"İctimai Palata"nın qanunsuz 2 aprel aksiyasında onların da iştirakı ictimai birliklər tərəfindən qanunazidd hal kimi qiymətləndirilir
Ölkədə fəaliyyət göstərən bir sıra qeyri-höhumət təşkilatları mövcuddur. Həmin təşkilatların vətəndaş cəmiyyəti quruculuğunda iştirak etmələri, müxtəlif sahələrdə layihələr hazırlayaraq bu layihələri reallaşdırmaları, digər demokratik sferalarda göstərdikləri fəaliyyətləri cəmiyyət, ictimaiyyət tərəfindən normal qəbul edilməklə yanaşı, bu institutların inkişaf mərhələlərində də müəyyən rol oynayır.
Lakin təəssüfdoğurucu haldır ki, özlərini QHT obrazında təqdim edən, "vətəndaş cəmiyyəti" adı altında qeyri-qanuni, siyasiləşmiş formada fəaliyyət göstərən qurumlar da mövcuddur ki, bu qurumlar gah "hüquq", gah "insan haqları", gah da başqa tərz və üslublarla birbaşa siyasətlə məşğul olurlar. Qeyri-qanuni, heç bir məntiqə sığışmayan fəaliyyətləri ilə radikal müxalifət düşərgəsində partiyalar kimi nəzərəçarpan qeyri-hökumət təşkilatları bir az da irəli gedərək, son vaxtlar radikalların törətdikləri çirkin əməllərdə daha yaxından iştirak edirlər.
Dağıdıcı fəaliyyətləri ilə ölkədəki siyasi sabitliyə xələl gətirməyi planlaşdıran Müsavat, AXCP (i), ADP, "VİP", AMİP, "KXCP", ALP kimi partiyaların yanı-başlarında hərlənib-fırlanan "hüquq müdafiəçiləri" sonradan, törətdikləri qanunsuz əməllərinə, xaos və anarxiyaya hesablanmış dağıdıcılıq hərəkətlərinə görə həbs olunanların "qoruyucu mələklərinə" çevrilirlər.
Məsələyə münasibət bildirən "Zəngin Azərbaycan Uğrunda Maarifçilik" ictimai birliyinin sədri İradə Əliyeva bildirdi ki, əslində bu cür QHT-lərin yenidən dövlət qeydiyyatından keçməsinə ehtiyac var. Çünki onların qeyri-qanuni fəaliyyətləri bilavasitə dövlətçilik əleyhinə yönəlmiş fəaliyyət kimi qiymətləndirilməkdədir:" Məlum 2 aprel qanunsuz aksiyasında "İctimai Palata" adlı qurumun ölkədə dağıdıcılıq və qaragüruhçuluq kimi cinayətkar addımlara rəvac verməsi arxasında xarici qüvvələrin dayanması şəksizdir. Orada fəaliyyət göstərən siyasi partiyalarla yanaşı, QHT təmsilçilərinin olması isə birbaşa qanunazidd addım kimi qəbul olunmaqdadır. Çünki məlumdur ki, müxtəlif qruplar arasında "hüquq müdafiəçilərinin də olması faktları təsdiq olunmaqdadır. Yəqin ki, müvafiq dövlət qurumları bu nüansa da diqqət yetirəcək."
Digər QHT rəhbəri, "Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı"nın sədri Vüqar Qədirov isə öz açıqlamasında bildirdi ki, respublikanın bir nömrəli problemi olan Qarabağ problemi ətrafında dövlətimiz tərəfindən qətiyyətli mövqe nümayiş olunduğu bir vaxtda "İctimai Palata"nın və orada qeyri-qanuni fəaliyyət göstərən siyasiləşmiş QHT-lərin xəyanətkar addım atmaları, xarici qüvvələr qarşısında siyasi öhdəliklər götürmələri cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır. Bütün hallarda, bu cür qanunsuzluqların qarşısı hüquq-mühafizə orqanları tərəfindən mütləq alınmalıdır. Bunu yalnız biz deyil, xalq da tələb edir".