Aprelin 2-də AXCP (i) sədri Əli Kərimovun evi qarşısında gənclərin növbəti etiraz aksiyası keçirildi. "Əli Kərimova ar olsun!", "Azərbaycan gənclərini parçalayanlara ar olsun!", "Sənin kim olduğunu Azərbaycan gənci yaxşı bilir!", "Ermənilərə satılmış Əli Kərimova ar olsun!", "Ay pipiyi qan xoruz, sən nə tez qudurursan?!", "Cəsarətsiz Əli Kərimova ar olsun!" və digər buna bənzər plakatlarla yanaşı, üzərində qırmızı xoruz şəkli olan "Mavi, mavi, mavi" kimi şüarlar səsləndirən gənclər, son zamanlar bir sıra ərəb ölkələrində baş verənlərin Azərbaycana süni və lüzumsuz şəkildə gətirilməsinə cəhd göstərilməsinin qəti əleyhinə olduqlarını bildiriblər.
Yumurta, "dirsək" və "barmaq"...
Ə.Kərimovun evi qarşısında keçirilən etiraz aksiyasında diqqətçəkən maraqlı hadisələrin də şahidi olduq. Belə ki, "cəbhəçi" sədrin yaşadığı bina qarşısında toplaşmış aksiyaçı gənclərin üzərinə onun mənzilindən yumurtalar atıldı və əslində, bu olay haqlı sözün qarşısında acizliyin nümayişi kimi dəyərləndirildi. Xatırladaq ki, bundan öncə keçirilmiş aksiyalarda da həmin hal təkrarlanmışdı. Hətta Azərbaycan mentalitetinə uyğun olmayan, heç bir mədəniyyət çərçivəsinə sığışmayan "dirsək göstərmə" olayı da, oraya toplaşmış insanlara bunların ailəlikcə kim olduqlarını, hansı "məzhəbə" xidmət etdiklərini üzə çıxarmış oldu. Yəni, AXCP (i) sədrinin mənzilindən bir millətibilinməz "xanım"ın nümayiş etdirdiyi qeyri-etik davranış hər kəsdə təəccüb doğururdu. Daha dəqiq desək, Nərmin Həsənlinin aksiyaya toplaşanlara "dirsək" və "barmaq" göstərməsi artıq bu gün Azərbaycan xalqında onlara qarşı olan hiddət və nifrəti daha da artırıb.
Aksiyada iştirak edən gənclər və ictimaiyyət nümayəndələri ölkəmizin gün-gündən inkişaf etdiyini bildiriblər. Qeyd ediblər ki, Ə.Kərimovun təxribatçılıqla atdığı xəyanətkar addımlarının qarşısı qətiyyətlə alınacaq.
Azərbaycan gəncliyi sabitliyin tərəfdarıdır
AXCP (i) sədrinin evi qarşısında etiraz aksiyası keçirən gənclər Azərbaycan gəncliyinin ictimai-siyasi sabitliyin tərəfdarı olduğunu qeyd etməklə yanaşı, hər zaman təxribatlara və anti-dövlətçiliyə yönəlmiş xəyanətkar addımlara qarşı qətiyyətlə mübarizə aparacaqlarını söylədilər. Söhbət etdiyimiz aksiya iştirakçıları Azərbaycan gəncliyinin Ə.Kərimov kimi xarici qüvvələrin əlaltısı olan şəxslərin pozuculuq aktları keçirmələrinə imkan verməyəcəklərini bildirdilər.
Əmir Hacılı, fəal gənc: "Bizlərin bu gün buraya, etiraz aksiyasına toplaşmağımızın əsas məqsədi, Ə.Kərimova və onun kimi digər radikal müxalifət "liderlərinə" öz yerlərini göstərməkdir. Onların müxtəlif vasitə və üsullarla ölkədə təxribat xarakterli addımlarının qarşısını ilk olaraq biz gənclər alacağıq. Çünki gənc nəsil ölkənin gələcəyidir. Ölkənin gələcəyi isə onların əlində deyil, Azərbaycanın gənclərində olacaq. Biz, hər zaman Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasəti dəstəkləyir və ölkədəki inkişafın, tərəqqinin daha uğurlu müvəffəqiyyətlərə, yeni-yeni nailiyyətlərlə davam etdiriləcəyinə inanırıq. Ə.Kərimov kimi ermənipərəst satqınlara qarşı isə daim mübarizə aparacağıq.
Şəhriyar Mövsümov, tələbə gənc:" Artıq bütün xalq şahiddir ki, Ə.Kərimov hansı xislətə malik olan adamdır. Onun mənzilində toplaşan insanların mentalitetimizə sığışmayan hərəkətləri də göz qabağındadır. Bu adam xəyanətkar yollarla hakimiyyətə gəlməyi düşünür. Ancaq Ə.Kərimov unudur ki, bu cür tərbiyəsizliklərə rəvac verənin ailəsi onun özü tərəfindən idarə olunmursa, o vaxt qoy gedib ailəsinə tərbiyə öyrətsin. Xalq, ən başlıcası isə gənc nəsil onun cəzalandırılmasını tələb edir. Çünki Ə.Kərimov ən azından vətənini, xalqını çirkli valyutalara satmış mənəviyyatı, vicdan və ləyaqəti olmayan xəyanətkar ünsürdür."
Onu da qeyd edək ki, bu, artıq gənclərin AXCP (i) sədrinin evi qarşısında təşkil etdiyi sayca üçüncü aksiyadır. Sonda, gənclərin təşkil etdiyi aksiya yürüş xarakteri alaraq, Ə.Kərimovun evi qarşısından Heydər Əliyev Sarayına qədər müxtəlif şüarlar səsləndirilərək davam etdi və orada başa çatdı.