Fərarilik və qorxaqlıq...
Bir zamanlar deputat olmaq arzusu ilə alışıb-yanan, bunun üçün parlament seçkilərində millət vəkilliyinə namizədliyini irəli sürmüş qeyri-vətənpərvər, xəyanətkar "gənc" Bəxtiyar Hacıyev bu seçkilərdə cəmiyyətdən nəinki dəstək almadı, eləcə də, onun bütün paxırları öz-özünə ifşa olundu. Məhz bütün bunlardan sonra öz məğlubiyyətini müxtəlif vasitə və üsullarla sığortalamağa cəhd edən bu xain daha sonradan da qeyri- müəyyən hərəkətlərə rəvac verməyə başladı.
O, bir gün bir, digər gün isə başqa cür səsləndirmiş olduğu ifadələrində əslində necə "insan" olduğunu yetərincə təsdiq etmiş olur. Başbilən ağalarının göstərişi ilə yeni-yeni iddialara düşən B. Hacıyev onların göstərişlərinə əməl etməyi nədənsə özünə "borc" bilir. İlk öncə, onun qarşısına qoyulmuş "əmri icra etmək" üçün, Azərbaycanın Ordusunda xidmət etməkdən aşkar şəkildə imtina edən, bununla da ətrafında süni ajiotaj yaratmağa səy göstərən B.Hacıyev məhz bu məqsədlə ölkə hüdudlarını tərk etməyi düşünmüşdü. Lakin onun diqqətli, ayıq-sayıq sərhədçilərimiz tərəfindən Azərbaycan sərhədindən fərarilik edərək, qonşu ölkənin ərazisinə keçməsinin qarşısı qətiyyətlə alındı və o, ifşa olundu. Sözügedən məsələnin də maraqlı nüansları məhz bu məqamdan sonra nəzərə çarpmağa başladı. Radikal müxalifət mənsubları müəyyən vasitələrlə həmin məsələnin "böyüməsi" üçün çığır-bağır salmağa cəhdlər etdi. B.Hacıyev isə müxalifətçi "ideoloqların" diktəsi altında ordundan yayınmasının "naməlum səbəblərini" müxtəlif mənalarla və hoqqabazlıqlarla yozmağa çalışdı. Baxmayaraq ki, Azərbaycan qnunvericiliyinə əsasən, hər bir yetkinlik yaşına çatmış şəxs ordu sıralarında xidmətdən keçməli və bundan fəxr duymalıdır. Lakin B. Hacıyev kimi möhlət hüququ olmayan şəxslərin bundan yayınması, qorxaqlıq və bu kimi digər bənzərliklərlə "şalvarını başına çəkməsi" ictimai qınaq qədər ciddi təpkiyə, ikraha və nifrətə yetərincə səbəb olur.
B.Hacıyevin ordu sıralarında xidmətdən "özünəməxsus" tərzdə yayınmasının milli dəyərlərə, əqidəyə, iradəyə xas olmayan hal kimi qəbul olunması dəfələrlə qeyd olunub. Ancaq B.Hacıyev Harvard Universitetini bitirdiyi iddiası ilə çıxış etsə də, bu iddiaların heç bir əsası yoxdur. Ona görə də gedib-gəlib bu universitetin adını çəkib, bundan sui-istifadə etməyin də heç bir yeri yoxdur. O, eləcə də, digər iddialarında haray-həşir salır ki, guya mətbuat səhifələrində onun "kişi"liyinə, "qeyrətinə" qarşı ifadələr səsləndirilir. Maraqlıdır, əgər o bunlara sahib ola bilmirsə, niyə "içi göynəyir?" Lakin unudur ki, "kişi" oldu ya olmadı, hər bir insan varlığının daxilində bir vicdan, mənəviyyat hissi formalaşmalıdır və bu formalaşma həmin insanı cəmiyyət içində fərqləndirməlidir. Əgər bu cür anlayışları B.Hacıyev kimi xəyanətkar və mənliksiz "gənclər" ayrı cür, ayrı mənada anlayırsa, artıq bu, onların öz problemidir. Daha bu problemləri süni şəkildə ictimaiyyətləşdirməyin heç bir lüzumu yoxdur. Hətta B.Hacıyevin təhsil aldığı ABŞ-da da belə "mənəviyyatsızlığa haqq qazandırmaq" kimi düşüncə tərzi qəbul olunmur. Buradan daha bir məntiq ortaya çıxır ki, B.Hacıyev ordu sıralarına getməməyini "dini mənsubiyyətinə", təmsil olunduğu " prinsipləri" ilə sığortalamaq istəyirsə, burada başqa məna axtarmaq nəyə və kimə lazımdır? O, din qardaşlarına qarşı, yəni torpaqlarımızı işğal etmiş, 1 milyondan artıq vətəndaşımızı qaçqına çevirmiş, ana-bacılarımızı əsir-yesir etmiş erməni faşistinə qarşı dayanmağı özünə "günah" bilirsə, buna başqa hansı adı qoymaq mümkündür? Bunun bir adı var -FƏRARİLİK VƏ QORXAQLIQ! Baxmayaraq ki, B.Hacıyevin dırnaqarası dostları, onun timsalında olan və radikal müxalifət mənsubları tərəfindən zəhərlənmiş "gənclər" facebook sosial şəbəkəsində onun bu hərəkətinə rəzalətlərə rəğmən "haqq" qazandırmağa çalışırlar, onların bu hoqqabazlıqları sağlam ruhlu, sağlam düşüncəli gənclərimiz tərəfindən qətiyyətlə pislənilir, qəbuledilməzlik kimi dəyərləndirilir. Radikal düşərgənin sui-istifadəçi "bəylərinə" cani-qəlbdən çalışıb, vətəninə xəyanət edən "gənclərə" isə yeganə məsləhətimiz odur ki, vətən, millət, xalq mücəssiməsi namus, qeyrət, əqidə və vicdan məfhumunda birləşmiş müqəddəs amaldır. Onu qorumaq hər kəsin əlahiddə borcudur. Bunun üçün nə B.Hacıyev nə də ki, onun dostları kimi olmaq lazım deyil. Ancaq B.Hacıyev qədər alçaq düşünənlər, rəzil və "zəhərlənmiş" gənclər bu cür iddialarla səs-küy salıb "çıxışlar" edirlərsə, bu, onların yalnız ziyanlarına işləyən amil olacaqdır.