PDF Oxu

Müxalifət

  • 11

İsa Qəmbərovun “şou-biznes metodları”

İsa Qəmbərovun “şou-biznes metodları”
Son günlər müxalifət düşərgəsində radikal partiya sədrləri əvvəllər gündəmdə olan məsələləri yenidən gündəmə gətiriblər. Xüsusilə də, bildirirlər ki, düşərgə daxilində durumu daha da gərginləşdirən açıqlamalardan sonuncusu Müsavat başqanına məxsusdur.
İsa Qəmbərovun müxalifət liderlərinin agent adlandırması düşərgədə çaxnaşma yaratmaqdadır. Politoloqlar məsələyə münasibət bildiriblər. Bu və digər məsələlərlə bağlı bir sıra politoloqlar, o cümlədən, Cümşüd Nuriyev münasibət bildirərkən, vurğulayıb ki, İsa Qəmbərov ranqında olan siyasətçi Milli Təhlükəsizlik Nazirliyinin hansısa əməkdaşı haqqında xoşagəlməz ifadə işlədir: "Partiya sədri hökumət üzvləri ilə təmasda olmaq imkanında olmalıdır. Söhbət xarici agenturadan gedirsə, bu, araşdırılmalıdır. İsa Qəmbərov bildirir ki, xaricə işləyən agentlər var. Amma bu adam başa düşmür ki, müxalifətin əsas işi, hökumət öz vəzifəsini yerinə yetirməyəndə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarət olmalıdır. Məsələ qaldırmalıdır ki, baxın filankəs Rusiyaya işləyir, amma MTN tədbir görmür. Yəni o, bu barədə ad çəkməklə ictimaiyyəti məlumatlandırmalıdır".
Eyni zamanda, BXCP sədri Qüdrət Həsənquliyevin də fikirləri maraq doğrucudur. Onun arqumentlərinə görə, İ.Qəmbərovun sonuncu açıqlamasında dolayısı ilə ad çəkmədiyi bildirilir: "Faktiki olaraq, "Ümid" partiyasının sədri İqbal Ağazadənin və ALP lideri Lalə Hacıyevanın müsahibələri ilə bağlı deyib ki, onun fikirləri hədəfə dəyib. Amma onun borcu idi ki, açıq şəkildə fikir bildirsin. Əslində, bunlar demaqogiyadan başqa bir şey deyil. Onların gündəmdə qalmağının başqa yolu yoxdur. Baxırlar ki, bir qrup şou-biznes adamları qalmaqallar yaradır, bir-biriləri ilə bağlı şok açıqlamalar verirlər. Görünür, İsa Qəmbərov da bu metodun cəmiyyətdə geniş yayıldığını bildiyi üçün ondan faydalanmaq istəyir. Amma uğursuz bir taktikadır".
Göründüyü kimi, İsa Qəmbərovun ittihamlarına müxalifət liderlərinin cavabı gecikməyib. Elə yerində və zamanında deyildiyi kimi, ALP lideri L.Hacıyevanın verdiyi cavabı da məqamında deyilmiş fikirlərdəndir: "İsa Qəmbərovun yenidən ortaya atdığı bu söhbətləri qeyri-ciddi hesab edirəm. Mən təəccüb edirəm ki, bəzi siyasətçilər bu mövzunu necə ciddi müzakirə edirlər? Nəyə görə? Birincisi, məlumdur ki, xarici ölkələrə işləyən agent, casus, yəni şəxsi mənafeyinə, pula görə öz milli maraqlarını satan insan, nəinki alçaqdır, həm də cinayətkardır. Bu məsələ ilə əlaqədar əgər hər hansı şəxsdə sübut və sənəd varsa, onu dərhal Milli Təhlükəsizlik Nazirliyinə təqdim etmək onun borcudur. Əks-təqdirdə, bu özü ağır dövləti cinayətdir".
Qeyd edək ki, L.Hacıyevanın fikri onun özü tərəfindən sualla qoyulur: "Bu mövzunu yenidən gündəmə gətirməklə, İ.Qəmbərov hansı yeniliklər etmək istəyir? Son illərdə, məhz Müsavat başqanının, ya da bəzi funksionerlərinin dilindən bu məsələ ya birbaşa, ya dolayısı ilə vaxtaşırı yenidən gündəmə gətirilir. Həmin açıqlamada çox siyasətçinin adı çəkilib, mən də içində olmaqla. Demək olar ki, Azərbaycan müxalifətində bir nəfər siyasətçi qalmayıb ki, İ.Qəmbərov onu "agent" adlandırmasın".
L.Hacıyeva son olaraq deyib ki, bu gün Müsavat rəhbərliyi tərəfindən bolşevik təfəkkürlü üslubdan istifadə etmək, məhz Müsavatın tarixinə xəyanətdir, funksionerlərin çoxu bu işlərdən narazıdır.
Göründüyü kimi, radikal müxalifət liderləri əsas fəaliyyət istiqaməti kimi bir-birinə qarşı sərt ittihamlar yolunu seçiblər. Bu səbəbdən də, düşərgə daxilində birgə fəaliyyət təklifləri baş tutmur, siyasi fəaliyyətdə hər hansı bir uğur əldə oluna bilmir. Azərbaycan müxalifəti günahı başqa yerdə axtarmağa adət edib. Amma atalarımız demişkən, "meymun baxar güzgüyə, adın qoyar özgüyə".

Digər xəbərlər