PDF Oxu

Müxalifət

  • 14

Etibar Məmmədov niyə İngiltərəyə gedib?

Etibar Məmmədov niyə İngiltərəyə gedib?

Radikal müxalifət düşərgəsində növbəti ölkəni tərketmə addımı atıldı. Belə ki, düşərgə daxilində, eləcə də, düşərgədaxili sədr-lider qarşıdurmaları nəticəsində AMİP-in "lideri" Etibar Məmmədov başını götürüb İngiltərəyə qaçdı. Əslində, bu kimi xəbərlərin radikal müxalifət düşərgəsindən yayılması gözlənilən hallardan idi. Çünki belə vəziyyətlər daha öncələr də baş vermişdi. Lakin AMİP-də baş verənlərin bilavasitə Etibar Məmmədov adı ilə bağlanması ətrafında maraqlı məqamlar mövcuddur. Burada onun biznes fəaliyyəti daha çox qabardılsa da hadisələr ətrafında başqa nüanslar da mövcuddur ki, bu da E.Məmmədovun AMİP sədri Yusif Bağırzadə və funksioner Əli Orucovla bağlı yaşanan problemləridir...

Partiya ortağı və ya biznes şəriki

Məsələ ondadır ki, sonuncu iki şəxs E.Məmmədovun qurduğu şəxsi biznes fəaliyyətinə şərik kimi qoşulmağı ondan tələb etmişdilər. Lakin E.Məmmədov müəyyən vasitələrlə, müəyyən üsullarla onlarla yalnız siyasi müstəvidə əməkdaşlıq edəcəyini vurğulamışdı. Bu cavab nə Yusif Bağırzadəni nə də Əli Orucovu qane etməmişdi. Nəticədə hər iki AMİP yetkilisi müxtəlif vasitələrlə Etibar Məmmədovun gördüyü ticari işlərini onlara işləyən müxalifət qəzetlərində yaymağa başladılar. Eləcə də, AMİP liderinin "ACP" sədri Rəsul Quliyevlə olan gizli "alış-veriş" məqamları da bir sıra AMİP-meyilli qəzetlərdə üzə çıxarılmışdı. Bu olaylar baş verdikdən sonra, E. Məmmədovdan məsləhət almadan "İctimai Palata"ya üzv olan AMİP -də vəziyyət getdikcə daha da qəlizləşdi. Bildiyimiz kimi, E. Məmmədovun həm Müsavat başqanı İsa Qəmbərovla, həm AXCP (i) sədri Əli Kərimovla, həm də orada cəmləşən digər partiya və ictimai birlik sədrləri ilə düşmən mövqeləri mövcuddur. Bunu nəzərə alan Y. Bağırzadə öz tərəfdarları ilə məsləhətləşərək E. Məmmədovdan məhz bu yolla qisas almağı düzgün yol kimi qəbul etdi. Buna baxmayaraq, E.Məmmədov mətbuata verdiyi açıqlamalarında AMİP-in "İctimai Palata"ya üzv olmasını öz təbirincə, neqativ hal kimi dəyərləndirmədi. Daha dəqiq desək, növbəti gizlin əməllərinin, biznes fəaliyyətlərinin üzə çıxmaq qorxusu onun susaraq, guya buna razı olduğunu sərgilədi. Lakin AMİP "liderinin" bu susqunluğu da heç nəyi həll etmədi. Yəni Y.Bağırzadə ilə Ə. Orucov E. Məmmədova qarşı yürütdükləri "səlib yürüşü"nü daha şiddətlə davam etdirməyə başladılar. Bir sözlə, E.Məmmədov sıxışdırılaraq, get-gedə kənara doğru sürüklənməyə başladı. Maraqlıdır, əgər o, bütün hallarda özünü "güclü lider" hesab edirdisə, onda nəyə görə həm maliyyə tərəfindən, həm də digər üsullardan istifadə etmədi? Axı istənilən vəziyyətdə nə Y. Bağırzadə nə də Ə.Orucov E. Məmmədov üçün elə də güclü partiyadaxili struktur deyildi. Və ən azı E. Məmmədov onların əlindən İngiltərəyə qaçmaya da bilərdi...

Müavin qorxusunun səbəbləri və ya İngiltərəyə qaçışın məqamları

Bu və digər məqamlara diqqət yetirdikdə istər-istəməz keçən əsrin 90-cı illərinə nəzər salmalı olacağıq. Belə ki, hələ 1998-ci ilin prezident seçkiləri öncəsi özünü müxalifətin "ən optimal namizədi" hesab edən Etibar Məmmədov öz kürəyini Qərbin müxtəlif donor fondlarına "söykəmişdi". Hələ o zamanlar (ondan sonra da) mərkəzi ofisi məhz İngiltərədə olan "Vest Mistr" təşkilatı ilə gizli əlaqələrdə olan AMİP "lideri" dəfələrlə bu təşkilatdan maddi vəsaitlər almışdı. Bu vəsaitlərin hara və necə xərclənməsi istiqamətini də yalnız adıçəkilən xarici təşkilat müəyyənləşdirirdi. Az-çox o zamanlarda baş verən siyasi-ictimai hadisələri xatırlayanlar AMİP-in nə dərəcədə dağıdıcı, radikal (indi də belədir) mövqe nümayiş etdirməsini unutmaya bilməzlər. Lakin hər zaman olduğu kimi, adıçəkilən xarici təşkilat bu partiyanın qarşısında "vəzifə öhdəçiliyi" qoymuşdu ki, bu da AMİP-in sonda nəyə "qadir" olduğunu tam çılpaqlığı ilə ortaya qoydu. Lakin burada əsas məqamlardan digəri də odur ki, E. Məmmədovun gizli danışıqları sonradan onun müavini tərəfindən üzə çıxarıldı. Bu, o zamankı müavin İlqar Məmmədov idi. Məhz İlqar Məmmədov Etibarın gördüyü bütün örtülü məqamları ortaya çıxardıb onu dağıdıcılıqda, anarxiyaya meyillikdə suçladı. Xüsusilə, vurğulamaq yerinə düşərdi ki, E. Məmmədovun o zamankı müavini də onun təzə-təzə qurduğu biznesinə şərik qoşulmaq istəyində olmuşdu. Və onda da AMİP-in o zamankı sədri biznes fəaliyyətində təkbaşına işlədiyini bəhanə edərək, müavininə dolayısı ilə rədd cavabı vermişdi. Sonda da yuxarıda qeyd etdiyimiz kimi E.Məmmədovun "sandığı açıldı, pambığı töküldü". Lap bir neçə gün bundan öncə olduğu kimi. Artıq AMİP "lideri" öncə yaşananların təkrarlanmaması üçün, öz müavinləri tərəfindən növbəti dəfə "vurulmamaq" üçün qabaqdangəlmişlik edərək, xilasını İngiltərədə tapmağa getdi. Getməyinə getdi, amma vay o getməyin halına ki, yerində bir yığın partiyadaxili çaxnaşmalar və biabırçılıqlar qoydu...

P. S. Görünür, E.Məmmədovun İngiltərəyə getməsinin arxasında daha bir neçə faktlar mövcuddur. Bu barədə, yəqin ki, tezliklə məlumatlanacağıq. Çünki bu cür hallar baş verdikdə, radikal müxalifətdə "dedi-qodu" kampaniyasına start verilir. Axı bildiyimiz kimi, onlarda ağzıbütövlük amilləri mövcud deyil. Yəni ki, hülqumları yoxdur...

Digər xəbərlər