PDF Oxu

Müxalifət

  • 18

"DUİ"-nin dağılmasında qarşılıqlı ittihamlar...

"DUİ"-nin dağılmasında qarşılıqlı ittihamlar...
Artıq radikal müxalifət düşərgəsində sözdə fəaliyyət göstərən qurum və birliklərin ard-arda dağılması prosesinə start verilib. Əslində, düşərgə üçün öyrəncəli xarakter alan bu cür olaylar daha öncələr də baş verirdi. Məsələn, buna misal kimi "DUH", "SİDSUH", "MKM" və bu kimi digər qondarma qurumların iflaslarını xatırlamaq kifayət edir. Məhz "DUİ" də sözügedən qurumlardan biri kimi radikal müxalifətin "qaranlıq tarix arxivinə" atıldı.
İki ildən bir az artıq müddətdir ki, "fəaliyyət" göstərən müxalifət "birliyi" olan "Demokratiya Uğrunda İttifaq" gözlənilmədən dağıldı və ortaya maraqlı nüanslar çıxdı. Maraqlıdır ki, "DUİ"-dəki partiyalar arasında baş qaldırmış qarşıdurmalar yalnız qurum dağılandan əvvəl deyil, sonra da müşahidə olunmaqdadır. "KXCP" ilə "Böyük Azərbaycan Partiyası" "DUİ"-nin fəaliyyətində artıq iştirak etməyəcəklərini bəyan etməklə, oradakı "fəaliyyətlərinə" xitam verdilər. "Milli Qurtuluş Partiyası" ilə "Azadlıq" partiyasının rəhbərləri isə öz növbələrində "KXCP"-"BAP" dueti böhtan xarakterli informasiya yaymaqda ittiham edir.
Belə ki, "Azadlıq" partiyasının sədri Əhməd Orucov aqressiv halda açıqlamasında bildirib ki, "DUİ"-nin buraxılması haqda şəxsən heç bir qərar verməyib və bunu bilavasitə onun adına yazılması doğru olmazdı: "DUİ"-də 4 partiya var idi. "KXCP" ilə "BAP" çıxıbsa və qurumun fəaliyyətinə xitam verilibsə, niyə bunu mənim adıma bağlayırlar?! "DUİ"-nin dağılmasında məni ittiham edib böhtanlar atırlar... "
Ə.Orucov daha sonra deyib ki, ötən həftə "KXCP"-nin xəyanətkarcasına, gizli şəkildə qondarma "İctimai Palata"da təmsilçilik qərarı verib. Bundan sonra "BAP" sədri Elşad Musayev buna qarşı çıxaraq, Mirmahmud Fəttayevin ünvanına sərt ifadələr işlədib və qəti narazılığını bildirib: "Elşad Musayev buna görə "DUİ"-dən çıxdığını elan etdi. Bildirdi ki, mən bu cür xəyanətkar, satqınçılıq və gizli oyunlarda yoxam, bundan sonra da olmağa fikrim yoxdur. Lakin Mirmahmud Fəttayev düşdüyü çətin vəziyyətdən çıxmaq üçün bildirib ki, "DUİ"-nin fəaliyyətini dayandıraq. Bu təklifin səbəbini soruşduqda, o, arqument ortaya qoya bilmədi, yəni "İctimai Palata" adlı qondarma quruma getdiyini qorxusundan etiraf edə bilmədi".
Ə.Orucov digər məsələyə, "DUİ"-də baş verənlərə də toxunub: "Vaxtilə "DUİ" ilə əməkdaşlıq istəyən bir-iki partiya sədrləri M.Fəttayevə müraciət etmişdi. Lakin M.Fəttayev müraciətlərə əhəmiyyət verməyib və bu barədə də bizə məlumat verməyib. İndi də artıq iki aydır ki, bu məsələlərin reallaşmasına razılıq vermir. Bu gün isə M.Fəttayev məni ittiham edərək, qəfildən bəyan edir ki, "DUİ"-nin fəaliyyətinə xitam verilib. Eyni zamanda, E.Musayevin "DUİ"-dən çıxmasını bəhanə gətirir. Bu, məşhur lətifədəki "inəyin quyruğundan tutub getmək bəhanəsinə bənzəyir".
"KXCP" sədri M.Fəttayev isə Ə.Orucova cavab olaraq deyib ki, "DUİ" yalnız onun qərarı ilə deyil, həmçinin, təsisçilərin razılığı ilə fəaliyyətini dayandırıb: "BAP" Siyasi Şurasının "DUİ"-də fəaliyyətlərinə xitam verilməsi ilə bağlı qərarları var idi. Onu müzakirə etdik, müsbət qiymətləndirdik və onlara dəstək verdik. Bundan sonra "DUİ"-nin fəaliyyətinə xitam verilməsi haqqında məsələni bir neçə gün müzakirə etdik. Belə qənaətə gəldik ki,"DUİ"-nin fəaliyyətinə xitam verək. Biz çalışdıq ki, dostcasına ayrılmaq nümunəsini göstərək. Amma son ittihamlar göstərir ki, bəzi adamlar davakar, aqressiv xarakterlərini saxlamaqdadırlar. Olmayan məsələləri ortaya atırlar".
"MQP" sədri Vüqar Bəyturan da Ə.Orucovun mövqeyi ilə eyni mövqe nümayiş etdirərək, "DUİ"-nin fəaliyyətinə xitam verilməsini və onların günahlandırılmasını qəbul etmədiyini deyib.
"BAP" sədri E.Musayev isə bildirib ki, "DUİ" ilə bağlı "KXCP"-nin mövqeyi üst-üstə düşür. Yəni E.Musayev də gizli olaraq "İctimai Palata"ya işlədiyini dolayısı ilə qəbul etdiyini söyləyib: "Azadlıq" partiyası ilə "MQP" də "DUİ"-nin fəaliyyətinin dayandırılmasına razılıq vermədilər. Bu, artıq onların öz işləridir. Lakin bizi öz qərarımızdan heç kim döndərə bilməz."
Göründüyü kimi, "birləşdikləri" zaman "qardaşdan" da "irəli" olan bu şəxslər parçalandıqları zaman da "qan düşmənindən" betər düşmənlərə bənzəyirlər. Bu halın mövcudluğu isə daim radikalların iflaslarına doğru atdıqları növbəti addımlardan biridir.

Digər xəbərlər