Mətbuatımızın qara ləkəsi
Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə o qədər qarmaqarışıq vəziyyət var idi ki, bu vəziyyəti yaradanlar bu gün də bu arzu-niyyətdədirlər. Lakin bu gün Azərbaycan elə bir güclü dövlətdir ki, hər hansı adamlar ona heç bir xələl gətirə bilməz. Onların bu cəhdləri korun buz üstündə yeriməsi kimi bir şeydir. Bu bədxah qüvvələrin gücü başqa bir şeyə çatmadığına görə, ancaq öz qəzetlərində dövlətçiliyimizə, millətimizə böhtanlar yağdırmaqla məşğuldurlar. Bu qəzetlərin içərisində "Yeni Müsavat", "Azadlıq" və "Bizim yol" qəzetləri başda durur.
"Yeni Müsavat" Azərbaycan mətbuatına yalanlar, böhtanlar, təxribatlar toxumu səpən qəzetdir. Daha doğrusu, bu günkü mətbuatımızın qara ləkəsidir. "Yeni Müsavat" heç vaxt müstəqil qəzet olmayıb, bu gün də deyil, sabah da müstəqil olmayacaq. Ona görə ki, bu qəzet birbaşa İsa Qəmbərovun inhisarındadır. Qəzetin baş redaktoru Rauf Arifoğlu, faktiki olaraq, İ.Qəmbərovun diqtəsi ilə oturub-durur, onun ideyalarını təbliğ edir. Bu ideologiya isə antiazərbaycançılıqdan başqa bir şey deyil. Bəs R.Arifoğlu nə üçün azad deyil? Əvvəla, ona görə ki, "Yeni Müsavat" qəzeti də Müsavat partiyası kimi düşmən pulları ilə fəaliyyət göstərir. Hər altı aydan bir Müsavat partiyasına xarici təşkilatlardan qrantlar ayrılanda, bunun bir hissəsi "Yeni Müsavat" qəzetinə verilir. Yəni bu qəzetin maliyyələşməsi birbaşa İsa Qəmbərovdan asılıdır. Azərbaycan mətbuatına olmayanları yazmaq ənənəsini, bütün dövlətə qarşı düşmən mövqe sərgiləmək siyasətini, özlərindən başqa hamını söymək ənənəsini "Yeni Müsavat" qəzeti gətirmişdir. R.Arifoğlu bir növ İ.Qəmbərovun təbliğat maşınıdır. Özü demişkən, "makina"lar isə uzunömürlü olmur, ya dişi qırılır, ya da gözü tutulur. Bax, o anda heç kəs onu təmir edə bilmir. Mən bütün dişiqırıq makinaları zibilliyə atılan görmüşəm.
"Balıq başdan iylənər" məsəlini çəkib, "Azadlıq" qəzetindən bir-iki şey yazacam. Qəzetin lap başında duranı guya Azər Əhmədov idi. O da azyaşlılara təcavüz edən, pozğunun biri olduğunu tam detalları ilə hər kəsə sübut etdi. Bu qəzetdə Ə.Kərimovun xüsusi monopoliyası var ki, bu da bütün yaxşılara qarşı yönəlib. Baş redaktor isə Qənimət Zahid onu-bunu təqlid etməkdən, yamsılamaqdan başqa heç nə bilmir. Hansı ölkədə Azərbaycan əleyhinə nə deyilirsə, kim ölkəmiz barəsində pis danışırsa, "Azadlıq" qəzeti böyük həvəslə bunu dərc edir, Azərbaycana düşmən münasibətdə olduğunu bir daha göstərir. Mən həmişə demişəm, bir daha deyirəm ki, xüsusilə, "Yeni Müsavat" və "Azadlıq" qəzetləri çayxana söhbətlərinin, hədyanların, şəxsi ambisiyaların, gopologiyanın, qondarma fikirlərin, ona-buna şər atmanın, şantaj etmənin kağız səhifələrindəki əksidir. Onların insanların şərəf və ləyaqətinə qarşı yönəlmiş böhtanları öz başlarında çatlayanda, quyruqları qapı arasında qalanda üz tutmağa bir yerləri də qalmır.