Arif Hacıyev Müsavatda öz xeyirinə yeni nizamnamə hazırlayır
Daxili gərginlikdə boğulan Müsavatın qurultayı yaxınlaşdıqca, başqanlığa iddialı olanların sayı da durmadan artmaqdadır. Daha dəqiq desək, burada hər yerindən duran başqan olmaq "eşqinə" düşüb. Çünki bir müddət öncə, sözügedən posta iddialı olan ən əsas fiqur - Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev "Azadlıq" radiostansiyasına verdiyi açıqlamasında bildirmişdi ki, Müsavat partiyasında təmsil olunan hər bir kəsin başqanlıq seçimlərində iştirak etməyə hüququ var.
Bu açıqlamanı eləcə də İsa Qəmbərova qarşı olan hücum kampaniyasının birinci fazası kimi də dəyərləndirmək mümkündür. Çünki bildiyimiz kimi, A.Hacıyev açıqlamasından bir müddət əvvəl başqanlıq postuna iddiasının olmadığını bildirmişdi. Həmin açıqlama ilə o, gizli dividendlərini qazanmağa başlamış və artıq bu gün qazanılmış dividendlərini reallaşdırmaqdadır.
Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlu da A.Hacıyev kimi "ənənəvi mövqe" sərgiləyir və bu işdə öz fikrincə tələsməməyi vacib sayır. R.Arifoğlunun yaxın günlərdə özünə yaxın olan media vasitəsi ilə Müsavatın "gələcəyi" ilə bağlı layihə ilə çıxış edəcəyi gözlənilir. Lakin bu arada A.Hacıyev özünə yaxın olan adamlarla söhbətində bildirib ki, Müsavat daxilində baş verən proseslərə yetərli qədər təsir imkanları mövcuddur və bu təsir imkanlarının reallaşdırılmasının tam zamanıdır. Eyni zamanda, Müsavatda İ.Qəmbərovun partiya başqanlığından getməsini faciə hesab etməyənlər də var və bu adamlar da A.Hacıyev "komandasının" üzvləridirlər. Məsələn, Müsavatın Divan üzvü Hikmət Hacızadə dolayısı ilə bildirib ki, İ.Qəmbərov başqanlıqdan getməlidir, çünki onun getməsi labüddür. Onun sözlərinə görə, Müsavat avtoritarizmin tərəfdarı olmadığını göstərmək, demokratik üsul-idarəni üstün tutduğunu sübut etmək istəyirsə, 20 illik başqanı dəyişməlidir. Yəni H.Hacizadə burada da A.Hacıyevin dilindən danışaraq partiyada avtoritar rejimin hökm sürdüyünü bəyan edib.
Bu arada Müsavat partiyasından daha bir məlumat sızıb ki, qurultaya qədər qalan müddət ərzində A. Hacıyev partiyanın yeni nizamnaməsi üzərində çalışır və bu nizmnamədə hazırkı başqan İ. Qəmbərovun yenidən sədarətə seçiləcəyi şansı minimum həddə olacaq, ya da, ümumiyyətlə, olmayacaq. Eyni zamanda, hazırlanan nizamnamədə limit həddi mövcud olacaq və bu həddin üzərində yaş senzinin də tətbiqi nəzərdə tutulur. Bir sözlə, başqan İ. Qəmbərov öz postundan ikiəlli yapışıb və onun əllərini qoparmaq istiqamətində A. Hacıyev fiquru ciddi faktor kimi mövcudluğunu qoruyub saxlamaqdadır. Partiyanın qurultayına qaldıqda isə qurultay ərəfəsində Müsavat daxilində daha bir neçə qopmaların, istefaların baş verməsi prosesi start vəziyyətini alıb. Bu isə o anlama gələn amillərdəndir ki, adıçəkilən qurum, ya bütövlükdə dağılacaq, ya da digər radikal müxalifət partiyaları kimi parçalanmış şəkildə fəaliyyət göstərəcək.