Müxalifətin unudulan "liderləri"
Hazırda radikal müxalifət düşərgəsində ziddiyyətli proseslərin davamlı şəkildə cərəyan etməsi oradakı səlahiyyətliləri "özünüsığorta" variantlarına əl atmağa vadar edir. Bir tərəfdən radikal "lider"lər pafoslu bəyanatlarında öz təbirlərincə "ictimai rəy" formalaşdırmağa cəhd edirlər, digər tərəfdən isə süpürülüb atılmaq qorxusu onların canlarına vahimə salır. Həmin proseslərdən aydın görünür ki, radikalların seçkilərdən- seçkilərə doğru nəyə isə ümidlənmələri nəticədə ümidsizlik sindromu ilə başa çatır.
Məsələn, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu əlində gündəlik qəzet ola-ola, əlavə xeyli çap və internet mediası olmasına baxmayaraq, sonuncu parlament seçkiləri zamanı xoflanaraq, bəyan etmişdi ki, guya ona qarşı nəinki digər qəzetlərdə, eləcə də, baş redaktoru olduğu "Yeni Müsavat"da qara piar kampaniyası aparırlar (?) R.Arifoğlunun bu cür cəfəngiyyat danışması onun nə dərəcədə xoflanmasına sübutdur. R.Arifoğlu iddia edirdi ki, guya bir neçə adam əlində ona qarşı yazılmış yazı materiallarını çoxaldıb qəzet redaksiyalarını gəzir və kompramat materialları çap etdirmək istəyirmiş, lakin heç bir qəzet buna razı olmayıb. Həqiqətən də, gülməli arqumentdir... Birincisi, əgər bu adamlarda belə ciddi materiallar var idisə, Arifoğluna qarşı çıxan müxalifət qəzetləri bunun üçün yalvarardı, çünki həmin qəzetlər süni olsa belə "rezonans" yaratmaq, "sensasiya" doğurmaq üçün belə materialları göydə axtarır. İkincisi, ola bilməz ki, belə materialları kimlərsə qapı-qapı gəzdirsin, çünki müasir zamanımızda informasiya texnologiyası sürətlə inkişaf edib, yəni XXI əsrdir. Bundan əlavə, həmin "yazıları" yerləşdirirsən internet saytlara, oradan bütün media götürüb yayır. Göründüyü kimi, uydurma cəfəngiyyatla xalqın gözündə təzyiqə məruz qalmış "qəhrəman" obrazı yaratmaq istəyən Rauf Arifoğlunun ya seçkiqabağı, ya da seçkilərdən sonra psixoloji, siyasi və digər vəziyyətləri onu qorxuzmaqda davam edir.
Və ya götürək AXCP (i) sədri Ə.Kərimovu. Bu adamın rəqibləri onun ermənilərlə işbirliyini açıq çəkildə sübut etmədimi? Müxalifətdəki "dost"ları erməni mediasının Ə.Kərimova nədən dəstək verdiyini qabartdılar və məsələ tamamilə aydın oldu. Bizim media da erməni mediasına istinadla bu xəbərləri yaydı və Ə.Kərimovun onsuz da pis və biabırçı olan siyasi reputasiyası bir qədər də qəlizləşdi.
Müxtəlif qondarma toplantılarda Ə.Kərimov danışıb pafoslu çıxışlar etdiyi zaman "ağzına çullu dovşan sığışmır". Bir zamanlar, hətta "prezidentlik" davası edən adam indi adicə deputat belə ola bilmədi. Və nəyə görə də o, millət vəkili olmalı idi? Sözügedən adamın deputat olması, xalqın sözçüsü olmasına nə ixtiyarı, nə də ki, səlahiyyəti var. Hər halda xalq bu siyasi manqurtu yaxşı tanıyır. Bir də ki, AXCP (i)-nin bir "liderini" belə deputat seçdirmək üçün gücü çatmırsa, o zaman bu partiya və onun "lideri" kimə və nəyə lazımdır ki? Sonra da deyirlər ki, bəs "ölkədə demokratik şərait yoxdur, bizə təzyiq edirlər-filan".