AXCP (i) sədrinin müşaviri və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib
Dünən Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Dünənki iclasda təqsirləndirilən şəxslərdən - Racu Mehrəliyev və Elnur Mirzəliyevin vəkilləri dövlət ittihamçısının çıxışına münasibət bildiriblər. Yeri gəlmişkən, qeyd edək ki, ötən iclaslarda dövlət ittihamçısı Hüseyn Qurbanovun 13 il 6 ay, Elnur Mirzəliyev, Qabil Məmmədrzayev, Mirzə Ağayevin 13 il, Racu Mehrəliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan əlavə zərərçəkmiş şəxsin mənzilindən götürülən pulların geri qaytarılması da tələb olunub. Racu Mehrəliyevin vəkili Nəsir Əliyev isə dünənki iclasda hökm çıxararkən müdafiə etdiyi şəxsin ailəsinin maddi durumunu, onun gənc olmasını və ilk dəfə məhkum olunmasının nəzərə alınmasını məhkəmə heyətindən xahiş edib. Elnur Mirzəliyevin vəkili isə onun barəsində 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə, daşıma və ya göndərmə) maddə üzrə bəraət verilməsini və hökm çıxararkən yüngülləşdirici halların nəzərə alınmasını xahiş edib. Proses bu gün keçiriləcək iclasla davam etdiriləcək.
Xatırladaq ki, Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğluna qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. Onlara qarşı ittiham aktında göstərilir ki, bu şəxslər 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilə basqın edərək quldurluq yolu ilə külli miqdarda əmlakı ələ keçiriblər. İbtidai istintaq zamanı məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. Yeri gəlmişkən, onu da əlavə edək ki, Qabil Məmmədrzayev həbs olunan günə qədər AXCP (i) sədri Əli Kərimovun müşaviri işləyib.