PDF Oxu

Müxalifət

  • 20

Birləşmək istərkən ayrıldılar...

Birləşmək istərkən ayrıldılar...
Artıq məlum məsələdir ki, radikal müxalifət düşərgəsində sərgilənməyə meyil edilən "birlik-bərabərlik" imitasiyaları elə imitasiya kimi də qalmaqda davam etməkdədir. Bu vəziyyət bütün müxalifət partiyalarında - Müsavat və AXCP (i)-də, "Ümid" və ADP-də, "KXCP" və "Azadlıq"da, eləcə də, "VİP" və ALP-də davam etməkdədir. Əsasən də, sonuncu iki siyasi təşkilat arasında yaranmış "isti münasibətlərin" dərhal soyuması arxasında daha maraqdoğurucu faktların olması sərgilənən son gərginlikləri yetərincə özündə ehtiva etməkdədir. Xatırladaq ki, hələ bir neçə gün bundan öncə, "VİP"-lə ALP arasında bir növ "anlaşma memorandumu" imzalanmışdı və bu razılaşmaya əsasən hər iki siyasi təşkilat birləşmək qərarına gəlmişdilər. Bununla yanaşı, sonrakı "fəaliyyətlərində" bütün tədbir və planlarını müştərək olaraq həyata keçirməyi nəzərdə tutan partiya sədrləri Əli Əliyev və Əvəz Temirxan sədrlik məsələsini sonrakı mərhələyə saxladıqlarını açıqlamışdılar. Çünki həm "VİP" tərəfindən olan funksionerlər, həm də ALP səlahiyyətliləri, ümumilikdə, həmsədrlik postunun təsisinə qarşı çıxıb, bu məsələnin həllini sonraya saxlamışdılar. Məhz bu sonraya saxlama məsələsi də aləmi bir-birinə vuraraq, partiyalar arasında ciddi qarşıdurmalara səbəb olub. Belə ki, təmsil olunduqları təşkilatlarının "səviyyəsini" digərinkindən üstün olduğunu iddia edənlər "birləşəcək" partiyaların sədrlik postuna öz rəhbərlərinin getməsi tələbini ortaya qoyublar. Məsələn, Ə.Əliyevin tərəfdarları onun, Ə.Temirxanın tərəfdarları isə ALP sədrinin ümumi təşkilata sədrlik etməsi iddiasında bulunublar. Həmin məsələ isə hər iki partiya kuluarlarından sızaraq kənara çıxıb və bütün gizlinlər ifşa olunub. Bundan sonra "VİP" və ALP sədrləri həftə əvvəlindəki görüşlərində anidən "mehriban dostlardan" əzazil düşmənə çevriliblər. Məsələ ondadır ki, sədr postuna kimin layiq olması məsələsinin üzərində dayanan partiya rəhbərləri əvvəlcə "centlmenlik" sərgiləyib, bir-birlərini "buyur-buyurla" sözügedən posta ötürməyə başlayıblar. Lakin sonradan onların əsil üzləri, simasızlıqları ortaya çıxıb. Belə ki, öncə Ə.Əliyev özündən xoflanıb və birdən -birə Ə. Temirxana deyib ki, əgər bu qədər israr edirsə, o, birləşəcək partiyaların sədri olmaqdan imtina etməz. Ancaq ALP sədri də eynilə həmin sözləri "VİP" sədrinə ünvanlayıb. Beləliklə də, necə deyərlər, "aləm qarışıb, məzhəb itib". Bağlı qapılar arasında gedən gizli danışıqlar qapılardan çölə sıçrayıb, ardınca isə funksionerlərə sirayət edib. Nəticədə "VİP" və ALP tərəfdarları arasında qarşıdurmalar yaranıb. Bir neçə nəfərin müdaxiləsindən sonra isə ara bir az sakitləşib.
Beləliklə də, yuxarıda qeyd etdiyimiz "birlik" imitasiyası növbəti dəfə öz təsdiqini taparaq radikal düşərgədəki vəziyyəti tam çılpaqlığı ilə əks etdirib. Bu isə yalnız bir faktor üzərində isbatlanmış gerçəklikdir. Həmin gerçəkliyin adı parçalanan, tarixin arxivinə gömülən, iflasdan-iflasa uğrayan - RADİKAL MÜXALİFƏTİN ACI SONLUĞUDUR...

Digər xəbərlər