PDF Oxu

Müxalifət

  • 10

Fuad Qəhrəmanlının yeni partiya yaratmaq arzusu

Fuad Qəhrəmanlının yeni partiya yaratmaq arzusu
Son günlər AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı partiya sədri Əli Kərimova ardıcıl olaraq müxtəlif yollarla ismarıc göndərməkdədir. F.Qəhrəmanlının ismarıcında bildirilir ki, "minbir oyundan çıxan və fırıldaqlarla 18 ilə yaxın partiyaya sədrlik edən Ə.Kərimovun tutduğu kreslonu tərk etmək vaxtı çoxdan olmalıydı. Bu gün artıq partiyanın 3-4 rayon təşkilatında olan 5-10 nəfərlər də AXCP (i)-dən istefa verirlər. F.Qəhrəmanlının Müsavat başqanı İ.Qəmbərovla münasibətləri son bir neçə ayda gərginləşdiyinə görə, o, Ə.Kərimova təkid edir ki, AXCP (i) "İctimai Palata"dan ayrılsın və müstəqil fəaliyyət göstərsin. Ümumiyyətlə, baş verən hadisələr onu göstərir ki, F.Qəhrəmanlı siyasi proseslərdə zəifliyini, itib-batdığını, müstəqil söz sahibi olmadığını birbaşa Ə.Kərimovun ona qarşı qısqanc münasibətində görür. Funksioner bu barədə müxalifət mətbuatındakı çıxışlarında da bunu deyib. Açıqlamasında bildirib ki, fevral ayının sonundan etibarən Ə.Kərimova qarşı açıq fəaliyyətə başlayacaq. Hətta bu istiqamətdə müəyyən hazırlıq işləri də gördüyünü söyləyib: "Artıq AXCP (i)-nin bir sıra fəalları mənimlə birləşməyə hazırdır. Belə ki, "KAXCP", ADP və Müsavatdan bir neçə şəxsi istefa verməyə hazırlaşıb". Əldə olunan məlumatda o da qeyd olunur ki, F.Qəhrəmanlı yeni yaradacağı partiyanın nizamnaməsini hazırlamaqla yanaşı, partiyanın adını da qoyub. O, fikirləşir ki, yeni yaradacağı partiyanın adını "Müasir Azərbaycan Xalq Cəbhəsi Partiyası" ("MAXCP"), yaxud da "Azad Azərbaycan Xalq Cəbhəsi Partiyası" ("AAXCP") qoysun. Eyni zamanda o, hətta partiyada vəzifələri də bölüşdürüb. Belə ki, özünü yeni partiyanın sədrliyinə, H.Kərimovu müavinliyə hazırlayıb. Düzdür, H.Kərimovun AXCP (i)-dən getməsi şübhəli görünsə də, bu, belədir. Çünki o da Ə.Kərimovun özbaşına hərəkətlərindən, şəxsi istəklərinə hesablanmış addımlarından bezib. Maraqlısı odur ki, F.Qəhrəmanlı və H.Kərimov AXCP (i)-dən istefa verərək, yeni partiya yaradacaqlarını İ.Qəmbərova da çatdırıblar. İ.Qəmbərov da onlara gizli işarə ilə dəstək verəcəyini bildirib. Bu dəstək F.Qəhrəmanlı üçün partiyanın maliyyələşməsi, İ.Qəmbərov üçün isə növbəti qondarma partiyanın onun əsarətinə düşməsi deməkdir.

Digər xəbərlər