Mirmahmud Fəttayev 10 milyonun badına getdi
"İctimai Palata" adlanan lüzumsuz qurumun əlinə Qərbdəki anti-Azərbaycan mövqeli qüvvələr tərəfindən 10 milyon dollar keçdikdən sonra, qurum daxilindəki qeyri-səmimilik, düşmənçilik münasibətləri aşkar şəkildə nümayiş etdirməkdədir. Xarici ermənipərəst qüvvələrdən müəyyən vasitələrlə "maliyyə yardımı" adı altında alınmış, lakin iğtişaşlar törətmək üçün əldə edilən valyutalar sözügedən düşərgədə aləmi bir-birinə qatıb. Aləmi bir-birinə qatan mövcud durum isə pul iyinə gələn digər irili-xırdalı siyasi təşkilatlardır.
Yəni azlığından-çoxluğundan asılı olmayaraq, əllərinə düşəcəkləri məbləği "qənimət" hesab edənlərin birdən-birə bir yerə toplaşması radikal düşərgədə "müxalifətin birliyi" kimi təqdim olunur. Məsələn, özlərinə aid olan informasiya portallarında və mətbuat səhifələrində "İctimai Palata"nın sıraları artır", "Filan partiya da müxalifətin birliyinə qoşuldu", "Müxalifət aksiyalara bir yerdə gedəcək" kimi yeksənək, pafoslu çıxışları yuxarıda qeyd olunan fikirlərə aid etmək mümkündür. Əslində isə, hər şey tərsinə cərəyan edir və müxalifətin hökm sürən sabitliyi pozmağa nə elektorat baxımından, nə də ki, "birlik" baxımından gücü - qüvvəsi yoxdur.
"Klassik Xalq Cəbhəsi Partiyası"nın ("KXCP") sədri Mirmahmud Fəttayevin birdən-birə durub adıçəkilən "palata"ya getməsi arxasında da həmin nüanslar dayanıb. Bildirək ki, "Demokratiya Uğrunda Hərəkat" adlanan qurumda sükanı əlində saxlayan M.Fəttayev son ana qədər bu vəzifəsinin öhdəsindən gələ bilmədi. Daha dəqiq desək, orada cəmləşmiş partiyaların üzərində "ağsaqqallıq" etməyə müyəssər olmadı. Bu, ilk növbədə, "Azadlıq" partiyasının sədri Əhməd Orucovun qınağı, sonradan hədəsi, daha sonradan isə küfr və təhqirləri ilə yadda qaldı. Bütün bu rəzilliklərə bilərəkdən göz yuman "KXCP" sədri öz nəfsinə sahib çıxa bilmədi. Nəticədə dollar sevgisi ona üstün gəldi. Bir sözlə, Mirmahmud "bəy" ona qarşı yönəlmiş təhqir və ittihamları həzm edərək, yenicə ermənipərəst qüvvələrdən əldə olunmuş 10 milyon dolların olduğu yerə - "İctimai Palata"ya üz tutdu. Bu isə, bayaq qeyd etdiyimiz kimi, ictimaiyyətə radikallar tərəfindən "sıralarının genişlənməsi" kimi sırındı. İstər-istəməz ortaya sual çıxır: əgər sözügedən 10 milyon dollar, münasib və ya qeyri-münasib tərzdə radikal düşərgə ünsürləri tərəfindən bölüşdürülsə və onların törətməyə cəhd etdikləri iğtişaşlar, aksiyalar baş tutmasa (bunun belə olacağına heç kimin şübhəsi olmasın- R.R.), daha sonra hansı "arqumentlərlə" öz başlarını xarab edəcəklər?
Əslində, M.Fəttayevin dollara olan "əsrarəngiz" sevgisi heç də yeni xəbər deyil. Nəzərə alsaq ki, bir vaxtlar, yəni 2003-cü ilin prezident seçkiləri öncəsi yaradılmış "Azadlıq" blokunda "fəaliyyət" göstərən siyasi təşkilatlara sonradan qoşulmuş "KXCP" sədri o zamanlarda da bu kimi səhv addımlara yol vermişdi. Yəni təmsil olunduğu "Müxalifətin Koordinasiya Mərkəzi"ndən anidən istefa verib, "Azadlıq" blokunun tərəfini tutmuşdu. Onda da, artıq tarixin arxivinə gömülmüş sözügedən azadlıq blokuna xarici ermənipərəst qüvvələr tərəfindən aşağı-yuxarı hesabla 15 milyon dollar pul ötürülmüşdü. M. Fəttayevin 2003-cü ildən bu yana, yəni 2011-ci ilə qədər dəyişmədiyi açıq-aşkar göz qabağındadır. Hətta nəinki 2011, eləcə də, 2021 və daha sonralara qalsa belə (hərçənd ki, bu inandırıcı görünmür-R.R.), bu adamın dollara olan hərisliyi azalmayacaqdır. Nə onun, nə də ki, digərlərinin-Müsavat başqanı İsa Qəmbərovun, AXCP (i) sədri Əli Kərimovun, ADP sədri Sərdar Cəlaloğlunun, "Ümid" rəhbəri İqbal Ağazadənin, AMİP "lideri" Etibar Məmmədovun, ALP "lideri" Lalə Hacıyevanın, Əvəz Temirxanın, "VİP" sədri Əli Əliyevin, "ACP" sədri Rəsul Quliyevin və digər bu kimilərin pul-para üstündə olan hərislikləri səngiməyəcəkdir. Bu səngiməməkləri və digər problemləri isə onların nəinki iğtişaşlar törətmək arzularını, eyni zamanda, qeyri-demokratik, anarxiya və özbaşınalıq yolları ilə "hakimiyyətə gəlmək diləklərini" siyasi məzarlığa göməcəkdir.