Birmənalı şəkildə Azərbaycanın əldə etmiş olduğu iqtisadi, siyasi uğurları qəbul etmək istəməyən xarici anti-Azərbaycan mövqeli qüvvələr ölkə daxilindəki müəyyən dayaqlarından, konkret olaraq, radikal müxalifətdən istifadə edərək, dövlətimizin mövcud iqtisadi-siyasi yüksəlişinə maneə olmağa can atırlar. Eyni zamanda, məkrli qüvvələrin əlində alətə çevrilmiş radikal müxalifət ünsürləri məhz onların diqtəsi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin pozulmasında maraqlı görünürlər. Onlar elə bu çirkin niyyətlərini reallaşdırmaq üçün radikal müxalifətə maliyyə dəstəyi verməklə Azərbaycanda müəyyən dərəcədə gərginlik yaradıb, bunu beynəlxalq arenada ciddi problemlər kimi göstərmək istəyirlər.
Müxalifətin anarxiya və xaosdan sui-istifadə etmək təcrübəsi
1990-cü illərin əvvələrində öz müstəqilliyini yenicə elan etmiş Azərbaycan daxili xəyanətin, iç düşmənlərin qurmuş olduğu məngənələrdə boğulurdu. Amma çox təəccüb və təəssüf hissi ilə qeyd etməliyik ki, məhz həmin vaxtlarda mövcud olan anarxiya və xaosdan sui-istifadə edərək hakimiyyətə gəlmiş bugünkü radikal müxalifət ünsürləri nə kimi oyunlara əl atmışdı. Xalqın tarixi sınaq qarşısında qalması dövlətçiliyimizin yox edilməsi kimi iyrənc prinsipləri hədəf kimi müəyyənləşdirmiş AXC-Müsavat cütlüyünün həris "lider"ləri və onların ətrafına cəm olmuş xırda ünsürlər öz xislətlərini dəfələrlə cəmiyyətimiz üçün bəlli ediblər. O dövr mənimsədikləri hakimiyyətin təsirinə qapılıb müəyyən illüziyalara, yanlış psixoloji prinsiplərə, səhv metodologiyalara, sonu bəlli olmayan yola üz tutanlar bu gün müasir Azərbaycan cəmiyyətinə özlərini əks qütbdə dayanmış qüvvələr kimi təqdim etmək iddiasındadırlar. Elə bu məqsədlə də, az qala mənsub olduqları düşərgədə, yəni radikal müxalifət düşərgəsində özlərini "ana müxalifət" kimi qələmə verən Müsavat başqanı İsa Qəmbərovun məkrli niyyətinin arxasında hansı çirkin əməlin dayandığı hər kəsə bəllidir. Almaniyada Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla qarşılıqlı əməkdaşlıq barəsində müqavilə imzalayan və bunun müqabilində öz şəxsi maraqlarını önə çəkən Müsavat başqanı yenidən "kölgə siyasətinə" əl atmağa çalışır. O, bu məqsədlə bir neçə dəfə xarici havadarları ilə yaxın və virtual münasibətdə olaraq yeni göstərişlər almaqla Azərbaycandakı möhkəm ictimai-siyasi sabitliyə zərbə vurmağı planlaşdırırdı. Amma bu dəfə də, İ.Qəmbərova cəmiyyətin sərt iradəsi öz yerində oturmaq üçün bəs etdi. Hətta onun bir neçə gün öncə hay-küylə təqdim etmək istədiyi qondarma aksiyaya partiya üzvləri belə gəlmədilər. Bu isə, açıq şəkildə onu göstərir ki, İ.Qəmbərov ətrafında qalmış üç-beş nəfəri də artıq itirib.
19 marta təyin olunmuş müxalifətin mitinqinin baş tutmamasının səbəbləri...
Martın 11-də "böyük" mitinq keçirəcəyik, martın 12-də "mitinq iştirakçıları"nın sayını müəyyənləşdirmək çətin olacaq və nəhayətdə martın 19-da "möhtəşəm" mitinq olacaq deyən radikal müxalifət yetkililəri növbəti dəfə necə yalan danışdıqlarını və bu "işdə" peşəkarlıq təcrübələrini göstərmiş oldular. Çünki açıq şəkildə paytaxt Bakıda yaşayanlar və günü-gündən gözəlləşən şəhərimizə qonaq və istirahət etmək məqsədilə gəlmiş insanlar müxalifətin martın 11-də təşkil etmək iddiasında olduğu qondarma aksiyanın bütün tərəflərini görmüş oldular. "28 May" metrostansiyasının qarşısında iki-üç nəfərlə hay-küy salmaq, martın 12-də isə "Fəvvarələr" meydanında ictimai diqqəti çaşdırmaq üçün cəhdlər etmək sonda müxalifətin ənənəvi boykotu ilə nəticələndi. Ətraflarında qalmış üç-beş nəfər də müxalifət yetkililərinin yalan və şirnikləndirici vədlərinə aldanmayaraq, onların 19 marta təyin etdikləri "mitinq"ini boykot etmiş oldular. Beləliklə də, növbəti dəfə cəmiyyətin gözü qarşısında biabırçılığın parametrlərini yaşayan müxalifət ünsürləri nə dərəcədə riyakar bir obrazda olduqlarını anlamaqda hələ də çətinlik çəkirlər. Amma reallıqdan qaçmaq çox çətin olduğu üçün müxalifət martın 19-da qarşılaşmış olduğu mənzərədən sonra böyük sarsıntının astanasındadır. Artıq tərəfdarlarının da hiddəti ilə qarşı-qarşıya qalmış müxalifət partiya rəhbərləri bu faktdan sonra xarici donorlarına daha çox yaxınlaşmağa başlayıblar. Bir qayda olaraq, cəmiyyətin hiddəti ilə qarşılaşan və öz tərəfdaşları tərəfindən belə boykota məruz qulan müxalifət partiya rəhbərləri məhz havadarlarının ağuşuna sığınmaqla özlərinə təsəlli tapmağa çalışırlar.