İsa Qəmbərov “sürprizlər" vəd edir
Müsavat partiyasının başıbəlalı qurultayı yaxınlaşdıqca, partiya daxilində cərəyan edən gərginliklər dayanmadan artmaqdadır. Başqanlıq uğrunda start götürən qruplaşmalararası mübarizədə isə bu posta sahib çıxmaq arzusunda olan namizədlər sıralarını daha da genişləndirməkdədir. Pənah Hüseynovun, Rauf Arifoğlunun, eləcə də, başqan müavinlərinin iddialarına daha birinin də əlavə olunması Müsavatın daxildən parçalanmasına yetərincə şərait yaratmaqdadır.
Məlum olduğu kimi, Türkiyəyə gedərək bir müddətdir ki, "siyasi" fəaliyyətdən kənar qalmış Vurğun Əyyubov İstanbuldan Bakıya ismarıc yollayıb ki, o, tezliklə Türkiyədəki işlərini yarımçıq qoyub Azərbaycana dönəcək və başqanlıq uğrunda qəti mübarizəsini aparacaq. Xatırladaq ki, hələ 2003-cü ildəki prezident seçkilərindən sonra, İsa Qəmbərovun biabırçı məğlubiyyəti Müsavat daxilindəki narazılıqlara stimul vermişdi. Məhz həmin dövrlərdə partiyada yeni başqanın seçilməsi üçün ciddi qarşıdurmalar yaşanmışdı və bu qarşıdurmaların ön planında R.Arifoğlu-V.Əyyubov qruplaşmaları dayanmışdı. Lakin müəyyən hadisələrin dəyişməsi nəticəsində başqanın uzun müddət gözdən itməsi, eyni zamanda, adıçəkilən partiyanın tamamilə fəaliyyətdən kənar qalaraq iflic vəziyyətinə düşməsi bu ziddiyyətlərin zəifləməsinə səbəb oldu. O cümlədən, fəaliyyətsiz bir siyasi təşkilata rəhbərlik etmək istəyən funksionerlərin də marağı tamamilə öldü.
Əslində, bu gün yenidən, başqanlıq uğrunda gedən savaşda İ.Qəmbərovun adının hallanması bilavasitə onun "taktiki" gedişlərindəndir. V.Əyyubovun "vuran kart" qismində anidən ortaya çıxması da İ.Qəmbərovun bu "taktikasıdır." Yəni Türkiyədən geri dönməyə hazırlaşan V.Əyyubovun Müsavat başqanı ilə sövdələşməsi olub və bu sövdələşmənin arxasında gizli planların dayanması şəksizdir. Təbii ki, qurultaya qədər "yeniliklərin" baş verməsi fonunda cərəyan edən hadisələrin də bundan sonra reallaşacağı sirr deyil...
İ.Qəmbərovun "Yeni Müsavat"a verdiyi açıqlamasından da bəlli olur ki,"sürprizlər" dedikdə, o, nələri nəzərdə tutur.
Məsələdən xəbər tutan partiyadaxili opponentlər - P.Hüseynov və R.Arifoğlu da boş dayanmayıb. Onlar digər radikal müxalifət partiyalarından özlərinə sıx dəstək axtarmaqla məşğuldurlar. Bundan bərk narahatlıq keçirən adıçəkilənlər, eyni zamanda, bir-birilərinə qarşı da ehtiyatlı tədbirlər görməklə məşğuldurlar.
Bir sözlə, Müsavat daxilindəki proseslər, onu deməyə əsas verir ki, qurultaya qədər bu partiyanın ayaqda qalması böyük sual altında qalıb. Bu sualın çözülmə variantı isə birdir - İFLAS.