PDF Oxu

Müxalifət

  • 25

Xalqın nifrətinə hədəf olan radikallar öz partiyadaşları tərəfindən rədd edilir

Xalqın nifrətinə hədəf olan radikallar öz partiyadaşları tərəfindən rədd edilir

Məlum olduğu kimi, radikal müxalifətin təsis etdiyi qondarma qurum olan "İctimai Palata"nın və onun tərkibində cəmləşən siyasi partiyaların qeyri-qanuni aksiyaları nəticəsində ölkənin siyasi sabitliyinin pozulmasına cəhdlər olunmuşdur. Bu cəhdlər nəticəsində paytaxtın müxtəlif səmtlərində fəaliyyət göstərən ofis və idarələrin, iaşə obyektlərinin, bankların şüşə və qapıları sındırılmış, dağıdılmış, vətəndaşların həyatlarına ciddi təhlükələr yaranmışdır.

Artıq bir neçə gün ərzində respublikanın müxtəlif bölgələrində kütləvi istefalara start verilmiş və bu istefaların bu gün də davam etməsi artıq bir gerçəklik, bir həqiqət kimi özünü sərgiləməkdədir. Xatırladaq ki, Şəkidən, Ağcabədidən, Tər-Tərdən, Saatlıdan, Şirvandan, Zərdabdan, Şamaxıdan və digər bölgələrlə yanaşı, Daşkəsəndən, Cəlilabaddan, Lənkərandan, Masallıdan da kütləvi istefa bəyanatlarının verilməsi haqda xəbərlər ölkə mətbuatına yayılmaqdadır. "Səs" qəzeti olaraq biz də kütləvi istefaların yazıldığı bəyanatları oxuculara çatdırmağı özümüzə borc bilirik.
Daşkəsən
Müsavat partiyasının Daşkəsən rayon təşkilatının bir qrup üzvləri- Hüseynov Qədir Lətif oğlu, Mürsəlov Möysüm Abuzər oğlu, Nuriyev Fidayıl Həmayıl oğlu, Orucov Şivahir Allahverdi oğlu, Məmmədov Mətləb İsmixan oğlu, Balayev Ramin Dilqəm oğlu, Qasımov Valeh Əli oğlu, Abbasov Fərman Əmir oğlu, Cəfərov Kamil Oruc oğlu onlarladı. Abbasov Füzuli Hümbət oğlu, İbrahimov Akif Musa oğlu, Məmmədov Mehman Zəkar oğlu, Mürsəlov İsmayıl Abuzər oğlu, Mürsəlov Afiq Eyvaz oğlu və digərləri öz istefa bəyanatlarında vurğulayıblar ki, bütün siyasi nüfuzunu və sosial dayağını itirən radikal müxalifət Azərbaycanın gələcəyi, ölkənin sosial-iqtisadi inkişafı və demokratik təsisatların bərqərar olmasına çalışmaq əvəzinə, bütün səylərini, nəyin bahasına olursa-olsun, hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoyub. Onu da xatırladaq ki, rayonun icra hakimiyyətinin gördüyü səmərəli danışıqlar nəticəsində radikal müxalifət sıralarından istefa verənlərin sayı artıq tək-tək deyil, onlarla hesablanır. Bəyanatda deyilir: "Azərbaycanı beynəlxalq aləmdə gözdən salmağa çalışan, xarici qüvvələrə həmişə sadiqlik göstərən AXCP (i)-Müsavat cütlüyü yenə də öz xislətlərindən əl çəkməyərək, ölkədə qarşıdurma rejim, anarxiya, xaos yaratmaq cəhdində bulunur. 2 aprel 2011-ci il tarixində radikal müxalifət süni qarşıdurma və gərginlik yaratmaq kimi ənənəvi vərdişindən əl çəkə bilmədiyini bir daha sübut etdi. Azərbaycanda böyükdən-kiçiyə hər kəsə məlumdur ki, radikal düşərgənin məramı, məqsədi yalnız qarşıdurma yaratmaq və nəticə etibarilə beynəlxalq ictimaiyyətdə ölkəmizin imicinə ləkə gətirməyə nail olmaqdır. Radikal müxalifətin cəhd etdiyi bu qanunsuz aksiya bir daha göstərdi ki, AXCP (i) və Müsavat kimi partiyalar hələ də destruktiv fəaliyyətə üstünlük verirlər.
Müxalifətin radikal qanadı sosial bazadan ona görə məhrum olub ki, Azərbaycanın milli maraqlarına qarşı çıxır, insanlar ona görə radikal düşrəgəyə nifrət edir ki, Əli Kərimov kimilər anti-azərbaycançı şəbəkənin tapşırığını yerinə yetirir. Bəli, hakimiyyətdə olduğu məlum keçmişi ilə xalqın etimadından birdəfəlik məhrum olan bu düşərgə özünün "nicat yolunu", hətta anti-azərbaycançı mövqedə dayanan xarici qüvvələrlə əməkdaşlıqda görür. Hakimiyyət hərisliyi ilə yanan radikal müxalifət məhz belə dairələrlə əməkdaşlığa gedərək, ölkəmizin milli maraqlarını satmaqla məşğuldur. Təbii ki, dağıdıcı müxalifət heç vaxt ictimaiyyət arasında özünə inam qazana bilməyəcək. Çünki Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşib və hərn bir vətəndaş dövlət başçısının siyasi xəttini dəstəkləyib. Biz aşağıda imza edənlər Müsavat Partiyası üzvlüyündən imtina edirik. Daşkəsən şəhəri, 5 aprel 2011-ci il".
Zərdab
Baş verən məlum olaylarla bağlı Zərdab rayonunda da kütləvi istefa bəyanatları verilməkdədir. Radikal müxalifətin 11-12 mart və 2 aprel 2011-ci il tarixində Bakı şəhərində keçirmək istədikləri aksiyalara etiraz əlaməti olaraq, müxalifət partiyalarından istefa verənlərin bəyanatlarında qeyd olunur ki, Əli Kərimovun, İsa Qəmbərovun və digər radikal müxalifət ünsürlərinin törətdikləri əməllər heç bir məntiqə və mənəviyyata sığışmayan faktorlardandır. 20 nəfərdən artıq müxalifətçinin Müsavat, AXCP (i) və AMİP sıralarından istefa vermələri isə reallığı əks etdirən amillərdəndir. Həmin bəyanatlardan bir neçəsini təqdim edirik.
Zərdab rayonu Məlikli kənd sakini, keçmiş AMİP-çi Bəşirov Əmirhüseyn Əmirxan oğlu tərəfindən ictimailəşən bəyanatda deyilir: "Yazıb sizə bildirirəm ki, mən Bəşirov Əmrihüseyn Əmirxan oğlu, uzun illərdir ki, müxalifət meyilli olmuşam və siyasi fəaliyyətim həmişə müxalifəti dəstəkləmək olub. Lakin son vaxtlar Əli Kərimovun respublikamızda haqsız olaraq apardığı iğtişaşlar və həmin iğtişaşlara gənclərin cəlb olunması məni və digərlərini çox narahat edir. Çox düşündükdən sonra mən bu bəyanatı verməyi özümə borc bilirəm. Bəyanatı verməklə, bildirirəm ki, bu gün respublika Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasəti bütövlükdə dəstəkləyirəm və üzvü olduğum AMİP-dən imtina edirəm".
Rayonun Ağbulaq kənd sakini, AXCP (i)-çi Cavadov Namiq Həbib oğlu isə imzaladığı istefa bəyanatında vurğulayır ki, o, uzun müddətdir ki. adıçəkilən partyianın üzvüdür: "Mən uzun illərdir ki, AXCP (i)-nin üzvüyəm və əvvəllər bütün tədbirlərdə müxalifəti təmsil etmişəm. Lakin son günlərdə, xüsusilə, 11-12 mart və 2 aprel tarixlərində bir qrup müxalifət partiyalarının rəhbərlərinin gəncləri aldadaraq, dövlət əleyhinə çevrilişə səsləməsini qətiyyətlə pisləyirəm. Ölkəmizdəki əmin-amanlığı, Prezidentimizin siyasətini bəyənib, dəstəkləyirəm. Müxalifət liderlərinin qanunsuz, şəxsi mənafelər uğurundakı, qeyri-qanuni hərəkətlərinə etiraz olaraq, AXCP (i) sıralarını tərk etdiyimi bildirirəm".Zərdab rayonunun Məmmədqasımlı kənd sakini, Müsavat partiyasının üzvü Süleymanov Razi Ədalət oğlu verdiyi istefa bəyanatında, xüsusilə vurğulayıb ki, o, müxalifət partiyasının üzvü olsa da, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləyir, respublikada və regionda görülən abadlıq işlərinin geniş miqyas almasına sevinir: "Vaxtilə bütöv halda fəaliyyət göstərən AXCP-ni dörd yerə parçalayan Əli Kərimovun o partiyanın adından danışmağa haqqı yoxdur. 11-12 mart və 2 aprel hadisələri bizi qəzəbləndirir. Biz niyə gənclərimizi Şuşaya, Xankəndinə deyil, paytaxt Bakıya səsləyirik? Mən bu hərəkətlərə qarşı bağışlanmaz mövqedəyəm və Əli Kərimova, İsa Qəmbərova ar olsun deyirəm! Mən Müsavat partiyası sıralarında qalmağı özümə təhqir hesab edirəm və bu gündən bu partiyanın sıralarından çıxdığımı bildirirəm". Rayonun digər sakini AMİP üzvü Əhmədov Qəfər Ağamməd oğlu verdiyi bəyanatda vaxtilə AMİP üzvü olduğunu və bununla fəxr etdiyini deyir.

Bəyanatının sonunda isə baş verən hadisələrə görə özünü bağışlamadığını bildirir. Onun bəyanatdakı hiddəti və nifrəti bilavasitə radikal müxalifət düşərgəsinə istiqamətlənir. Bəyanatının sonunda o deyir: "Mən düşmən mövqeyi tutanlarla bir sırada olmağı özümə bağışlamıram. Ölkə Prezidentinin siyasətini bəyənirəm. AMİP sıralarını tərk edərək, Yeni Azərbaycan Partiyasının üzvü olmağı özümə şərəf bilirəm. Zərdab rayonunun Böyük Dəkkə kənd sakini Əhədov Əhəd Mirzəağa oğlu bəyanatında istefa verməsinin səbəbini Əli Kərimovun və İsa Qəmbərovun xəyanətkar addımları ilə bağlayır. Biz AXCP üzvləri AXCP (i) və Müsavat liderlərinin 11-12 mart və 2 aprel 2011-ci il tarixində törətdikləri təxribatlara öz hədsiz qəzəbimizi bildiririk və partiyanın sıralarından istefa verərək, Yeni Azərbaycan Partiyasının sıralarına qatılmağa qürur hissi ilə qatılmağa hazır olduğumuzu bildiririk".
Rayonun Xanməmmədli kənd sakini müsavatçı Məmmədov Məhəmməd Həsənqulu oğlu yazılı şəkildə təqdim etdiyi istefa bəyanatında yazır: "Bu bəyanatla mən bildirirəm ki, müstəqil dövlətimiz Azərbaycan çox böyük sürətlə inkişaf edir, yollar çəkilir, infrastrukturlar yeniləşir, kəndlər, bölgələr qazlaşdırılır, nəhəng tikinti-quruculuq işləri görülür. Əhalinin güzəranı günü-gündən yaxşılaşır. Bütün bunları bizim üçün, xalq üçün edən Prezidentimiz cənab İlham Əliyevdir. Ona görə də, biz ölkə Prezidentini sevirik, dəstəkləyirik və Onun ətrafında sıx birləşəcəyik. Son günlər müxalifət qüvvələri öz şəxsi mənafelərini güdərək, xarici himayədarların əli ilə ölkəmizdə çaxnaşma salmaq istədilər. Lakin biz bu xain və ermənipərəst radikal müxalifətçilərin boş vədinə heç vaxt uymayacağıq. Xalq artıq kimin kim olduğunu yaxşı bilir, onlar yaxşı olardı ki, xalqı mənasız mitinqlərə deyil, Qarabağa səsləyərdilər. Əsgərlərimizin keşiyində durduğu səngərlərə çağırardılar. Ona görə də, mən radikal müxalifətin bu iyrənc, xalqa xəyanət gətirən əməllərinə etiraz edirəm. Radikal müxalifət sıralarında olmağı özümə təhdid sayıram və bu gündən Müsavat partiyasının sıralarını tərk etdiyimi bəyan edirəm".
Rayonun Şəttəhal kənd sakini Xəlilova Xuraman Kazım qızı tərəfindən imzalanmış istefa bəyanatında isə deyilir: "Mən müxalifət partiyasının üzvlüyündən istefa verərək, qeyd edirəm ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini dəstəkləyirəm. Bildirmək istərdim ki, böhtan və şantajlarla dolu olan radikallığa yer yoxdur. Xalqımız indi hər şeyi obyektiv qiymətləndirməyi bacarır. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 11-12 mart və 2 aprel hadisələri bizə utanc gətirir. Biz niyə gənclərimizi Qarabağa yox, küçələrə, iğtişaşlara səsləyirik. Mən bu iyrənc hərəkətləri qətiyyətlə pisləyirəm. İsa Qəmbərov, Əli Kərimov kimiləri bizi daha aldada bilməz. Mən müxalifət partiyası sıralarında qalmağı özümə təhqir hesab edirəm və Müsavat partiyasının sıralarını tərk etməyimi öz imzamla təsdiqləyirəm".
Rayonun Dəkkəoba kənd sakini AMİP üzvü Zeynalov Nazim Qoçu oğlu da yuxarıda qeyd olunan bəyanatlara dəstək olduğunu bildirir və qeyd edir ki, bundan sonra təmsil olunduğu siyasi təşkilatdan qətiyyətlə imtina edir və hazırda Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət edib.
Xaçmaz
Xaçmaz rayonunda da kütləvi istefa bəyanatları səsləndirməkdədir. Radikal müxalifətin "İctimai Palata" ilə birlikdə keçirdiyi aksiyalarda kütləvi iğtişaşların törədilməsinə zəmin yaradan "liderlərin" əməllərinə kəskin münasibətlərini bildirən müsavatçılar və "cəbhəçilər" həmin partiyaların daxilindən istefa verdiklərini bəyan edirlər: "İctimai Palata"nın 2 aprel 2011-ci il tarixində Bakı şəhərində keçirdiyi, zorakılıqla müşayiət olunan, heç bir insanlığa sığmayan, respublikamızda mövcud olan sabitliyin pozulmasına yönəldilmiş, xaricdən idarə olunan və maliyyələşən havadarların köməklikləri ilə erməni dəyirmanına su tökən, vətəndaşların şəxsi əmlakına ziyan vurmaqla müşayiət olunan mitinqə etiraz əlaməti olaraq, bu gündən "cəbhə" sıralarını tərk edirik. Bəyanata imzalayanlar: R.Yazahmədov, N.Çobanov, R.Quliyev və digərləri".
Şəki
Qeyd etdiyimiz kimi, Şəki rayonundan da müxalifət daxilindən kütləvi istefaların baş verməsi davamlı şəkil almaqdadır. Əldə etdiyimiz son məlumatlara görə, onlarla müxalifətçi məlum aprel olayları ilə bağlı kütləvi şəkildə öz partiya biletlərini yandırır, eyni zamanda, Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmaq üçün müraciət ərizələri yazırlar. İstefa bəyanatlarında isə qeyd olunur ki, onlar bundan sonra radikal ünsürlərə qarşı qətliyyətli mövqe nümayiş etdirəcək və respublikanın inkişafı üçün vətəndaşlıq borclarını vicdanla yerinə yetirəcəklər.
Şəki rayonunun Baş Kəldək kənd sakini Hacəmmədov Məcnun Şıx oğlu bəyanatında bildirir: "1991-ci ildən AMİP-in üzvüyəm. Baş Kəldək kəndində AMİP-ə yazılanlardan biri də mən olmuşam. Bu partiyanın tədbirlərinin fəal iştirakçısı olmaqla yanaşı, həmin siyasi təşkilatın qurultaylarında da iştirak etmişəm. Hazırda isə, görürəm ki, müxalifət partiyaları düzgün yolda deyil, müxalifət liderləri yalnız öz mənafeləri üçün çalışırlar. Belə hərəkətlərə görə, mən də onlara qarşı nifrət edir, nifrət hisslərimi gizlətmirəm. Mən AMİP və müxalifətçilikdən imtina edirəm".
Zöhrə Xəlilova adlı Şəki şəhər sakini, keçmiş AXCP (i)-çi isə öz bəyanatında vurğulayır: "2 aprel 2011-ci il tarixində Bakı şəhərində üzdəniraq müxalifət nümayəndələri tərəfindən törədilən iğtişaşlar məni çox hiddətləndirdi. Dağıdıcı müxalifətin bu hərəkətlərini pisləyirəm. 2005-ci ildən AXCP (i)-nin üzvüyəm. Onların bu hərəkəti məni utandırdı və mən belə bir partiyada qala bilmərəm. Ona görə də, bu partiyanın sıralarını tərk edirəm".
Şəmkir
Şəmkir rayonunda da kütləvi istefa bəyanatları səsləndirilməkdədir. Həmin bəyanatlarda bir çox məqamlara toxunularaq, qeyd olunur ki, Azərbaycan xalqının dəstəyindən tamamilə məhrum olan, nüfuzunu, sosial dayaqlarını və ictimai-siyasi prosseslərə təsir imkanlarını tamamilə itirmiş radikal müxalifət partiyaları ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edirlər. Radikal müxalifətin hakimiyyətin nüfuzu qarşısında acizliyi, gücsüzlüyü və sivil rəqabət imkanına malik olmaması göz qabağındadır.
Mart ayının 12-nə qədər Müsavat partiyasını təmsil etmiş və 2 aprel olaylarından sonra bu siyasi təşkilatda qalmayacağını qət etmiş İbrahimov Rauf Kamil oğlu və AXCP (i) üzvü Mehdiyev Yaşar Məmməd oğlu birgə bəyanatlarında qeyd edirlər:"...Onlar yaxşı başa düşürlər ki, ictimai dayaqları güclənən xalqın etimadını qazanan hakimiyyətin bütün seçkilərdə uğur qazanmaq şansı birmənalıdır. Radikal müxalifət sivil demokratik seçki yolu ilə hakimiyyətin namizədinə qalib gəlmək şansını birdəfəlik itirdiyini yaxşı başa düşür. 1992-ci ildə xalqı demokratiya hayqırtıları ilə, yalan vədlərlə aldadaraq silahlı yolla hakimiyyətə yiyələnən bu destruktiv qüvvələr yenə də köhnə təfəkkürlə siyasi mübarizə aparmağa cəhd edirlər. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü iün ortalarına qədər xaotik xarakter daşımışdır. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prossesi daha da sürətlənmişdir. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar etmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur".
Digər keçmiş radikal müxalifət nümayəndələri, Müsavat və AXCP (i)-dən istefa bəyanatları verərək, Yeni Azərbaycan Partiyasına üzv yazılmaq üçün müraciət edənlər-Bağırov Tapdıq Əli oğlu, İsgəndərov Vaqif Nəci oğlu, İsmayılova Rəna Zərbalı qızı, Babayeva Lamiyə İsmayıl qızı, Abbasov Əbülfət Mirzə oğlu, Hacıyev Akif Murtuz oğlu, Məmmədov Şəmil Məmməd oğlu, Səsirov Vahid Yaqub oğlu, Muradov Bəhman Bayram oğlu, Sədirov Akif Yaqub oğlu, Eminov Sübhan Mayıl oğlu, Nəcəfov Allahverdi Hüseyn oğlu, Əliyev Vaqif Yolçu oğlu, Babayev İntiqam Maşallah oğlu imzaladıqları birgə bəyanatlarında qeyd ediblər:"Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu Öndər Heydər Əliyev bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun tətbiqinə nail olmuşdur.
1992-1993-cü illərdə hakimiyyətdə olmuş AXCP-Müsavat cütlüyü ölkənin inkişafı naminə heç bir addım atmamış, yalnız şəxsi və xarici dövlətlərin maraqları üçün çalışmışdır. Ağı-qaradan seçməyi yaxşı bacaran müdrik xalqımız aqressiv müxalifətin bu gün səsləndirdikləri sərsəm bəyanatların da cılız siyasi maraqlara xidmət etdiyini yaxşı başa düşür. Həm xaos, anarxiya illərində respublikamızın müstəqilliyi şərti mahiyyət kəsb etmiş xalqımız sivil və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu gerçəkləşdirə biiməmişdir, Həmin dövrdə Azərbaycanda cərəyan edən ağır və mürəkkəb prosseslər göstərirdi ki, dövləti yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərliyin yüksək idarəçilik və liderlik keyfiyyətləri sahəsində hifz etmək olar. Özlərini "ana müxalifət" adlandıranların arxasınca xalqın getməməsinin bir neçə səbəbi var. Əvvəla, yalnız seçkidən-seçkiyə insanların yanına getmək düzgün taktika deyil. Bunu heç kim qəbul etmir. İnsanların problemləri ilə daim maraqlanmaq lazımdır. Digər tərəfdən, partiya rəhbərləri nə istədiklərini bilməlidirlər. Onlar deyirlər ki, hakimiyyət getməlidir. Ancaq bu şəxslərin hakimiyyətə gəlib xalqa nə verəcəkləri ilə bağlı alternativ proqramları yoxdur. Bu adamlar strateji məqamlarda tamamilə fərqli davranışlar nümayiş etdirirlər. Xalqın bu insanların arxasınca getməməsinin mühüm səbəblərindən biri də onların öz mövqelərini bir neçə dəfə dəyişdirməsidir. Dəfələrlə radikal partiya sədrləri ən müxtəlif məsələlərdə birgə mövqedən çıxış edəcəklərini bəyan etsələr də, son anda fərqli addımlar atıblar. Bir müddət AXCP (i) - Müsavat birliyindən söhbət gedirdi. Yenə də nəticəsiz qaldı. Bu partiyaların bir yerdə olması heç zaman mümkün olmayacaqdır. Qeyri-standart davranışları ilə öz yaxınlarını aldatmaları onların siyasi iflasını sürətləndirib. Çünki hər biri ayrı-ayrılıqda hakimiyyət iddiasındadır. Fikir verin, 17 ildir ki, heç bir yerdə işləmirlər, ancaq hər bir rahat şəraitləri vardır. AXCP (i) sədri deyir ki, bu günlərdə mənim mühafizə dəstəmin rəhbərini tutublar. 17 il heç bir yerdə işləməyən adamın mühafizə dəstəsi, bu dəstənin rəhbəri, xidməti maşını var. Görəsən, bütün bunlar hansı vəsaitlə saxlanılır? Bu faktın özü cəmiyyətə çox şey deyir. Bir daha şahid olacağıq ki, heç kəs cəmiyyətdə bölücülük, qarşıdurma yaratmaq istəyənlərin arxasınca getməyəcək. Biz tamamilə əminik ki, onlar istədikləri yerdə mitinq keçirsələr belə, ətrafa heç kimi toplaya bilməyəcəklər. Çünki radikal müxalifətin sosial bazası yoxdur, tam tükənib. Hesab edirik ki, onların mitinq öncəsi çağırışlarına daha səs verən olmayacaq. Belələrinə cəmiyyətdə heç vaxt yer olmayıb və olmayacaqdır. Biz hamımız bunu pisləyirik və tutduğumuz AXCP (i) və ADP partiyalarından imtina edib, Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olmaq istəyirik."
Artıq gördüyümüz kimi, ümumiyyətlə, sosial dayaqlarını itirmiş, elektoratsız qalan radikal müxalifət partiyalarının qondarma "liderləri", eləcə də, "İctimai Palata" adlı yararsız "siyasi qurum" tamamilə yox dərəcəsindədir. Əgər bir düşərgənin yox dərəcəsi mövcuddursa, istefaların ardı-arası kəsilmirsə, bu, köklü şəkildə sırf iflasın nəticəsidir. Radikal müxalifət sıralarından istefa bəyanatları verərək, Yeni Azərbaycan Partiyasına üzv yazılanların sayı isə kütləviləşməkdə davam edir...

P.S. Növbəti sayımızda ölkənin digər rayonlarında istefa bəyanatları verərək, radikal müxalifət partiyalarından uzaqlaşan şəxslərin fikirlərini təqdim edəcəyik.

Digər xəbərlər