Vəhhabi "fitvalarına" amin deyən "hizbullahçı" Əli Kərimov
Məlum olduğu kimi, radikal müxalifət ünsürləri başda AXCP (i) sədri Əli Kərimov olmaqla, aprelin 2-də öz təbirlərincə desək, "möhtəşəm aksiya" keçirməyi planlaşdırıblar. Lakin bütün bu pafoslu bəyanatlardan fərqli olaraq, radikalların "möhtəşəmliyindən" xəbər verən bircə dənə də olsun fakt, sübut yoxdur.
Bu fakt və sübutlar yerinə, onların digər "çalarları"- satqınçılıq və xəyanət üzərində qurulmuş anarxist ambisiyaları və şivənçilik, qaragüruhçuluq hallarıdır. Qısası, onların işləri-gücləri öz mənafelərinə xidmət etmək naminə, əllərinə düşən bütün imkanlardan maksimum istifadə edib, xaotik vəziyyət yaratmaqdır. Belə vəziyyətlərdən biri də, bilavasitə, aşkar şəkildə Ə. Kərimov tərəfindən icra olunmaqdadır. İlk öncə, Avropa və Qərbdə fəaliyyət göstərən və kifayət qədər kapitallara sahib təşkilatlarla iş birliyinə gedən AXCP (i) sədri sonradan öz "qırmağını" radikal dini təriqətlərə tərəf atmağa başlayıb. Qeyd edək ki, hər vəchlə ermənipərəst Qərb təşkilatları qarşısında öhdəliklər götürən bu adam, ümumiyyətlə, heç nəyə nail olmayıb və onların qarşısında öz inamını itirib. Martın 11-də və 12-də beş-üç nəfərlə baş tutmayan "gənclərin" aksiyasından sonra isə, Kərimovun adı birdəfəlik olaraq Qərb təşkilatlarının dəftərindən silinib. Hətta əldə edilən digər məlumatlara əsaslanaraq, deyə bilərik ki, "Yurd" şefinin Qərbdəki ermənipərəst havadarları Ermənistandakı ağaları vasitəsilə ismarıc yollayıblar ki, o öz öhdəsinə götürdüyü vədlərini yerinə yetirə bilmədiyinə görə, ümumiyyətlə, gəncləri ətrafına toplayaraq, ölkədə qarışıqlıq salmaq planının reallaşdırmamasına görə, dəftərdən silinib. Məhz buna görə də Ə.Kərimov son günlər üzünü gah "Taliban" terrorçu qruplaşmasına, gah vəhhabi nümayəndələrinə, gah da İran meyilli "Hizbullah" təxribatçılarına tərəf çevirib. Yəni "siyasətçilikdən" terrorçuluğa keçid alıb. ADP qərargahında "Azərbaycan İslam Partiyası"nın qoltuğuna sığınan, İranın xüsusi xidmət orqanlarına agentlik edən Hacı İbrahim adlı xəyanətkarla təxribat planları cızan AXCP (i) sədri onların irəli sürdükləri bütün anarxist və dağıdıcılıq, antidövlətçilik, xalq və ölkə əleyhinə yönəlmiş "fitvalarına" amin deyir. Lakin unudur ki, bu cür "fitvalar" vaxtilə taliblər tərəfindən Əfqanıstanda, vəhhabilər tərəfindən Çeçenistanda, "hizbullahçılar" tərəfindən Livanda və Fələstində də verilib və həmin "fitvaların" nə ilə nəticələnməsi də göz qabağındadır. Bu gün özünü müxalifət düşərgəsindəki partiyalar arasında "ana təşkilat" hesab edən Ə.Kərimovun sabah terror qruplaşmaları arasında diş qıcırdan "vampir" qismində təqdim edəcəyi də təəccüb doğurmamalıdır. Çünki ondan hər nə murdar, rəzil addım desən gözləmək mümkündür. Eləcə də, ölkədə gənclər sadəlövhlüklərindən sui-istifadə edib, hakimiyyət hərisliyi ilə alışıb-yanan Kərimovun və kərimovların aqibətini də indidən proqnozlaşdırmaq mümkündür. Bu aqibət ikrah və nifrət üzərində qurulmuş hiddət və etirazdır. Etirazı isə ayrı-ayrı adamlar deyil, bütövlükdə, xalq edir. Necə deyərlər, üç gün keçməz, özü bunun şahidi olar...