Əhməd Orucov müxalifətə qarşı təkbaşına mübarizə aparacaq
Radikal düşərgədəki son proseslərin nəticəsi artıq öz sonluğunu yaşamaqdadır. Belə ki, müxtəlif vasitələrlə öz "varlıqlarını" beş-on nəfərlik elektorat qalıqlarına göstərməyə səy göstərən partiya sədrləri yaratdıqları qondarma qurum və bloklarla sığortalamaq fikrindədirlər. Eyni zamanda, axır vaxtlar müxtəlif beynəlxalq xarici təşkilatlardan da pənah umaraq dilənçilik səviyyəsinə düşmüş radikalların cəhdləri hələ də onların düşündüyü "müsbət nəticəni" verməməkdədir. Bu və digər səbəblər üzündən "ortada qalan" təsiri bağışlamış radikal müxalifət mənsubları siyasi arenadan silinməmək üçün bütün vasitələrdən, o cümlədən, sərt tipli aşağılayıcı ittihamlardan belə çəkinmirlər. Belə ittihamlardan biri də "Azadlıq" partiyasının sədri Əhməd Orucov tərəfindən səsləndirilməkdədir.
Belə ki, bu gün "Azadlıq" partiyasının sədri Ə.Orucov digər bir iddia ilə çıxışda bulunub. Partiyasına yaxın mətbuat səhifəsində açıqlamaları ilə çıxış edən partiya sədri bildirib ki, düşərgədə fəaliyyət göstərən qüvvələrə qarşı təkbaşına da mübarizə apara bilər. O, iddia edib ki, bütün gücünü ortaya qoyaraq, onların hər birisini ayrıca olaraq siyasi səhnədən ya siləcək, ya da özünə tabe edəcək. Məsələn, "İctimai Palata"nın daxilində müəyyən vasitələrdən istifadə edərək, öz tərəfinə adamlar cəlb edib, bu qurumun daxilində ardıcıl çaxnaşmalar yaradıb oranı param-parça edəcək. Məsələnin maraqlı məqamlarından biri də odur ki, Ə.Orucov bu tipli açıqlamalarını, deyərdim, hədələrini açıq-aşkar şəkildə bəyan edir və demək olar ki, planlarını açıq formada həyata keçirməyi düşünür.
Ə.Orucovun qəti açıqlamalarından ehtiyat edən radikal müxalifətin səlahiyyətliləri cavab addımı atmaq üçün bir qərara gəlmək istəsələr də, hələ ki, susmağa üstünlük verməkdədirlər. Həmçinin, onu da vurğulamaq mümkündür ki, keçən həftənin sonlarında toplaşmış "6-lığ"ın mətbuatdan gizli saxlamağa cəhd etdikləri mövzulardan biri də, bilavasitə, Ə.Orucov problemidir. Daha dəqiq desək, onunla aparılacaq "mübarizə kampaniyasıdır". Çünki nə mitinq, nə də ki, piket keçirmək imkanlarına, resurslarına malik ola bilməyən radikal müxalifətin partiya sədrləri, əslində, bir növ blef edərək, əsas məsələnin "Azadlıq" partiyasının sədrinə qarşı olduğunu gizlətmək üçün əllərindən gələni etməyə cəhd ediblər. Bunun nə qədər və necə başa çatmasını isə bizdən gözləmək qalır... Hər şeyi zaman göstərəcək...