ADP sədri yenidən müxalifəti rüsvay etdi
Radikal müxalifət düşərgəsində bir-birinin ardınca baş verən qarşıdurmalar öz müxtəlifliyi ilə seçilir. Çünki burada baş verən anormallıqlar, çirkin proseslər ümumi müxalifətin bütün kriteriyalarını tam mənada açıqlanmış olub. Ona görə də, ralikal düşərgədə, demək olar ki, son günlər daha çox istefalarla yanaşı, daxili ziddiyyətlər də özünü büruzə verir. Bir-birinə qənim kəsilmiş müxalifət liderləri müəyyən maraqlar naminə birlik və təşkilatlanma oyunları altında əməkdaşlıq "nümunəsi" kimi görüntü yaratmağa çalışsalar da, bu baş tutmadı. Nəticədə proses daha kritik bir həddə çataraq müxalifət partiya rəhbərləri yenidən üz-üzə qalmalı oldular. Bu gün isə müxalifət düşərgəsində olanların bir-birinə qarşı yenidən əks mövqedə dayanması onların iddia və maraqlarını tamamilə alt-üst etmiş olub. Bir vaxtlar indiki "ACP" lideri Rəsul Quliyevə canla-başla qulluq edib bunun qarşılığında öz maliyyə imtiyazlarını təmin edən ADP sədri Sərdar Cəlaloğlu da havadarı tərəfindən atıldıqdan sonra müxalifət düşərgəsində aktiv görünmək üçün müəyyən əməllərə qurşandı. O, həyasızlıq edib tərəfdarlarını belə açıq şəkildə ittiham etməkdə, müxalifət düşərgəsində bu "işin" uzmanı olan AXP üzvü Pənah Hüseynovu geridə qoyub. Onun son açıqlamaları müxalifətin yenidən bir arada olmaq barəsində səsləndirdiyi sərsəm iddiaları yenidən darmadağın etmiş oldu. "Səs" qəzetinə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu son proseslərin, ölkə müxalifətinə də təsir etdiyini söyləyib: "Həmin səbəbdən də müxalifət qüvvələri arasında parçalanmalar var, bir araya gəlmək və birləşmək meyillərinin mövcudluğuna rəğmən, məqsədə çatmaq hələ də mümkün olmur. Müxalifət qüvvələrinin mövqelərində qarşılıqlı tolerantlıq və konsensus, qarşı tərəfin mövqeləri ilə razılaşmaq prinsipləri tamamilə zəifləyib. Bəziləri belə başa düşür ki, müxalifət siyasətçilərinin hamısı demokratiyaya, daha doğrusu, liberal demokratiyaya hədsiz sədaqətli olmalıdır. Amma bütün ölkələrdə olduğu kimi, Azərbaycan müxalifətində də liberal, mühafizəkar, milli, dini və s. yönümlü qüvvələr var. Bununla belə, liberal demokratiya prinsiplərinə sədaqət nümayiş etdirilməyəndə, liberal-demokratik dəyərlər gözardı edilir və nəticədə də müxalifət düşərgəsi ümumən zəifləyir".
ADP sədri onu da bildirib ki, Azərbaycan müxalifətindəki dağınıqlığın bir çox obyektiv və subyektiv səbəbləri var. "Ayrı-ayrı partiya liderlərinin mövqeyi, onların çıxış və açıqlamaları, davranışları, xarakter və psixologiyaları həmin səbəblər arasındadır" deyən S.Cəlaloğlu bu gün də müxalifətin birləşə bilməməsinin əsas səbəbləri elə subyektiv amillərdən asılı olduğunu və onların hadisələrə daha ciddi təsir etdiyini vurğulayıb: "Kimsə kimdənsə küsüb - inciyib və ya kimsə kiminləsə üzbəüz oturmaq istəmədiyinə görə, müxalifət belə dağınıq vəziyyətdədir. Təbii ki, siyasi partiya sədrləri arasında öz subyektiv mülahizələrinə son həqiqət, obyektivlik donu geyindirmək cəhdləri də var. Lakin bu, yanlış davranışdır. Çünki sadaladığım məsələlərin hamısının arxasında subyektiv amillər dayanır".