“İctimai Palata"da özbaşınalıq...
Radikal müxalifət düşərgəsində baş verən hadisələrin eyni xarakter alması, demək olar ki, bütün hallarda eynilik təşkil etməkdədir. Yəni bloklardan, birliklərdən və ittifaqlardan asılı olmayaraq, hər birində aşırı narazılıqlar, nifaqlar və ziddiyyətlər hökm sürməkdədir. Təbii ki, müxtəlif qurumlarda təmsil olunmalarına baxmayaraq, bir-birlərini çoxdan tanıyan radikallar məhz bir-birlərinə qarşı da böhtan kampaniyaları aparırlar.
Eyni zamanda, bir blokdan digərinə transfer olunarkən, mütləq "emissar" rolu oynamaqla, rəqiblərinə "qurşaqdan aşağı" zərbələr endirirlər. Belə bir hadisə uzun müddətdir ki, "İctimai Palata" adlanan qondarma qurumda yaşanmaqdadır.
Yenicə dağılan "DUİ" adlı blokun yaradıcılarından olan "KXCP" sədri Mirmahmud Fəttayev "İctimai Palata"da görünüb və o saat məlumatlar yayılıb ki, adıçəkilən partiya sədri artıq oraya "üzv" yazılıb. Amma həqiqətdə heç də belə deyil. Belə ki, oraya qonaq qismində dəvət olunmuş M.Fəttayev ona edilən təkliflə razılaşmayıb. Çünki o, hələ də dağılmış "DUİ"-də fəaliyyət göstərdiyini önə çəkib. Həmçinin, bildirib ki, "İctimai Palata"nın sessiyasına elə-belə maraq üçün qatılıb. Məhz onun bu sözlərindən sonra informasiya yalanlarının üzə çıxdığını görən qurum səlahiyyətliləri "sessiyaya" rəhbərlik edən AXCP (i) sədri Əli Kərimovdan tələb ediblər ki, dərhal M.Fəttayevi oradan uzaqlaşdırsın. Lakin bu hal baş verdiyi zaman digər qurum səlahiyyətliləri-Müsavatdan olan funksionerlər səsləndirilən tələbə qarşı çıxıblar və "KXCP" sədrinin iclasda iştirak etməyinin "vacibliyini" vurğulayıblar. İstər bu, istərsə də digər məsələlərlə bağlı yaranmış ciddi narazıçılıqlar "sessiyanın" işini yarımçıq qoymağa məcbur edib. Eləcə də, bu hal Müsavat funksionerlərinin də aralarında baş verib. Əllərinə fürsət düşən daxili müxalif qüvvələr arasında ciddi qarşıdurma yaranıb. Çünki yaşanan problemin digər mahiyyəti ondan ibarətdir ki, başqana qarşı çıxanlar M.Fəttayevin getməsini, çıxmayanlar isə getməməsini məqsəd kimi ortaya qoyublar.