PDF Oxu

Müxalifət

  • 13

Kütləvi istefalar dalğası radikal düşərgəni alt-üst edib

Kütləvi istefalar dalğası radikal düşərgəni alt-üst edib

Qondarma "İctimai Palata" adlı qurumun aprelin 2-də keçirməyə cəhd göstərdiyi qaragüruhçu aksiya növbəti dəfə sübut etdi ki, dağıdıcı müxalifətin, əslində, heç bir sosial bazası, elektoratı mövcud deyil. Eyni zamanda, cəmiyyət bu qaçılmaz amilin hər zaman şahidi olub və bu gün də belə davam etməkdədir.
Məsələnin əsas məğzlərindən biri də ondadır ki, müxalifətdə olduqları dövrlərdən başlayaraq, bu günə qədər törətməyə cəhd etdikləri iğtişaşlar zamanı dağıdıcı müxalifətdə təmsil olunan bir çox insanlar, siyasilər və sıravilər oradan istefa verərək, gərəksiz, lüzumsuz qarşıdurmalara etirazlarını bildiriblər. Bu səbəbdən də, "İctimai Palata"nın tərkibində cəmləşən radikal, xaotik və anarxist təxəyyüllü siyasi təşkilatların daxilində elə də çox sosial baza, yaxud elektorat mövcud deyil. Həmçinin davamlı olaraq, yerdə qalan azsaylı müxalifətçilərin verdikləri istefaları nəticəsində, Müsavat, AXCP (i), AMİP, "KXCP", "Ümid", ADP, AXP, ALP kimi siyasi təşkilatların elektoratları, demək olar ki, sıfır həddindədir.
Radikal müxalifət məlum aksiyaları zamanı lokal qruplar şəklində küçə və tinlərə azı-çoxu 150-200 nəfər çıxarmağa müyəssər oldu və bununla da dolayısı ilə "gücünü" (gücsüzlüyünü) göstərdi. Əslində, bu cür tənəyə layiq "güclə" növbəti dəfə özünü xalqın qarşısında biabır etdi. Bu biabırçılığının görünməməsi üçün, şəhərin küçə və meydanlarında, ələlxüsus, mərkəzdə bir sıra obyektləri, vətəndaşlara xidmət edən digər müəssisələri daş-qalaq etdilər. Guya onların aksiya keçirdikləri ərazidə "kütlə" mövcud olub. Nəticədə minlərlə manat ziyana düşən sahibkarlar, sadə vətəndaşlar onların qanun qarşısında cavab vermələrini tələb etdilər. Eyni zamanda, sözügedən aksiyada radikal müxalifət partiyalarının paytaxt Bakıda sabitliyi pozmaq, qarşıdurma yaratmaq, ictimai həyatı iflic vəziyyətə salmaq cəhdləri yalnız ölkə əhalisinin deyil, eləcə də, həmin partiyaların üzvlərinin kəskin etirazlarına səbəb olub. Bakıda və bölgələrdə aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, yuxarıda adları çəkilən radikal müxalifət partiyalarının tərkibindən ümumi olaraq, 1000-dən artıq nəfər istefa verib. Bəyanat yayaraq, təmsil olunduqları partiyaların sıralarını tərk edənlər vaxtilə təmsil olunduqları siyasi təşkilat "liderlərinin" onların adından sui-istifadə edərək, ölkədə xaos, anarxiya yaratmaq, böyük səylər, zəhmət, vətəndaşlarımızın həyatı bahasına əldə olunmuş müstəqilliyə xələl gətirmək cəhdlərini pisləyərək, bundan sonra fəaliyyətlərini bu partiyaların sıralarında davam etdirə bilməyəcəklərini bəyan ediblər. Eyni zamanda, öz bəyanatlarında keçmiş "liderlərinə" nifrət hisslərini də gizlətməyən istefa verənlər son olaraq, bildiriblər ki, onlar ölkə başçısı Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir və Onun ətrafında sıx birləşəcəklər. Bu, fakt bir daha onu göstərdi ki, inkişaf edən, çiçəklənən Azərbaycanda, ümumiyyətlə, radikalizmə, anarxiyaya və xaosa yer yoxdur...

İSMAYILLI

AMİP İsmayıllı rayon təşkilatının sabiq üzvləri - rayonun Qılınçaq kənd sakinləri Cəbiyev Həmid Abdul oğlu, Həsənov Cavid Şıxı oğlu, Lələyev Əhəd Əsəd oğlu, Gözəlov Təvəkkül Alverdi oğlu, Seyidov Xalid Mirzəxan oğlu, Mican kənd sakini Məmmədov Amil Feyzulla oğlu, İsmayıllı şəhər sakinləri Məmmədov Xalid Mustafa oğlu və Bədəlov Neman Bədəl oğlu tərəfindən verilən birgə istefa bəyanatında vurğulanır ki, onlar 1992-1993-cü illər ərzində Milli İstiqlal Partiyası rayon təşkilatının üzvlüyünə qəbul olunublar: "Radikal müxalifətdə olan digər partiyalarla birlikdə AMİP-in də dövlətçiliyimizə qarşı yönəlmiş qanuna zidd hərəkətləri nəticəsində 2003-cü ildə rayon təşkilatında parçalanma getmiş, bir sıra üzvlər partiya sıralarını tərk etmişlər. 2006-cı ildən başlayaraq, partiyanın rayon təşkilatının fəaliyyəti yox dərəcəsinə enmişdir. 2011-ci il aprel ayının 2-də baş verən qanunsuz olayları qətiyyətlə pisləyirik. Hazırda AMİP rayon təşkilatı fəaliyyət göstərmədiyinə görə, bu siyasi təşkilatı buraxılmış hesab edirik. Bəyanat AMİP siyasi təşkilatının sabiq üzvlərinin 11 aprel 2011-ci il tarixli yığıncağında qəbul edilmişdir. Bəyanatı imzalarımızla təsdiq edirik".

ŞAMAXI

Ötən saylarımızda digər rayonlarla yanaşı, Şamaxıdan da müxalifətçilərin bəyanatlar yayaraq, təmsil olunduqları siyasi təşkilatlardan istefa verdiklərini yazmışdıq.
Bu dəfə isə, ALP Şamaxı rayon təşkilatı sədrinin və bu siyasi təşkilatın adıçəkilən rayondakı fəaliyyətinin rəsmən dayandırıldığı barədə bəyanatını təqdim edirik: " Bununla yazıb sizə bəyan edirəm ki, mən, 2001-ci ildən Azərbaycan Liberal Partiyasının üzvü olmaqla, Şamaxı rayon təşkilatının sədriyəm. Respublikada həmin partiyanın həyata keçirdiyi tədbirlərdə yaxından iştirak etmişəm. Lakin 2 aprel, 2011-ci il tarixdə üzvü olduğum partiyanın qatıldığı aksiyaya baxarkən, mənim bu siyasi partiyaya və onunla iştirak edən digər partiya rəhbərlərinə nifrətim oyandı.
Ona görə də, mən həmin hadisələrə etiraz əlaməti olaraq, özüm və təşkilatın on nəfər üzvü partiya sıralarından imtina edirəm. Azərbaycan Liberal Partiyası Şamaxı rayon təşkilatının buraxıldığını bəyan edirəm".

SAATLI

Müsavat partiyası Saatlı rayon təşkilatının bir qrup üzvləri - Nərimanov İlqar Feyruz oğlu, Rzayev İbiş İbiş oğlu, Ağayev Eminağa Mirzağa oğlu, Səfərov Ələddin Ədilağa oğlu, Hüseynov Elxan Məmməd oğlu "İctimai Palata"nın və orada cəmləşən dağıdıcı ünsürlərin qanunazidd əməllərini pisləyən istefa bəyanatları redaksiyamıza təqdim olunmuşdur. İmzalanmış birgə bəyanatda deyilir: " Biz-Müsavat Saatlı rayon təşkilatının bir qrup üzvləri 2 aprel tarixdə müxalifətin Bakı şəhərində keçirdiyi mitinqlə əlaqədar bəyan edirik ki, bu mitinq dövlətçiliyimizə və xalqımızın dinc yaşayışına qarşı yönəlmişdir. Radikal düşərgənin məramı, məqsədi yalnız respublikada qarşıdurma yaratmaq və nəticə etibarı ilə beynəlxalq ictimaiyyətdəki imicimizə ləkə gətirməyə nail olmuşdur.
Mitinqdən əvvəlki vaxtlarda bizi və partiyadaşlarımızı aldadaraq, hakimiyyətə gələcəkləri barədə danışdıqlarının, söz verdiklərinin hamımızın gözü qarşısında yalan olduğu üzə çıxdı. Partiya insanlığa sığmayan çirkin niyyətlərinə çatmaq üçün, xalqımıza yaraşmayan, dövlətçiliyimizin əleyhinə olan bütün vəhşiliyə hazırdır. Biz bunu 2 aprel mitinqindən aydın başa düşə bildik. Partiyanın "İctimai Palata" adı altında birləşib çirkin əməllər törətmək istəyinin və sosial bazasının zəifliyinin şahidi olduq.
Artıq biz belə siyasi təşkilatın sıralarında qalmağa heç bir lüzum görmürük. Ona görə də Müsavat partiyasından çıxdığımızı vicdanımızın hökmü ilə rəsmi şəkildə bəyan edirik. Bütün Azərbaycan vətəndaşları kimi biz də hesab edirik ki, müstəqil respublikamızın xoşbəxt gələcəyi xalqımıza böyük uğurla rəhbərlik edən cənab İlham Əliyevin adı ilə bağlıdır. Odur ki, biz də Müsavatın radikal aksiyasının, onların xalqımızın və dövlətimizin əksinə yönəlmiş hərəkətlərinin qarşısının alınmasını tələb edirik və qanunsuz əməllərini qətiyyən pisləyirik!
Biz bəyanatımızı şəxsi imzalarımızla təsdiq edirik.
Xatırladaq ki, "İctimai Palata"da cəmləşən radikal müxalifət partiyaları sırasında kütləvi istefalar dalğası bu gün də davam etməkdədir. Min nəfərdən artıq müxalifətçinin bəyanat yayaraq, istefa vermələrindən sonra, bu istefaların daha da artacağı istisna olunmur. Eyni zamanda, bu partiyaların Goranboy, Ağsu, Cəbrayıl, Hacıqabul, Laçın, Sabirabad, Şirvan, Tərtər, Şamaxı, Şəki, Quba, Qusar, Yevlax, Kürdəmir, Suraxanı rayon təşkilatlarında istefa halları daha kütləvi və intensiv xarakter daşıyıb.

Digər xəbərlər