PDF Oxu

Müxalifət

  • 7

Müxalifətin “aksiyaları"...

Müxalifətin “aksiyaları"...

Son vaxtlar radikal müxalifət düşərgəsində baş verən hadisələr və bu hadisələrin fonunda cərəyan edən proseslər, qarşıdurmalar, ziddiyyətlər get-gedə daha kəskin xarakter almaqdadır. Məsələ ondadır ki, "aksiya keçirmək" üçün dəridən-qabıqdan çıxan, hətta bunun üçün bir-birilərinə belə qənim kəsilən radikal müxalifət nümayəndələri keçirmək istədikləri "aksiyalardan" əslində sui-istifadə etmək məqsədini daşıyırlar. Daha doğrusu, "iğtişaşlar" törətməklə "ana müxalifətçi" obrazını öz üzərlərinə götürməyə cəhdlər edirlər.
Çünki onları başqa heç nə maraqlandırmır. Şəxsi dividendlərini hər şeydən üstün tutaraq, siyasi oyunbazlıqlara rəvacverən "liderlərin" birləşib-parçalanmaları da bu xüsusiyyətlərdən biridir. Eyni zamanda, fikir haçalıqlarının arxasında daha bir neçə faktorlar dayanıb ki, bu faktorlardan biri də xarici anti-Azərbaycan meyilli qüvvələrin zaman-zaman ölkənin radikal müxalifət partiyaları qarşısında şərtlər qoymalarıdır. Bu şərtlərin arxasında isə anarxiya, dağıdıcılıq, anti-demokratik hakimiyyətə yiyələnmə metodları dayanıb. Təbii ki, müəyyənləşdirilmiş vədlər çərçivəsində. Bu vədlərə boyun olan xəyanətkar radikal təxəyyüllülər isə hər vəchlə və mümkün qədər çox valyutalar qazanmaq üçün daha hansı oyunlardan çıxmırlar?

"İctimai Palata"da Müsavat problemi

Sözügedən məsələyə bir neçə cür münasibət bildirmək mümkündür. Məsələn, yarandığı gündən etibarən, "müxalifətin birliyi" kimi ictimaiyyətə sırınan adıçəkilən qurumda sonuncu parlament seçkilərindən sonra bir ajiotaj yaşanırdı. Bu ajiotajda iştirak edənlərin hər biri ayrı-ayrılıqda sözügedən seçkilərdə uduzmuş namizədlərdir. Məhz bu minvalla, həmdərd olan uduzmuşlar qrupu yuxarıda qeyd etdiyimiz ajiotaja qapılaraq bir-birlərinin "müdafiəsinə" qalxdılar. Lakin sonradan baş verən hadisələr qondarma qurumun "fəaliyyətində" tərsinə dönüş yaratdı. Yəni, həmin qurumda "önəçıxma" kampaniyasına start verildi. Hər kəs "birinci şəxs" olmaq iddiası ilə ortalığa çıxaraq başqa birisini eşitmək istəmədi. Bu məsələdə daha çox görünən Müsavat partiyasının başqanı özünü hər kəsdən "yuxarı" və "ağıllı" hesab etməklə yanlışlığa yol verdi. Çünki orada toplaşanların hər birində qarşılıqlı düşmənçilik, xüsusilə də, İ.Qəmbərova qarşı nifrət hissləri mövcuddur. Bu düşmənçiliklər də daha öncələr keçirilmiş seçkilərdə yaranmışdı. Misal kimi, AXCP (i) sədri Əli Kərimov-Müsavat başqanı İsa Qəmbərov düşmənçiliyini göstərmək mümkündür. Digər tərəfdən, adıçəkilən hər iki "siyasinin" əsas prinsipləri "parçala və hökm sür" əsasında formalaşıb. Ona görə də, indiyə qədər bu iki siyasi təşkilatın daxilindəki kütləvi istefalar dalğasının baş verməsi, eləcə də, parçalanmaları arxasında Ə.Kərimov-İ.Qəmbərov düşmənçiliyinin əbədi əsasları dayanıb.
"İctimai Palata" adlı qurumun qərarının əksinə gedən İ.Qəmbərov artıq burada "söz sahibi" olmasını sərgiləmək niyyətindədir. Məlumdur ki, adıçəkilən qondarma qurum bir müddət öncə xarici təşkilatlardan 10 milyon dollar həcmində vəsait qoparmağa nail olub. Bu vəsaitin necə və haraya xərclənəcəyi də yuxarıda dediyimiz faktların sübutudur. Lakin Müsavat partiyasının təmsil olunduğu qurumdan kənar qərar qəbul etməsi yenidən fikir haçalığına səbəb olub. Belə ki, təkbaşına mitinq keçirməyə cəhd göstərən partiya, bu mitinq vasitəsi ilə "İctimai Palata"ya və xarici maliyyə-donor təşkilatlarına sübuta yetirmək istəyir ki, ortaya buraxılmış məbləğə yalnız Müsavat sahib çıxa bilər. Bununla razılaşmayan anti-müsavatçı müxalifətçilər paylarının əllərindən çıxdığını görüb, "bunt" qaldırmağa başlayıblar. Hətta Müsavat partiyasının "palata"dan çıxması tələbini ortaya qoyublar. Bir sözlə, Müsavat siyasi təşkilat olaraq, bütün "rıçaqları" əlinə almaq üçün hücuma keçib və bu hücumun qarşısını almaq "palata" anti-müsavatçıları üçün problemə çevrilib...
Eyni zamanda, söyləmək mümkündür ki, İ.Qəmbərov rəhbərlik etdiyi təşkilatını parçalanma təhlükəsi ilə üz-üzə qoyan Ə.Kərimova revanş cavabı verməyi qarşısına məqsəd qoyub. Necə deyərlər, "canavar can verən zaman bir anlıq fildən də güclü olur" məsəlinə əsaslan, Müsavat başqanı AXCP (i)-yə sarsıdıcı zərbə vurmaq üçün sonuncu "səfərbərliyini" elan edib. Bu hal isə, tezliklə həmin hadisələrin digər radikal müxalifət partiyalarına sirayət edə biləcək olaylardan biri kimi qəbul edilə bilər. Daha dəqiq desək, "liderlik" arzusu radikal müxalifət düşərgəsinin birdəfəlik çökməsinə yetərincə şərait yaratmaqdadır. Mitinq və piketlər "dalğası" isə artıq tarixdə qalmış xəyal təsəvvürlərindən başqa heç nə deyil. Ən azından ona görə ki, "iğtişaş" törətmək arzusu ilə "ana müxalifət" obrazına sahib çıxma çabaları birdəfəlik olaraq radikal müxalifətin çöküşünü. Süqutunu sürətləndirəcək.

Digər xəbərlər