiyi məsələlərdə iştirakçıya çevrilir. "Çünki Azərbaycan dünyada həddən artıq tolerant ölkə hesab edilir. Hətta Türkiyə bu sahədə son zamanlar öz yerini Azərbaycana vermək məcburiyyətində qalmışdı.
Sivil islamın həyata keçirilməsi, o qaydalara əməl olunması və digər dinlərə dözümlülüklə bərabər, onlara qarşılıqlı hörmət məsələsində Azərbaycan artıq türk dünyasının favoritinə çevrilirdi. Tədricən islam dünyasında da Azərbaycanın yürütdüyü ağıllı siyasət qəbul olunmaq üzrə idi.
Həm İslam Konfransı fəaliyyətində, həm beynəlxalq qurumlarda, o cümlədən, MDB məkanında Azərbaycandakı islamın daha mütərəqqi, daha sivil olduğu qəbul olunurdu. Bu, təbii ki, xüsusilə, islam təyinatlı dövlətləri, daha dəqiq desək, İranı narahat etməyə bilməzdi. İran əvvəlcə Azərbaycana təzyiq göstərmək üçün Ermənistanla həddən artıq yaxın münasibətlər qurdu.
Gördü ki, bu müstəvidə də Azərbaycanı yolundan döndürə bilmir, bizim İsraillə, ABŞ-la münasibətlərimizi qısqandılar, şərlədilər. Bunlar da fayda verməyəndə, indi daha yeni müstəvidə Azərbaycanı sınağa çəkirlər".
C.Nuriyevin sözlərinə görə, məsələ ondan ibarətdir ki, MDB məkanında hazırda Azərbaycan dini baxımdan favorit bir dövlətə çevrilib: "MDB də Qərb dövlətlərinin xəyallarında olan bir ərazidir. Onlar hesab edirlər ki, bu qurumu dağıtmaq lazımdır. Onu dağıtmaq üçün Gürcüstan kartı alınmadı, Ukrayna birmənalı şəkildə onlarla uyğun gəlmədi.
Qırğızıstan kartı gündəmdən çıxdı. Orta Asiya tamamilə Qərbin əlindən çıxıb. Onların əlində qalan yeganə bölgə Qafqazdır. Burda da Ermənistana bel bağlamırlar. Qalır Azərbaycan. Onlar çalışırlar ki, hazırda Azərbaycanın mövcud olan sivil və mütərəqqi islamı daha çox fundamental və cəhalətli bir islama gətirə bilsinlər. Burda xristian dünyası ilə bəzi müsəlman ölkələrinin maraqları üst-üstə düşür. İranla olan bütün əlaqələri Ermənistan üzərindən quran Qərb heç də təsadüfən bunu seçməyib".
Göründüyü kimi, dünyada və bölgəmizdə çox təhlükəli oyunlar gedir. "Demokratiya" "Azadlıq" kimi şablon şüarlarla ölkəni qarışdırmağa çalışanlar, bu şüarlarla darmadağın edilən digər ölkələrin taleyindən ibrət dərsi çıxarsalar, yaxşı olar və Azərbaycanda belə oyunlar keçməz.