"İctimai Palata" sifarişlə işləyən xəyanətkar qurumdur
Ərəb ölkələrində yaşanan dramatik olaylardan "vəcdə" gəlib, mitinq və ya piket, yaxud da "kütləvi aksiya" keçirmək istəyində olan radikal ünsürlər bunu necə edəcəklərini belə bacara bilmirlər. Çünki sosial baza, elektorat qıtlığı yaşayan bu anarxist qüvvələr birləşmək qalsın bir yana, hətta ayrı-ayrılıqda da bir "qələt" edə bilmirlər. Xatırladaq ki, Müsavat partiyasının "İctimai Palata"da təmsil olunmasına baxmayaraq, özbaşına martın 12-nə mitinq keçirməklə bağlı qərar verməsi, sonradan beş-on nəfərlə orda-burda atlanıb-düşməsindən başqa heç nə ilə yadda qalmadı. Bu, eyni zamanda"İctimai Palata"da təmsil olunan digər "müttəfiq" siyasi təşkilatların etirazlarına səbəb oldu. Məsələn, orada təmsil olunan bir partiyanın nümayəndəsi bildirdi ki, Müsavat partiyası mitinq qərarını birgə müzakirələrdən sonra verməli idi, digər biri ümumiyyətlə, mitinq qərarının səhv olduğunu düşünürdü. Qısası, "İctimai Palata"da yaşananlar bir daha onu təsdiq edir ki, radikal müxalifətin yaratdığı bu hoqqabaz "birlik" də digər qondarma qurumlar kimi tarixin arxivinə göndəriləcək. Çünki bu dəfə başqa yöndə qarşıdurma yaratmaq amacıyla küçələrə çıxıb çığır-bağır salmaq istəyənlər də həmin qurumun ünsürləridirlər.
Bu qondarma qurumun heç bir əhəmiyyət daşımadığını deyən digər müxalifətçi şəxslər də mövcuddur. Məsələn, AXC icraiyyə komitəsinin sabiq sədri Fərəc Quliyev bir müddət öncə, mətbuata verdiyi açıqlamasında bildirib ki, o, sözügedən təşkilata ciddi əhəmiyyət vermir və onu effektiv qurum saymır:"Hesab edirəm ki, cəmiyyətin, vətəndaşların problemləri ilə xalqın seçdiyi millət vəkilləri, ali qanunverici orqan daha yaxşı məşğul ola bilər. "İctimai Palata" bu tipli məsələlərlə məşğul ola bilməz. Daha konkret desəm, "İctimai Palata" - özünə uyğun olmayan fəaliyyət formaları ilə məşğul olanların toplaşmasıdır".
"İctimai Palata"da baş verənlərə keçmiş "cəbhəçi", hazırda politoloq fəaliyyəti ilə məşğul olan Cümşüd Nuriyev də münasibətini açıqlayıb. Politoloqun sözlərinə görə lüzumsuz qurumun yaradılması "ideyası" əslində xaricdən gələn anti-Azərbaycan meyilli qüvvələrin sifarişidir:"Məqsəd də bu idi ki, həmin qurum Azərbaycanda çaxnaşmalar və qarşıdurmalar yaratsın". Xarici qüvvələr istəyirdilər ki, ərəb ölkələrində baş verən qarşıdurmaların Azərbaycana sıçramasını buradakı radikal müxalifətçilər həyata keçirsin. Azərbaycan ictimaiyyətində "inqilab" fikrini yaratmağa çalışan insanlar əslində gördülər ki, ərəb dünyasında baş verənlər Azərbaycanda qətiyyən mümkün deyil və bu arzuları iflasa uğradı. Sözüm ondadır ki, "İctimai Palata"nın yaradılması ideyası əvvəlcədən də səhv idi".
Politoloq qeyd edib ki, əgər bir təşkilatın adı ictimaidirsə, orada xüsusi iddiaları gündəmə gətirmək mümkün deyil: "Müxalif kəsimin də "liderləri" son 20 ildə dəyişməyib. Üzdə olan "liderləri" də gözəl tanıdığımıza görə biz əvvəlcədən də demişdik ki, bu qondarma qurum Azərbaycan cəmiyyətinə yad olduğu üçün yaradıldığından çox keçməmiş məhv olacaq. Necə ki, müxalifətin onlarla bu cür qurumları yaranıb, sonucda dağılıb, bu da elə. Bu ipin sonda kimi boğazında qalacağı artıq məlumdur. Görünən odur ki, AXCP (i)-də qalan 5-3 nəfər də bu ipdən "asılacaq". O mənada ki, Əli Kərimovun yanında 2-3 nəfər qalmışdı kionlar da çıxıb gedəcəklər". C.Nuriyevin qənaətincə, "İctimai Palata"nın dağılmasında maraqlı olan partiya Müsavatdır: "Müsavat hər zaman istəyib və bu gün də istəyir ki, Əli Kərimovun siyasətdən və cəmiyyətdən təcrid etsin. Görünür, Müsavat partiyası məqsədinə nail olur".