Sülhəddin Əkbər də İsa Qəmbərovun rus agenti olduğunu təsdiqlədi
Sülhəddin Əkbər Müsavatdan istefa verən şəxslər arasında yeganə adam idi ki, bu vaxta qədər rəsmi heç bir şey danışmırdı. Ümumiyyətlə, onun bundan sonrakı mövqeyi sirr olaraq saxlanılırdı. Lakin o, qəfildən danışdı və İsa Qəmbərovun maskalarından birini də cırmağa nail oldu. S.Əkbər İ.Qəmbərovu qeyri-müstəqil siyasətçi, Rusiyanın bəzi dairələrinin tapşırığı ilə hərəkət edən adam adlandırdı. O bildirdi ki, İ.Qəmbərov Rusiyanın "Azərbaycanda həyata keçirmək istədiyi "B" planına daxildir və İ.Qəmbərov bu plana uyğun hərəkət edir. Nəzərə alsaq ki, S.Əkbər sirr saxlamağı bacarır və məlumatlı insandır, deməli, deyilənlər düzdür. Həm də o, 1992-ci ildə milli təhlükəsizlik nazirinin müavini vəzifəsində işləyib. Belə baxanda, mən, ümumiyyətlə, onun hansı yuvanın quşu olduğunu bilmirəm. S.Əkbərin İ.Qəmbərov haqqında dedikləri onun qorucu mələyi Arif Hacıyevi qıcıqlandırıb. A.Hacıyev o qədər əsəbləşib ki, S.Əkbərin ünvanına olduqca nalayiq söyüşlər, təhqirlər səsləndirilib. İ.Qəmbərova yaxın adamdan aldığımız məlumata əsasən, o, olduqca bədbinləşib və vaxtilə S.Əkbərova açdığı sirlərinə, etibar etdiyi məsələlərə görə peşmançılığını dilə gətirib. Hətta o, belə bir şey də deyib ki, mən gərək Rusiya ilə olan münasibətlərimi onun yanında açmayaydım. İ.Qəmbərov bu haqda üzüağ danışa bilməyəcəyini anladığı üçün alnıkölgəlikdən çəkinməyən A.Hacıyevə göstəriş verib ki, S.Əkbər barədə maraq doğuran dezinformasiyalar versin və fikrini əsaslandırsın. Buna görə də A.Hacıyev deyib ki, 1992-ci ildə S.Əkbər mənimlə dostluğuna və bəzi adamlara yaltaqlandığına görə, milli təhlükəsizlik nazirinin müavini vəzifəsinə təyin olunub. O, S.Əkbəri "cılız insan" bənzətməsindən tutmuş "xəyanətkar şpion" ifadəsinə qədər "tərifləyib". A.Hacıyev "Yeni Müsavat" qəzetinin əməkdaşlarından biri ilə söhbətində qeyd edib ki, qəzetdə S.Əkbərin əleyhinə güclü kampaniya getməli və onun keçmiş fəaliyyəti ilə bağlı qaranlıq məqamlar qəzet səhifələrinə çıxmalıdır. Bu, həm də onun tərəfdən S.Əkbəri təhdid etməkdir. Çünki S.Əkbər yaxın dostlarından biri ilə söhbətində dönə-dönə deyib ki, bu yaxınlarda İ.Qəmbərovun gizli siyasi fəaliyyəti və konkret olaraq kimin agenti olduğu barədə sensasion məlumatlar verəcək. Proqnozlarımız özünü doğrultdu. Demişdik ki, Müsavatdan istefa verənlər arasında İ.Qəmbərovun ən çox qorxduğu adam S.Əkbərdir. Çünki onun xarakterində A.Hacıyevin dili ilə desək, "şpionluq" var. A.Hacıyevin ona hücum çəkməsi də təsadüfi deyil, elə buna görə də, bu "iş" ona tapşırılıb. Onunla S.Əkbər arasında bir neçə ildir ki, gərgin münasibətlər var. Bunun isə kökündə A.Hacıyevin Müsavatda monopoliya yaratmaq cəhətləri dururdu. Məhz bunun nəticəsidir ki, tanınmış müsavatçılar partiyadan istefa verdilər. Maraqlısı odur ki, bu istefa verənlərin o qədər narazılıqları olub ki, onlar istefa verən kimi dərhal, özü də ardıcıl olaraq İ.Qəmbərovun simasında bütün radikal müxalifəti, o cümlədən, Müsavatı yıxıb sürüdülər".
Amma hər kəsin bildiyi və açıq-aşkar gördüyü odur ki, İ.Qəmbərov heç vaxt müstəqil qərarlar verməyib və həmişə müəyyən qüvvələrin diqtəsi ilə oturub-durur. S.Əkbər bu məsələdə də haqlıdır. O bilir ki, Rusiyadan İ.Qəmbərova tapşırıq verənlər onun Fransadakı, Almaniyadakı və ABŞ-dakı erməni, "daydayı"larının dostları və məsləkdaşlarıdır. Yəni Azərbaycanın düşmənləridir. Nə qədər hay-haray eləsən də, bu, belədir. S.Əkbərin bu fikrini müdafiə edənlər də az deyil. Məsələn, Pənah Hüseynov deyib ki, yəqin S.Əkbər bunu başqa məqsədlə deyib və mən onun fikirlərinə hörmətlə yanaşıram. Bu S.Əkbərin mövqeyinə açıq da olmasa "dəstək mesajı" deyilmi?! Və yaxud da AMİP-in Milli Şurasının sədri Adnan Novruzov Yusif Bağırzadədən İ.Qəmbərova görə üz çevirməyibmi?! Bu dəqiqə A.Novruzovla Y.Bağırzadə şüşə kəsiyi kimi bir-birilərinin ləyaqətlərini kəsib doğrayırlar.
Hər fikir, hər bəyanat radikalları bir-birilərinə qırdırır. Təki qırılmayanlar bu qırıq əqidələrin güdazına getməsin. Bəlkə kiminsə vicdanı baş qaldırıb (radikalların öz içindən) bütün bunların qarşısına sipər çəkə. Onsuz da biz söz deyəndə, deyirlər ki, "ay Avropa, qoyma bizi öldürdülər!".